ALİ MÜDRİKLİK SƏLTƏNƏTİNDƏ

«Döyüş meydanımız kənarda deyil, içimizdədir»

(Dalay-Lama)

Bu zərif qız hər səhər iş kostyumu geyinir. Ona baxanda ağır alpinist geyimində növbəti heyrətləndirici yüksəklikdə çıxıntılardan və dərinliklərdən karabinlə tutunaraq buz baltası ilə yol açdığını, iyirmi dərəcə şaxtada yuxu torbasında yatdığını və qorxmadan buzlu suya baş vurduğunu təsəvvür etmək belə çətindir. Ən böyük arzusunu hədəfə çevirdi və "yerinə yetirildi" deyə qeyd etdi. Rəna Qasımova Himalay dağlarında kainatın mənəvi mərkəzi kimi ehtiram edilən sərt Kaylas dağına qədər uzanan bütün Müqəddəs yolu qət etdi. O, hesab edir ki, dünyanın bütün bilikləri, bütün sualların cavabları məhz oradadır...

ƏSRARƏNGİZ ÖLKƏNİN SİRLƏRİ

Yüksəkliyi və sürəti sevirəm, onlar mənə güc, yaşam aydınlığı və həyat həzzi verir, daxili resursları sərbəst buraxırlar. Həyatım daim uçuşlardan, köçlərdən, dırmanmalardan, yeniliklərə can atmaqdan, əbədi suallara cavab axtarışlarından ibarətdir. Bəlkə də bütün məsələ mənim köklərimdən irəli gəlir: bu köklər Həzrəti Həmzədən – Məhəmməd peyğəmbərin əmisindən başlayır.

Arzum Mahatma Qandi, Ramana Maharşi, Şri Aurobindo və Satya Sai Babanın izindən getmək idi və buna nail oldum. Ancaq ən böyük xəyalım Kainatın mərkəzi, Ali Müdriklik diyarı və səltənəti – əsrarəngiz Kaylas və ya Sumeru dağlarını görmək idi. Kaylas dağının dörd yalı dünyanın əsas dörd tərəfinə uyğun gəlir, onun cənub tərəfindəki çatlar isə formasına görə svastikaya, mənəvi qüvvə rəmzinə bənzəyir. Çoxları hesab edir ki, kəramətli və müdrik insanların səltənəti olan əfsanəvi Şambalanın paytaxtı burada yerləşib.

Tibetin sirlərini açmaq xəyalım gerçəkləşmək üzrə idi. Ləvazimatları hazırladıq, ərzaq və dərman tədarükü gördük. Sabah uçmalıyıq. "Dağlardan daha yaxşı yalnız dağlar ola bilər!" – bu düşüncələrimlə yuxuya getdim və oyandığımda, nəhəng dağların qüdrəti qarşısında donub qalaraq illüminatora yapışdım. Himalay dağının zirvələrinin ağlasığmaz ölçüləri şüurumu mat qoymuşdu... Stüardessanın səsi məni gerçəkliyə qaytardı, biz Nepalın paytaxtı Katmanduya endik. Hazırlıq üçün və Nepalın müqəddəs ziyarətgahlarını – Svayambunatx Stupunu, Bxaktapuru və Patanın qədim paytaxtlarını, Paşupatinatxninin kremasiya edildiyi yeri, Bodnatx Stupunu gəzməyə iki günümüz var idi. Mən orada öyrəndim ki, ağ rəngli qübbə formalı stup beş min il əvvəl olduğu kimi “günbəz” adlanır və dərhal xatırladım ki, ulu əcdadım – babamın babası Sufi Həmid Baba piri “Ağ Günbəz Piri” adlanır. Müsəlman ziyarətgahları haqqında verdiyim bu məlumat nepallı bələdçiləri çox təəccübləndirdi.

İki dinin oxşarlığı bununla məhdudlaşmır. Buddistlər də ibadət vaxtı müsəlmanların namaz qıldığı kimi əvvəlcə diz çökürlər və sonra səcdə edirlər. Müsəlmanlar kimi, buddistlər də ziyarətgahlarının başına dolanırlar.

NAMƏLUM GÜCƏ MALİK YERLƏR

Daha iki uçuş yerinə yetirdik və dəniz səviyyəsindən 3500 metr hündürlükdə yerləşən Semikot qəsəbəsinə gəlib çıxdıq. Yüksəklik dərhal özünü göstərdi, ayaqlarımız keyiməyə, əllərimiz gizildəməyə başladı. Külək hər tərəfdən əsirdi, qalın paltar geyinməli olduq.  Burada biz Avstraliyadan, Almaniyadan, Fransadan, İngiltərədən gəlmiş qruplarla rastlaşdıq. Onlara, “Üzüklərin hökmdarı” filmindəki nağıl qəhrəmanı Gendalfı xatırladan ağ saqqallı və saçlarını toplamış bir kişi başçılıq edirdi. Ümumiyyətlə burada hər şey nağıla bənzəyirdi, sanki tamam başqa bir aləmə düşmüşdük...

