ADİ MÖCÜZƏ

Mühacirət, «sıfırdan» həyat, boşanma və əllərdə qalmış körpə qız uşağı, uçuşlar və yıxılmalar, bir də, sonda qorxulu diaqnoz – xərçəng... Bu cür sınaqlardan keçərkən, xeyirxahlığı,  daxilindəki insanlığı hər adam qoruya bilmir. Bizim noyabr buraxılışımızın qəhrəmanına bu nəsib olub. Bəxt gah ona gülümsəyib, gah üz döndərib, amma uğursuzluq və pisliklər sanki onu bərkidib, daha da güclü edib. Otuz yaşına təzəcə girmiş, əlində körpə uşaq ola-ola, qərib ölkədə Alla öz biznesini açdı. İntuisiya, cəsarət və əlbəttə ki, ağıl və anadangəlmə qadın cazibədarlığı işi aparmağa və hər vəziyyətdən ləyaqətlə çıxmağa kömək etdi.

screen_shot_2017-01-26_at_11.53.01

Bu gün Alla Verber – Mercury şirkətinin vise-prezidenti, Moskva MUM-un fəşn-direktoru və bayeridir. Onu qəfil haxlayan qorxulu xəstəlik karıxdırdı, amma o bilirdi ki, qızına lazımdır və özünü ələ ala bildi. Xarakter gücünün və pozitiv ovqatının sayəsində o, taleyin, indi qorxulu yuxu kimi xatırladığı bu hökmünə etiraz etməyə nail ola bildi...

İndi o, güc və enerji ilə doludur,  çox qəşəng qızı və iki gözəl nəvəsi var, o – uğurlu biznes-ledi, yaxşı ana, nənə, hələ üstəlik, boş vaxtarında yaxınları üçün məmnuniyyətlə yemək hazırlayan ev sahibəsidir, çoxlu dostları var... Bütün bunlar da – onun öz xidmətləridir. Amma, bəlkə, burada bəxt də azacıq rol oynayıb?..

Bircə onu deyim: onunla cəmi bircə görüşümdən sonra şəxsən mənim günüm çox yüngül keçdi, hər şey istədiyim qaydada düzəldi... Yəqin, özüm də hiss etmədən, həmin o xoş bəxti və pozitivi ondan bir günlüyə borca götürmüşdüm. Bunu demək istəyirəm: çox sağ olun, Alla Konstantinovna; həqiqətə görə!

Sizin belə dolu qrafikiniz, gərgin həyat ritminiz var! Hamısını necə çatdırırsız?

Bəli, mən həmişə gərgin ritmdə yaşayıram. Uzun illərdir ki, çox işləyirəm. Bir gün ərzində eləməli olduğum çox şeylər var.

Leninqradda doğulmusuz. Uşaqlığınızdan  danışın.

Bəli, mən Leninqradda doğulmuşam. İnanılmaz gözəl şəhərdir! Orada doğulmuş insanlar da müəyyən keyfiyyətlərə, öz tarixçələrinə, nəcibliyə malikdirlər... Demək olar, hər bir ailə blokada dövrünü yaşayıb, bu da ki, gələcək nəsillərdə öz izini buraxıb.

İndi Sankt-Peterburqda tez-tezmi olursuz?

Leninqrad Ticarət Evinə rəhbərlik etdiyimə görə, oraya yetərincə tez-tez getməli oluram.

Sovet vaxtı Sizin ailəniz imkanlı olub, atanız şəhərdə məşhur adam olub. Birdən Kanadaya mühacirət etdiz. Niyə getmək qərarına gəldiz?

