Bütün kişilərin adlarının Hesus, qadınların isə sadəcə Mariya olduğu bir ölkə. Bığlı mariaçilərin musiqisi altında kəskin küləyin gecə-gündüz aqavadan tutmuş kaktusa qədər çöl bitkilərini sürükləyən bir ölkə. Meksika. Okeanın o tayından olan sakinlər bu ölkəni belə görür. Ancaq bu adət olunmuş obraz altında Meksikanı əslinə olduğu kimi, sirli və bir az da qorxulu görmək mümkündür.
1-2 noyabr tarixlərində bütün ölkə, kiçikdən böyüyə qədər küçələrdə gəzir: əsas milli bayramı – Ölülər Gününü qeyd edir. Yeni Dünyanın “Yeni” adlandırılmasından yüz illər əvvəl hindilər canlıların balqabaq və qarğıdalı toplamasından sonra ölülərlə söhbət edə, xəbərləri paylaşa və onlardan məsləhət istəyə bilsinlər deyə onların ruhlarının yer üzünə baş çəkdiklərinə inanırdılar. Əlbəttə ki, avropalılar gəmilərlə buraya gəldikdən sonra katolik kilsəsi yad adət ilə özünəməxsus mübarizə aparmağa cəhd göstərdi. "Parçala və hökmranlıq et" – deyə keşişlər qərar verdilər... yox, belə deyil. "Qalib gələ bilmirsənsə – rəhbərlik et" – budur! Və beləliklə hindilərin qədim bayramını xristian bayramı ilə birləşdirməyə qərar verdilər: Ölülər üçün Dua günü və Bütün müqəddəslər günü bayramı.
Asteklərin və mayyaların əlvan çiçəkli adətlərini asketik ispan katolisizmi ilə qarışdırsan nə alınar? Şübhəsiz ki, qeyri-adi bir şey! Qurban gətirmə ənənəsinin kökü kəsildi və bütün ay davam edən bayramı cəmi bir-iki gün qeyd etməyi qərara aldılar. Katoliklər buna baxmayaraq mədəniyyətlər mübarizəsində qismən qələbə qazana bildilər. Но Dia de los Muertos – Ölülər Günü – bunun da öhdəsindən gəldi (bağışlayın).
Dia de los Muertos ölülər gününün böyük təmtərağı hər kəsi əhatə edir. İstənilən vacib milli bayram kimi Ölülər gününə də öncədən hazırlaşmaq lazımdır və bu hazırlıqlar bir sıra mərhələlərdən ibarətdir. Əvvəlcə evlər təmizlənir və bəzədilir. Ölülər üçün onların sevimli yeməkləri və xüsusi pan de muerta çörəyi bişirilir. Süfrəyə uzun bir səfərdən sonra susuzluqlarını yatırmaq üçün su (uşaqlara şərab olmaz!) və sümüklərinin möhkəm olması üçün duz qoyulur. Bəziləri mətbəxdə biş-düş edərkən, digərləri ölülər üçün xüsusi səcdəgah qururlar. Bu səcdəgahı ölülərin fotosundan düzəldirlər, çiçəklər, şamlar, sevimli əşyalarla bəzəyirlər.
Əvvəllər səcdəgahın qurulması sırf ailənin işi idi, amma indi bunu ictimai yerlərdə də görmək olur: universitetlər, hava limanları, polis məntəqələri... Bəzən səcdəgahın həsr olunduğu şəxslərin peşəsini bildirən fiqurlar yerləşdirilir. Ailə səcdəgahının olub-olmamasının fərqi yoxdur, hər halda bir şey dəyişməz olaraq qalır – ora mütləq kəllə qoyulur. Kiminsə əcdadının həqiqi bir kəllə sümüyünə rast gəlməyiniz ehtimalı yoxdur – çünki nə olursa olsun ənənələr min illər ərzində zəifləyir və onları şəkərdən hazırlanmış rəngli kəllələr uğurla əvəzləyir.
Kalavera – ispan dilindən tərcümədə "kəllə" – Ölülər Gününün dəyişməz atributudur. Birincisi bu şən ornamentlə bəzədilmiş şəkər kəlləsinin özüdür. İkincisi kalavera komik və ya qorxulu "ölü" makiyajıdır. Əlbəttə ki, kalavera haqqında danışdıqda Kalavera Katrinadan bəhs etməsək olmaz. Yüz ildən bir qədər çox əvvəl, 1913-cü ildə meksikalı rəssam, illüstrator və karikaturaçı Xose Quadalupe Posada litoqrafiya üsulu ilə dəbdəbəli şapkada skelet təsvir edir. Bu obraz bir vaxtlar bu bayrama himayədarlıq etmiş astek ilahəsi Miktlansiuatlı xatırladır. Baş yerinə kəllə təsvir olunmuş nəcib qadının infernallığı meksikalıların o qədər ürəyincə olmuşdu ki, bu gün bu bayramı onsuz təsəvvür etmək mümkün deyil. Dios de los Muertos zamanı o, əlində çətirlə şəhəri gəzir ya da oyuncaq fiqur şəklində masada yer alır.
Şənlik iki gün (daha doğrusu, iki gecə) davam edir və iki mərhələdə baş verir. 31 oktyabr – 1 noyabr gecəsində ailələri ilə bir gün daha vaxt keçirmələri üçün balaca uşaqları ("anhelitos" – mələkləri) yad edirlər. 1-dən 2-nə keçən gecə isə böyüklər yad olunur. Elə həmin gün ümumxalq şənliklərinin küçələrdə qeyd olunduğu gündür. Karnaval yürüşləri və paradları sevimli skeletlər – sifarişlə çalan küçə musiqiçiləri müşayiət edir. Axşam tərəfi meksikalılar qohumlarının məzarlarını çiçək və şam ilə bəzəmək üçün ailə qəbiristanlığına gedirlər.
Yaşlı biri mütləq mərhumun həyatından gülməli bir hadisə danışır və ya onun haqqında komik şeirlər oxuyur. Göz yaşı nəyə lazımdır, onsuz da bir ildən sonra yenidən görüşmək imkanı olacaq! Qəbiristanlıqlarda pan de muerta çörəyini parçalayırlar, əylənirlər və rəqs edirlər: küçə musiqiçilərinin "skeletləri" sizi burada da tapacaqlar. Onlar öz ətraflarına əylənənləri və avaraları toplayırlar – bu mərasim comparsa adlanır. Komparsanın həyat kimi dəqiq marşrutu yoxdur.
Bu mərasim şam və musiqi axını kimi insanları gecə vaxtı küçələrə, turistlərin və yerli sakinlərin arasına atır. Bütün təamlar yeyildikdən və sərin sübh havasında son akkord səsləndikdən sonra insanlar evlərinə gedirlər. Ölülər bir ildən sonra yenidən ailələrini ziyarət etmək üçün gəldikləri yerə qayıdırlar. Canlılar isə növbəti Dia de los Muertos ölülər bayramına hazırlaşmağa başlamazdan əvvəl doyunca yatmalıdırlar.
Mətn: Səid Sadıxov
Foto: Mətbuat materialları