Həmin "Gendalf" ilə yol boyu bir neçə dəfə rastlaşmalı olduq və məlum oldu ki, o, 19 ildir Tibeti gəzir. Mənim “19 ildə burada nə ilə məşğulsunuz” sualıma o, “Şambalaya daxil olmaq üçün yol axtarıram” cavab verdi.

Günlər bir-birini əvəz edirdi, biz isə hey gedirdik. Hesablamalarıma görə bütün yol bir ay çəkmişdi. Gündüz bürkü olurdu, amma elə ki, gün batırdı, hava dərhal soyuyurdu. Bir-birindən ovsunlayıcı mənzərələr göz qamaşdırırdı. Ətraf yamyaşıl dona bürünmüşdü, mavi sularında dəfələrlə buzlu vanna qəbul etdiyimiz çayın gurultulu səsi yol boyu bizi müşayiət edirdi. Yol qurtarmaq bilmirdi – meşələrdən, qayalıqlardan keçən bir metr eni olan cığır bəzən ensizləşib yarım metr olurdu, aşağıda isə dərinliyi kilometrdən də çox olan sıldırım qaya var idi. Burada atların çox qəribə bir xüsusiyyəti var, onlar cığırın lap kənarı ilə hərəkət edir. Mən nə qədər öz atımı divarın dibi ilə aparmağa çalışsam da, o, inadla qayanın qırağı ilə gedirdi.

HƏYAT BAHASINA QƏT EDİLƏN YOL

Kiçik dağ kəndlərinin yanından keçir, gündə 10 km yol qət edib məktəbə gedən uşaqlarla söhbət edirdik. Uşaqlar bizə "sevinc bəxş edən gül" təklif edirdi, biz isə mədəni şəkildə imtina edirdik. Sonra Çin malı ilə yüklənmiş öküzlər az qalmışdı bizi dar cığırdan uçuruma itələyib atsın. Gur çaylardan keçirdik, gecələr göy qübbəsindəki ulduz topalarını seyr edib bürcləri tapmağa çalışırdıq... Planetimizin ən hündür dağlıq ərazisinin milyon illər qabaq su altında olduğunu təsəvvür etmək çətindir. Amma Himalayda hər yerdə rast gəlinən saliqramlar bunu qəti şəkildə təsdiqləyir.

Zamanın mövcudluğu yox olmuşdu, biz isə bu sirli yolu – daha doğrusu ali qüvvələrin köməyi ilə keçməyə davam edirdik, çünki bütün yol boyu elə bilirdik ki, bizi kimsə qoruyur.

İlahə Parvatinin son dərəcə gözəl zirvələrinə ehtiramımızı bildirdik. Bu zirvələrə sərt buzlaqlar da deyilir. Bu zirvələr də Kaylas kimi fəth edilməyib. Əfsanəyə görə, tanrı Şiva Kaylas dağında taxt qurub. Bu zirvəni ətrafdakı bütün cihazları söndürə biləcək elektromaqnit sahə əhatə edir. Buranı anomal zona və ya qüvvə sahəsi də adlandırmaq olar. Kaylas yer üzündə ən qədim müqəddəs yer hesab olunur. Əfsanəyə görə, qadınlar ərlərinin onların yanına gəlməsi üçün ilahədən icazə almalıdır, yoxsa o, qadını ərinin yanına buraxmaya bilər. Amma mənə elə gəlir ki, o bizim dırmanmamıza razılıq verdi. Sərhədə çatdıq, Çinin sərhəd nəzarətini rahatlıqla, yubadılmadan keçdik və Tibet aləminə qərq olduq...

Rakşas-Tal adlı "ölü" göl bizi tutqun havası ilə qarşıladı. Bu, şeytanla dolu göl üçün təbii haldır. Ondan fərqli olaraq "canlı" Manasarovar gölü bizi günəşli havası və işıqlı səması ilə qarşıladı. Diri və ölü su haqqında rus nağılları yada düşdü... Bu cür mənfi dərəcəli ayazlı havada risk etməməyi və müqəddəs gölün suyundan bir şüşə özümüzlə götürərək qaynar kükürdü vannalardan istifadə etməyi qərara aldıq.