Elədir, biz yaxşı yaşayırdıq. Atam diş həkimi idi, o, diş-protez şöbəsində baş həkim idi və həmişə yaxşı gəliri olurdu. Anam çox imkanlı ailədən idi, babamla nənəmin mərkəzi meydanda, Mariinski teatrla üzbəüz yaxşı mənzilləri var idi. 300 kvadrat metrlik çox böyük bir mənzil idi, camaatın kommunalkalarda yaşadığı vaxt, biz o mənzildə uşaqlarla birgə velosiped sürürdük. Bu evdə müharibədən qabaq Mariinski teatrın emalatxanaları olmuşd Bizim Olginada bağ evimiz, “Volqa” maşınımız var idi. Bəli, biz korluq çəkməmişik, maddi çətinliklərimiz olmayıb. Amma o vaxt orta maaş 60–90 rubl idi. Hamı kimi yaşamaq lazım idi, seçilmədən; çox şey əldə eləmək mümkün deyildi. Atam axşamlar evdə işləyir, pasient qəbul edirdi. Diş həkimlərinə tələbat var idi və onun qazancı bizim qəşəng geyinməyimizə, oyuncaqlara, keyfiyyətli təhsilə kifayət edirdi.

Atam həmişə qorxurdu ki, onu həbs edərlər, çünki o vaxt bu, qeyri-leqal fəaliyyət sayılırdı. O, daim stress içində yaşayırdı, babam da elə həmin səbəbdən erkən öldü. Getməyimizə səbəb də elə yaşadığımız ölkənin azad olmaması idi: istədiyimizi edə bilmirdik; nə səyahət edə, nə oxuya, nə də istədiyimiz yerdə işləyə bilirdik. Beşinci qrafadakı “yəhudi” qeydi ilə, başqalarından daha yaxşı oxumalı, başqalarından daha çox çalışmalı idin. Biz  1976-cı ildə mühacir olduq və mən hara getdiyimi hələ anlamırdım, –fevralın sonunda köçdük, mənim isə on səkkiz yaşım mayın 21-də tamam oldu... Yeri gəlmişkən, mən Buğa ilə Əkizlər bürclərinin qovuşağında anadan olmuşam. Əkizlər ən müdrik bürclərdən biri hesab olunurlar. Deyirlər, Əkizlər tez-tez tərəddüdlü olurlar, daim götür-qoy edirlər, amma mən özümdə bunu görməmişəm – mən qərarı tez qəbul edirəm!

Amma yenə də, yəqin, çox cavan olanda vacib qərar qəbul etmək çətin olur …

Elədir, haqlısız.

Kanadaya köçəndə ingiliscə danışırdız?

Əvvəl Leninqraddan Vyanaya uçduq. Bir ayımı orada keçirdim. Bir təşkilat var idi, mühacirlər oraya gəlirdilər, – qeyd olunurdular, sonra onları İtaliyaya - Romaya göndərirdilər. Ona görə də, növbəti dayanacaq Roma oldu, bir ilimi də orada keçirdim. Mən həmişə deyirəm ki, Roma mənə böyük təəssürat bağışlayıb, taleyimdə silinməz iz buraxıb – Leninqraddan sonra bura başqa dünya idi. Bu, əlbəttə, emosional şok idi. Roma – İtaliyanın ən gözəl şəhərlərindən biridir, səma altında muzeydir, baxmalı şeylər olduqca çoxdur! Mən gündə bir yerə gedirdim, muzeylərinin hamısında olmuşam. Üstəlik, mayda gəlmişdim, hava əla idi. Təsəvvür edin: tutqun, yağışlı Leninqraddan sonra İtaliyanın parlaq cənub günəşi, ətrafım dolu gözəl qadınlar: şərflər, çantalar, donlar, dekolte – Sovet İttifaqından sonra bu, sadəcə, inanılmaz idi! Atam müharibə keçmişdi, Berlinə qədər çatmışdı, faşizmə qalib gəlmək üçün sağlamlığını, bütün gücünü vermişdi. Oxumuşdu, amma gözlədiyini ala bilməmişdi. Ona görə də, getdi ki, uşaqları azad ölkədə yaşasınlar, vacib deyil, imkanlı olacaqlar, ya yox. Onun istədiyi əsas şey o idi ki, bizim həmişə seçim imkanımız olsun.

