Zeynəb Cahan: Payız kitabları

 Payız, bu il yavaş addımlarla irəliləyir. Əvvəl o, bizi ingilislər demişkən "hindistan yayı" ilə sevindirdi, sonra isə üstümüzə sözün əsl və məcazi mənasında çəlləklə yağış tökdü! Payızda piroq bişirərlər, yeni saç düzümü edərlər, ideal çay kəşf edərlər, həm də - oxuyarlar! Bir də ki, pəncərədə yarpaqlar tökülənədək mütləq evdə ən azı bir dəfə də olsa isti içəcək ilə şala bürünüb payız kitabı oxumaq lazımdır. Şəxsən mən ətirli şamlar almağı məsləhət görürəm, kitabı isə, əziz Oxucu, zövqünə və əhval-ruhiyyənə görə seç!

img_83820

“Gölməçəyə basmazdan əvvəl olan bir saniyəlik ana bənzəyir: onu qörürsən, lakinartıq heç bir şey edə bilmirsən.” 

Bu il Kazuo Işiguronu hər kəs oxuyur. O, ədəbiyyat üzrə Nobel mükafatı ilə təltif olunub və qeyd ediblər ki, böyük emosional güc romanlarında o, dünya ilə xəyali əlaqə duyğularımızın altında gizlənən uçurumu ortaya çıxarır. Həqiqətən də, bu Yapon əsilli Britaniyalı yazıçı ətrafdakı canlı və cansızlarla olan əlaqələr haqqında düşünməyə vadar edir. Özünün ifadə etdiyi kimi "beynəlxalq" əsərlərin səbəb olduğu bu qədər hissləri elmi fantastika oxuyaraq toplamaq çətindir. Əgər Kazuonun avropasayağı hekayəsinin şərq üslubu sizə maraqlıdırsa, o zaman "Məni buraxma" romanı ilə kəşf etməyə başlamaq lazımdır (redaktorun qeydi “Never let me go” orijinalda "Məni heç vaxt buraxma"). "Time" jurnalına görə ilin ən yaxşı romanı 1923-cü ildən 2005-ci ilə qədər ingilis dilində ən yaxşı 100 romanın siyahısına daxil edilmişdir. Otuz yaşlı Ketinin xatirələrindən ibarət romanın gedişatı insanların transplantasiya məqsədilə canlı orqan donorları yaratmaq üçün klonlaşdırıldığı anti-utopik Böyük Britaniyada baş verir. Uşaqlıq xatirələri, sevgi hekayəsi, dostluq hekayəsi və hər bir şeyə şərtsiz itaətin daxil olduğu bədbin keçmişin həyacanlı təsviri sonda aydınlanır. Bu kitab insanı buraxmır. 

ne-otpus_963

     Zaman zaman bir insanın tək başına qalması pis olmazdı - bunun öz ləzzəti var

Oxucu, yəqin ki, Fransız melanxoliyası üçün darıxıb və artıq "Salam kədər" kitabını da oxuyub, hətta bir neçə dəfə. Narahat olmayın, çünki mən sizə həcminə görə olduqca gülməli, lakin məzmununa görə heç də şən olmayan bir kitab gətirmişəm. Saqan yuxarıda qeyd etdiyim romanın sayəsində 19 yaşında məşhur oldu və "Bramsı sevirsinizmi" yaxud "Bir ay sonra, bir il sonra" kimi bir çox başqa gözəl hekayələr də yazdı. Aralarında depressiyaya düşmüş bir jurnalistin və onu sevən bir qadının hekayəsi unudulub. Romanın qəhrəmanları Gilles və Natalie evli olmasalar da, hekayə "evlilik sonrasından", son dərəcə dəyərli qurbanlardan və özünü doğrultmayan ehtirasdan bəhs edir. Asan oxunur və Saqan bacardığı qədər – sıxıcı olmadan, zərif, bir damla payız hüznü ilə yazır.

"Soyuq suda bir az günəş" kitabını mütləq oxumaq üçün özünüzdə qeyd edin - və razılaşın ki, Fransuazanı sadəcə öz əsərlərini düzgün adlandırdığı üçün sevmək olar.

sagan

       “Xoşbəxtlik - əzabdan gizlənmək demək deyil, onu mövcudluğumuzun hər bir zərrəsinə daxil etmək lazımdır. Yaşamağa dəyər dediyimiz həyat nədir? Bu sualın cavabı yer üzündə yaşayan insanların sayı qədərdir.”

