Dubay ticarət festivalı – 700-dən çox brendin məhsulunu bütün şəhər üzrə 3200-dən artıq mağazada satın alınması mümkün olan 6-günlük satış mövsümü. Ticarət festivalı-2019-dan savayı bizi zəngin mədəni proqram gözləyirdi: şəhər üzrə maraqlı ekskursiyalar, yarmarka və şoularda iştirak, mükafatlar uğrunda yarışlar və Dubayın ən gözəl otellərindən birində unudulmaz istirahət.
Dubay nağılı
Dubay dünyanın ən sürətlə inkişaf edən şəhəridir, inşaat tempinə görə onu ancaq Şanxay qabaqlayır, turist sayına görə isə onun tayı-bərabəri yoxdur. Dubay həyatı nağıla bənzəyir. Benzinin 1 litrinin qiyməti 50 sentdən bir qədər bahadır, evlərdə su və elektrik təchizatı, eləcə də təhsil və səhiyyə pulsuzdur. Əlaçı tələbələr dövlət hesabına təhsillərini dünyanın istənilən ali məktəbində davam etdirə bilərlər. BƏƏ vətəndaşına müalicə və ya cərrahiyyə əməliyyatı tələb olunarsa, onu, yenə də dövlət hesabına, bu əməliyyat daha uğurla həyata keçirilən ölkəyə göndərəcəklər. 18 yaşına çatan hər kişiyə torpaq sahəsi verilir; yeni ailə həyatı quranlar şeyxdən 70 min dirhəm məbləğində toy hədiyyəsi və ev inşası üçün güzəştli subsidiya alırlar ki, sonuncu da 3-cü uşağın dünyaya gəlməsi ilə dondurulur.
Müasir Dubayın arxitektoru
Məhəmməd ibn Rəşid əl Məktum, Dubayın Əmiri, Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və vitse-prezidenti – xarizmatik, hərtərəfli şəxsiyyət, bir çox milli layihələrin təşəbbüskarıdır. O, gözəl zövqə və uğurlu, gəlirli layihələri hiss etmək qabiliyyətinə malikdir. Bir də şeyx maraqları ilə məşhurdur: avtomobillər, safari, şahin ovu, həmçinin şeyx əla süvari (XV Asiya Oyunlarında (2006) və dünya yürüşlərində (2012) at yarışlarında dözümlülük üzrə fərdi yürüşdə qızıl medal) və atçı kimi şöhrət qazanıb. Bilavasitə şeyxin göstərişi ilə Dubayda yerli sakinlər arasında onların tam xoşbəxtlik üçün daha nəyə ehtiyacları olmasını müəyyən etmək məqsədi ilə mütəmadi olaraq onlayn-sorğular keçirən Xoşbəxtlik nazirliyi fəaliyyət göstərir. 2016-cı ildə şeyx Məhəmməd elan etdi: "BƏƏ dünyanın ən xoşbəxt ölkəsinə çevrilməlidir". O isə, anladığınız kimi, sözləri boş yerə demir.
Bürc-Xəlifə göydələni
1787-ci ildə inşa olunan Əl-Fahidi qalasındakı Dubay muzeyində şəhər tarixinin səhifələri saxlanılır. Lakin Dubayın ən yeni tarixi hadisələr baxımından daha da zəngin oldu. Şəhər yuxarı və eninə böyüyür və hər ikinci göydələn diqqətəlayiq yerə çevrilir. Cəmi bir il əvvəl Dubay çərçivəsi inşa olunub – yuxarıda 93 metrlik şüşə körpü ilə birləşdirilən 150 metrlik iki bürc. Bürc-Xəlifə qülləsi isə bütün dünyaya müasir tikinti incəsənətinin şah əsəri kimi səs salıb. Qüllənin təqdimatında şeyx Məhəmməd deyib ki, bu yalnız BƏƏ-nin deyil, bütün ərəb dünyasının fəxrinin rəmzidir. Uzaqdan qülləyə nəzər saldıqda orada ofislərin, ticarət mərkəzlərinin, 900 şəxsi apartamentin, trenajor zallarının, hovuzların və hətta cakuzi ilə təchiz edilmiş baxış meydançalarının mövcud olmasına inanmaq çətindir. Qalxmazdan əvvəl sizi bir fincan ərəb qəhvəsinə qonaq edəcəklər və bir dəqiqəyə lift sizi 124-cü mərtəbədəki "At The Top" baxış meydançasına, daha sonra isə "dünyanın zirvəsi"nə – "At The Top SKY" – rekord, 148-ci mərtəbəyə çatdıracaq (baxış meydançası 555 metr yüksəklikdə yerləşir). Qarşınızda açılan şəhər mənzərəsinin ən dəqiq tərifi, yəqin ki, "ovucun içindəki kimi" olacaq.
"Dubai Design District" (və ya D3)
Bu rayon tamamilə moda və dizayn aləminə həsr edilib.
Yenilik və yaradıcılıq pərvazı hər yerdə hiss olunur. Nümayiş zallarının birində bütün dünyadan onlarla arxitektura layihələri yerləşib. Burada yaradıcının potensial sifarişçi ilə tale əhəmiyyətli görüşü baş verə bilər, axı Dubay elitası eksklüziv layihəli malikanələrə üstünlük verir. Gənclər kafesində müasir müəlliflərin kitabları və istedadlı ustaların əl işləri olan rəfləri görmək mümkündür – burada hər kəs, dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, öz əsərini satışa çıxarmaq imkanına malikdir. Ticarət sövdələşməsi üçün açar söz – kreativdir.