HİMALAYIN İTİRİLMİŞ ATLANTİDASI

Müqəddəs yürüşdən əvvəlki son dayanacaq dəniz səviyyəsindən 5 min metr hündürlükdə yerləşən Darçen qəsəbəsidir. Hava kifayət qədər soyuqdur və qarlıdır. Burada bizə bildirdilər ki, Kaylas bu il bağlıdır, heç kəsi qəbul etmir. Bir aydır ki, ara vermədən qar yağır, bütün yollar qapanıb. Darçendə dünyanın hər tərəfindən gəlmiş bir neçə min adam var, onların böyük bir qismi artıq geri qayıdıb. Şeytanlar bizim hisslərimizi qıcıqlandırır: onlar bizim içimizə hədəfimiz böyüklüyündə şübhə toxumu səpir. “Yolumuza davam edəcəyikmi?” sualına mən birmənalı şəkildə "hə" cavabını verdim. Biz əvvəldən bilirdik ki, hara gedirik və yaxşı dərk edirdik ki, getdiyimiz bu yolun geri dönüşü olmaya da bilər. Bütün həyatımız bu yürüyüş üçün fiziki, mənəvi və ruhi hazırlıqdan ibarət idi, indi isə budur, biz demək olar ki, qapının ağzındayıq, elan edirlər ki, mümkün deyil. Bununla necə razılaşasan?!

İstiliyi, isti suyu olmayan bir oteldə yerləşdik, ancaq bu bizim üçün adi bir hal idi. Çiu-Qompa məbədinə getdik və kahinlərdən xahiş etdik ki, Kaylas ətrafında Kora yerinə yetirməyimiz üçün dua etsinlər, xeyir-dua aldıqdan sonra hikmət zəncirlərinin altından sürünüb keçdik. Tibet ənənəsinə uyğun olaraq müqəddəs yerdə asmaq üçün dualı bayraqcıqlar götürdük.

Kaylaş dağı ətrafında ayin üzrə dolanma 3 gün vaxt tələb edir. Bir dövrəni başa vurmaqla həyatda etdiyin bütün günahlardan təmizlənə bilərsən, Kaylaş ətrafında isə 108 dövrədən sonra “azadlığa” – Nirvanaya qovuşmaq olar.

Nəbzim məni narahat etməyə başlamışdı. Çinli hərbi həkim təzyiqimi yoxladı, normadan iki dəfə yüksək idi, həkim mənə dərman verdi və təkidlə davam etməməyi məsləhət gördü.

Səhərdir. Sinoptiklər qar yağacağı barədə məlumat verib, amma ali qüvvələr bizim tərəfimizdə idi, əla hava var idi. Səhər yeməyimizi yeyib yola düşdük, arxamızca “Çılğınlar!” deyildiyini eşitdik.

Xeyli insan yola çıxmışdı, həmçinin müxtəlif telekanalların təmsilçiləri də var idi. Hamı həvəslə sıldırımlı qayalıq ərazidə irəliləyirdi. Yavaş-yavaş göyün üzünü qara bulud aldı, qar yağmağa başladı, ardınca da çovğun. Camaat geri qayıdırdı. Ən ümidsiz olanlar irəli getməyə davam etdilər, amma qar fırtınası başlayanda bələdçi ilə yalnız biz qaldıq. Atlar bizə lazım oldu – onlarsız bircə addım da ata bilməzdik. Demək olar ki, kor-koranə gedirdik, qarşımızda heç nə görmürdük. Gözümüzə nə isə sataşdı, deyəsən çadır idi. İçəridə xeyli tibetli var idi. Onlar burada çox az sayda avropalıları görüb çox təəccübləndilər.

Bir saat dincəlib yola davam etdik. Bizi gecələmək üçün 5200 metr yüksəklikdə yerləşən Dirapuk-Qompa məbədinə apardılar. Tufan yalnız axşama doğru sakitləşdi, havanın temperaturu mənfi 20 dərəcəyə enmişdi. Axşam fəth olunmamış Kaylasın heyranedici mənzərəsini seyr etməyə çıxdıq, bu dağın ətəyi hər il bir çox inadkar alpinistə əbədi məskən olub. Onun Şimal tərəfinə tamaşa edərkən o, dərhal bizə öz möcüzəsini – zaman vertikalı olan Cənub tərəfini göstərdi. Bunun nə demək olduğunu anlamağa vaxt tapmadan kameranı əlimə aldım, amma o, dumana bürünüb üzünü yenə də bizdən gizlətdi.

XƏYALIMIN ASTANASINDA

Qaldığımız yer təbii ki, isinmirdi. Ürəyim döyünürdü. Növbəti dəfə dərman içməli oldum. Yoldaşlarım yuxuya getdilər, mən isə müqəddəs tibet bayraqcıqlarına Azərbaycanın, Prezidentimizin və birinci xanımın adını yazdım. Barmaqlarım keyimişdi, qələm isə donmuşdu, nəfəsimlə isitməli oldum.