Beləliklə, bu gün kədər haqqında yetərincə danışdıq, indi isə əylənmək vaxıtıdır. Elə yazıçılar var ki, onları bazar günü teatrı kimi ziyarət edirsən. Bəli, məhz teatral pyeslər. Eric-Emmanuel Schmittin novellalar toplusunu daha yaxşı təsvir etmək ola bilməzdi. Axı o, sadəcə yazıçı deyil, həm də dramaturqdur. Onun pyesləri bütün Avropada tərcümə olunur və səhnələşdirilir. Ah, əgər siz elə indicə ürəyinizin səsini dinləyib, özünüzə tənbəllik günü elan edərək kitab oxumaq, film izləmək və isti şokolad içmək üçün evdə qalmaq qərarına gəlmisinizsə, o zaman Schmitt və onun novellalar kitabı sizə mütləq yoldaşlıq etməlidir. Kitab 5 novelladan ibarətdir və "Brüsseldən iki cənab" adlı birinci novellanın şərəfinə adlandırılıb. Belə fərqli hekayələr bir-birinin ardınca, bir nəfəsə oxunur. Əvvəlindən axırına kimi oxuyun (əmin edirəm, sizə yarım gün kifayət edəcək), öz sevimli pyesinizi seçin və dostlarınızla paylaşın. Necə? Asanlıqla! "Brüsseldən iki cənab" kitabını Bakıda, "Əli və Nino" mağazalarından əldə etmək olar.

erikemmanyuel_shmitt__dva_gospodina_iz_bryusselya_1

“Bu franklar nə qədər çılğın xalqdır. Döyüşdə cəsarətli, lakin bir damla kişi ləyaqəti olmayan bir xalq. Xasa əsl frank idi - həmkarı Kurtzun onun arvadını öpməsi əgər bir daha təkrarlansaydı, onunla araları ciddi şəkildə pozulacaqdı.”

Yüzlərlə uydurma xronika Azərbaycan ədəbiyyatının əsas klassiklərindən biri olan Qurban Səidin əslindən müxətlif xəbərlər verir. Onlardan birinə inanmaq və ya Sizi inandırmaq heç istəmirəm. Lakin onun digər (digər dedikdə hər kəsin sevdiyi "Əli və Nino" əsərini nəzərdə tuturam) “Qızıl Buynuzdan olan qız” əsərinə diqqət yetirmək maraqlı olardı. Müəmmalı müəllifin ikinci romanı da dünyanın bir çox dillərinə tərcümə olunub, eyni zamanda türk qızı Aziada və şahzadə Əbdül Kərimin mühacir həyatlarının hekayəsi oxucuları olduqca təsirləndirib. Şərq mədəniyyətinin dünənki dünyasına müəyyən bir səyahət, heç vaxt olmadığı qədər payız günlərinə və eyni əhval-ruhiyyəyə uyğundur. İstanbulun ən yaxşı adətləri ilə tərbiyə almış mülayim Aziada üçün Avropa mədəniyyətinin yad olmasını oxumaq həm gülməlidir, həm də tanışdır - yalnız Bakı oxucusu bu salnamənin duzunu bütün ciddiliyi ilə dada bilər. Şəhərin bütün kitab mağazalarından soruşun!

7f5b41680a18dce99174edf5960ae0ba

“Mənim pasiyentim öz cənazə mərasimində bütün arabaları saymağa başladığında, mən dərmanların şəfavermə gücünü əlli faiz azaldıram.”

"Füsunkar gözlər" məqaləmin sonuna yaxınlaşdıqca qısa hekayələrin ustadını yada salmamaq olmaz, hələ onun qızıl payıza uyğun olan "Sonuncu yarpaq" novellasını heç olmaz. Bu hekayəni lap hər payız oxumaq olar - bezdirmir, zamanını almır. Qısa hekayə bütünlüklə və tamamilə ümidə və ən əsası xeyirxahlığa həsr olunub. Xeyirxahlığı bir neçə sətirdə təsvir etmək qalın kitabların minlərlə səhifəsində təsvir etməkdən daha çətindir. Budur, O. Henry'nin bacardığı şey, buna görə də onun kitabları bu qədər çox oxunur və itaətkarcasına onun sitatlarına müraciət olunur. Bir çəkilmiş yarpaq, onun sözlərinə görə, möcüzələr yaradır və buna inanmaq o qədər asandır ki…

bc2_1458015076

Bilmədən, mən yenə sən oxucunu payız melanxoliyasına qaytardım. Lakin məni dinləmək heç də mütləq deyil. Mən təkrarlamaqdan yorulmayacam: "Kitabı və ətrafındakı insanları elə seçməlisən ki, payızda özünü bahardakı kimi hiss edəsən, eləcə də əksinə. 

Zeynəb Cahan