Qəlyanaltı üçün getdiyimiz həm LARTE italyan restoranında, həm də "The Espresso Lab" qəhvəxanasında yaradıcılıq atmosferi hökm sürürdü. Restoran tanış yeməklərin orijinal təqdimatı, qəhvəxana isə – müxtəlif növlərin ahəngindən təkrarolunmaz dad yaradan qəhvənin hazırlanmasına yeni yanaşma ilə sevindirdilər.
Global Village Dubailand
Oktyabr ayından aprelə qədər, artıq 23 il ardıcıl olaraq, Dubaylend əyləncə mərkəzində 1,6 milyon kvadrat metr sahədə müxtəlif ölkələrin milli məhsulları təqdim edilən rəngarəng pavilyonlar ucalır. Dubayın ticarət bazarına qoşulmaq istəyənlərə öz imkanlarını nümayiş etdirmək şansı təqdim olunur, məsələn, yarmarka qonaqlarının mətbəxini yüksək qiymətləndirdikləri "Plov 7" özbək restoranı kimi. Bu il "Global Village"də 27 ölkə iştirak etdi və bura 5 milyondan artıq insan ziyarətə gəldi. Proqram çərçivəsində baykerlər nəfəskəsən şou nümayiş etdirdilər.
Dubai Mall
Festival günlərində Əmirliklərin çoxsaylı molları yalnız inanılmaz arxitekturası və bayram atmosferi ilə deyil, həm də səxavətli endirimlərlə cəlb edirlər. Dünyanın ən iri ticarət-əyləncə mərkəzi olan Dubay-mollda praktiki olaraq dünyanın bütün paltar markaları – yeni, az tanınanlardan lüks brendlərə qədər – təqdim edilib. Bu günlərdə burada keçirilən lotereyada qızıl külçə və çox bahalı avtomobil kimi mükafatları udmaq mümkündür...
"Outlet Village" Ticarət mərkəzi
Cəbəl Əli rayonundakı "Outlet Village" Ticarət mərkəzinin arxitekturası YUNESCO tərəfindən dünya mədəni irsi obyekti elan edilən İtaliyanın San-Ciminyano şəhərinin obrazından təlqin olunub. "Toskana" küçələri ilə gəzişərək Gucci, Off-White, Balenciaga, Vetements və digər brendlərin dizayner mallarını gözaltı etmək, daha sonra isə Premium-klass kafe və ya restoranında dincəlmək olar.
Market Outside the Box (OTB)
Ticarət festivalı çərçivəsində hər il Bürc-parkda, Bürc-Xəlifə göydələni və Oxuyan fontanların iki addımlığında açıq səma altında bazar qurulur. Burada sertifikatlaşmış müəllif məhsulunu əldə etmək, acdıqda isə dadlı bir şey yemək mümkündür – burada ən məşhur şəhər müəssisələrinin fud-trakları lövbər salıb.
"La Perle by Dragone" şousu
Unikal səhnə fəzası, dünyanın 23 ölkəsindən 65 ən yaxşı tryuk ifaçısı və dünyaca məşhur "Cirque du Soleil"in quruluşçusu Frank Draqonenin təsirli rejissurası. Dubayı "gələcəyin laboratoriyası" adlandıran metr Draqone möhtəşəm quruluşda mütərəqqi Əmirliyin ruhunu əks etdirməyə nail olub.
Palazzo Versace Dubai
Beşulduzlu "Palazzo Versace Dubai" – "Versace" üslubunda dəbdəbəli həyatın təcəssümüdür: bu barədə "Versace" kolleksiyasından gözəl parçalardan istifadə etməklə yaradılan dekor, əfsanəvi Meduzanın təsviri, hər tərəfi bürüyən "Versace" ətirləri, həmçinin nömrənin vanna otağında sakinləri gözləyən "Versace"nin bədənə qulluq göstərmək üçün nəzərdə tutulan eksklüziv kosmetikanı xatırladır. Nömrənin eyvanından və ya terrasdan Dubay körfəzinin gözəl görüntüsünü müşahidə etmək olar. Oteldə 150 nömrə və 65 lyuks var və bu, yəqin ki, qiymət və keyfiyyətin ən yaxşı ahəngidir.
Siz hətta "Palazzo Versace" otelini tərk etməyərək zamanınızı son dərəcə zövqlə keçirə bilərsiniz: dəbdəbəli Spa-mərkəzdə dincəlmək, hovuzda üzmək, – burada onlardan üç dənədir. Füsunkar verandada bir fincan qəhvə ilə istirahət etmək və ya restoranların birinə baş çəkmək də olar. "Giardino" mətbəxinin müxtəlifliyi ən tələbkar qurmanı razı salar. Hər çərşənbə burada dəniz mətbəxini sevənlər üçün xüsusi bayram keçirilir və çeşidlərin ağlasığmaz rəngarəngliyindən sadəcə göz qamaşır.
"Vanitas" İtaliya mətbəxi restoranı, restoran-launc "Mosaico", həmçinin əfsanəvi Kuinsi Consun (amerikalı musiqiçi və bəstəkar, müxtəlif musiqi üslubları ilə eksperiment edərək musiqi "fyuci" yaradan) dünyada ilk caz-barı "Q’s" qonaqların xidmətindədir – onun rezidenti bu dəfə populyar müğənni Devid Devis oldu. Sadəcə şam etmək deyil, romantik atmosferdə yüksək mətbəx delikateslərinin dadına baxmaq istəyirsinizsə, "Enigma" restoranına baş çəkin: burada iki Mişlen ulduzuna sahib gülərüz və nəzakətli şef-aşpaz Mənsur Memarian məhz sizin üçün əsl kulinariya möcüzəsi yaradacaq.
Mətn Marina Mürsəlova
Foto Mətbuat materialları
Material əlli səkkizinci buraxılışda dərc olunmuşdur.