Ürəyim motor kimi dəqiqədə min dəfə vururdu, gözlərim az qalırdı partlasın. Bir az əvvəl oksigen balonlarını açmışdıq, amma onların bir faydası olmadı, dərmanlar da kömək etmirdi. Ağlımdan narahat bir düşüncə keçdi: təki beynimə qan sızmasın! Dağ xəstəliyi bizi yol boyu izləyirdi və mənə lap yaxınlaşmışdı. Məni yuxu tutmadı...

Biz həmişəki kimi gün doğar-doğmaz yola düzəldik, hava çox təmiz idi. İki qayanın arasından keçdikdən sonra biz yuxarıdan enən dumanı gördük, o, süd pərdəsi kimi arxamızdakı yolu bağladı. Dağlarda dumandan qorxulu bir şey yoxdur! Bu isə o demək idi ki, Kaylas bir çoxlarının üzünə tamamilə bağlanıb, başqa heç kim keçməyəcək.

Hədəfimizə aparan yol – Drolma-La aşırımına (hündürlüyü 5700 m) qədər ölüm tanrısı Yamaracinin ərazisi olan Ölüm vadisindən keçirdi. Dünya öz gündəlik təlaşlı həyatı ilə aşağıda qalmışdı, biz isə daha yüksəyə qalxırdıq və sonsuz azadlıq hissi daha da güclənirdi. Budur, bizimlə və ən yüksək nöqtə arasındakı son sərhəd – Zaman güzgüsü görünür. Mən artıq nə ürəyimi hiss edirdim, nə də təngnəfəsliyimi, nə də ayaqlarımı... Yorğunluq özü-özünə yox olub getmişdi. Tez yuxarı! Duyğular dalğasında başımı itirmişdim!

Biz sirlər aləminə olan səfərimizin apogeyinə gəlib çatmışdıq. Azərbaycan bayrağını və sevdiyim insanlar haqqında dualarım hələ uzun müddət göylərə ucalsın deyə dualar yazılmış bayraqcıqları asdım. Azərbaycanda sülh, əmin-amanlıq olsun, qaçqınlar öz yurdlarına qayıtsın... Allahın bəxş etdiyi sevinc hissi məni bürümüşdü. Bu duyğu bitib tükənmək bilmirdi və bədənimin bütün hüceyrələrinə qədər nüfuz etmişdi... Sevinc göz yaşlarımı saxlaya bilmirdim. Elə bir yenidən doğulmuşdum.

Fərəhdən qanad açaraq Qarikund gölünün yanından keçib aşağı enirdik. Drolma-La aşırımının arxasında Karma Baltası qayası asılmışdı – o bizim günahlarla dolu keçmişimizi bu günümüzdən ayırırdı.

Missiyanı yerinə yetirərək azadlığa qovuşmuş komandamız daşlar vadisinə tərəf enirdi. Oradan da Milarepa Zulturuk-Qompa məbədinə getdik. Gecə güclü şaxta düşdü, soyuqdan heç cür yuxuya gedə bilmirdik. Əynimdə termik paltar, 30 dərəcə şaxtaya davam gətirən qış yuxu torbasına baxmayaraq donurdum. Özümü yatmağa məcbur etdim. Yuxuda çox sevdiyim babam Ərəbxanla uzun-uzadı fəlsəfi söhbət etdim. O mənə dedi ki, sevgi üçün məsafə və zaman yoxdur, biz həmişə sizinləyik. Sonra da yüksək səslə qışqırdı: Oyan! – və mən oyandım. Bədənim şaxtadan keyimişdi, amma babamın səsi qulaqlarımda səslənirdi. Beləcə o məni həyata qaytardı.

Çiçəklənən Lxasada bizə ləziz süfrə açan dostlarla görüşdük. Məni nə isə yenə də bir möcüzə ilə rastlaşacağım duyğusu tərk etmirdi. Bizim üçün Tibetin mənəvi liderlərindən biri ilə görüş təşkil etdilər. O isə bizə 7 il ərzində meditasiyada olan başqa bir keşişlə tanış olmağı təklif etdi. Bu vəziyyətdən çıxan kimi mütləq görüşəcəyik!

Niyyətin hara, mənzilin də ora. Yaxşı şeylər haqqında düşünün, planlaşdırın, sevinin, həyata keçirin. Həyatın mənası, elə həyatın özündədir.

Mətn: Arzu Caid, Rəna Qasımova

Foto: Şəxsi arxiv