Sentyabrın 9-da Bakı Dənizkənarı Milli parkında “Nargis” komandasının "Make the Earth Smile"resaykling sərgisinin rəsmi açılışı olacaq.
"Nargis" Nəşriyyat Evi ətraf mühitin qorunması probleminə həsr edilmiş sərgi təşkil edir. Layihə çərçivəsindəsəkkiz heykəltəraş müxtəlif istehsalçıların tullantılarından qurulmuş 13 instalyasiya təqdim edir. Sərgi "Nargis" jurnalının "Ekologiya" mövzusuna həsr olunmuş 63-cü sayı ilə eyni vaxta təsadüf edir. Jurnalın üz qabığındakı fotoda – IDEA-nın təsisçisi Leyla Əliyevadır.
“Nargis” komandası – ətraf mühitə laqeyd olmayan insanlardır. “Nargis” ekoloji brendləri dəstəkləyir, təbii sərvətlərə qənaət edir, eyni zamanda, geniş oxucu kütləsi qazanmış bir nəşr olaraq, hər birimizin Ana-Yer kürəsinin qorunmasını təşviq və təbliğ etməkdə məsuliyyətini hiss edir.
“Make the Earth Smile” adlı ekoloji layihə – insanın həyat fəaliyyətinin 13 ən vacib, Yer kürəsinə xüsusilə zərər verən böhranlı sahəsini özündə əks etdirən 13 instalyasiyadır. Layihənin məqsədi – gənc nəsli müsbət nəticələrlə yekunlanan yeni həyat tərzinə alışdırmaqdır. Sərgidə ətraf mühitə kömək etmək üçün hər birimizə tövsiyə olunan 13 faydalı vərdiş təsvir edilən “Nargis” kitabçaları paylanacaq.
Rəşad Ələkbərov, Orxan Hüseynov, Kənan Əliyev, Sabit Zamanov, Teymur Qəribov, Fərid Rəsulov, Nurəli Şahbazov, Nazim Şükürov öz instalyasiyalarını onlara tərəfdaşlıq edən Aquavita, Ay Qonşu, AzərEnerji, Azersun, Azərbaycan Xəzər Dəniz Gəmiçilik (ASCO), Baku Steel Company, Caspian Drilling Company Ltd, Coca-Cola, Dr. Cahid Şahbazov, Gilan Holding, Nargis Publishing House və Veysəloğlu Qrup ilə birgə yaradıblar.
Bu, “Nargis” komandasının təşkil etdiyi ilk sərgi deyil: bu ilin aprel ayında İstanbulda, “Nargis” Nəşriyyat Evi, jurnalın mövcud olduğu altı il ərzində çəkdiyi eksklüziv fotoşəkillərdən ibarət sərgi təqdim etmişdi, iyul ayında isə Bakıdakı Müasir İncəsənət Muzeyində Women, Children and Well-Being adlı xeyriyyə sərgisi keçirmiş və foto satışından əldə olunan pulun bir hissəsini "Nargis" xeyriyyə fonduna yönəltmişdir.
“Make the Earth Smile” sərgisi doqquz sentyabrdan – beş oktyabr tarixinədək açıqdır. Giriş sərbəstdir.