Doğrudan da, insan həmişə istəyir ki, özünün əldə edə bilmədiklərinə övladları nail olsun. Bəs mühacirətdə nə ilə məşğul olurdunuz?

Bir ilimi Romada keçirmişəm və bu, mənə çox şey verib, dünyagörüşümün formalaşmasına kömək edib. Anadan olandan geyimlə, kosmetikayla, zinət əşyaları ilə, bəzəklərlə bağlı hər eyi sevmişəm. Hansısa bir parça qırığından don biçib –tikə bilirdim. Həmişə uzun saçlarım olub və saç forması düzəltmək çox xoşuma gəlirdi. Gözəl görünmək üçün özüm nə isə fikirləşirdim. Sonra isə... Monreala, Kvebekə uçub gəldim – bura Kanadanın fransızdilli əyalətidir, fransızlar orada olduqca çoxdur və əlbəttə ki, fransız dili orada həmişə üstün olub.

Müğənni Selin Dion o yerlərdə doğulub...

Hə, Selin Dion Kvebekdəndir... Birinci il fransız dilini öyrəndim, sonra Monrealdakı Makgill universitetinə daxil oldum. Yenə də orada ilk ilimin hamısını yalnız dilləri – ingilis və fransız - öyrəndim. Ayrıca fashion istiqaməti o vaxt yox idi və mən menecmentliyi oxudum.

O vaxt təsəvvürünüzə gətirə bilərdinizmi ki, nə vaxtsa belə yüksəkliyə qalxacaqsız MUM-un fəşn-direktoru olacaqsız?

Təsəvvür edin ki, bilərdim. Mənim həmişə böyük iddialarım olub. Adi həyat yaşamaq, sadəcə ana, ev sahibəsi olmaq, sakit ömür sürmək mənim üçün heç vaxt maraqlı olmayıb, – bu mənə heç vaxt kifayət etməyib, 18 yaşımda belə. Ümumiyyətlə isə, mən aktrisa, ya da jurnalist olmağı arzulamışam. Hərçənd, atam həmişə istəyib ki, mən həkim olum. O anlamırdı: necə yəni mənim həkim olmaq istəyim yoxdur?! Həndəvərimizdə hamı, bütün dostlarımız əsasən həkim idilər. Anam laborant idi, tibb məktəbini bitirmişdi ki, sonra həkimliyi oxusun, amma 18 yaşında atama rast gəldi, ana oldu və təhsilini davam etdirmədi. Mən özüm, yeri gəlmişkən, səkkizinci sinifdən sonra oxumağa tibb məktəbinə getmişəm, doqquzuncu, onuncu sinifləri orada bitirmişəm. Sonra Liteynı prospektindəki Kuybışev adına xəstəxana nəzdində iki il oxumuşam ki, tibb universitetinə girmək asan olsun. Rusiyada qalıb, orada yaşasaydım, indi dəqiq, həkim idim!

Gənc ana olduğunuz halda, karyera qurmağı necə bacardız? Mənim iki uşağım var və bu “formulu” tapmaq mənim üçün çox çətindir!

Doğrudan da, uşaqlı ola-ola karyera qurmaq çox çətindir. Demək olar ki, nə ona çata bilirsən, nə o birinə. Zərər çəkən isə, bir qayda olaraq, uşaqlar olur – biz onları ən vacib şeydən məhrum edirik. Mən Nyu-Yorka köçmüşdüm, iki-üç ildən sonra orada ərə getdim və qızım Katya doğuldu. Niyə Katya? Mən, axı, piterliyəm, böyük Yekaterina mənim üçün çox rəmzi şəxsiyyətdir. Bir də, atamın şərəfinə, adı Konstantin idi, həmin vaxt o artıq bizimlə deyildi... Elə buna görə də qızım üçün Katya adını seçdim. Uşağın beş yaşı olanda, biz ərimlə ayrıldıq. Ailə başçısı mən oldum və istədiyim – qızıma bu həyatda ən yaxşı şeyləri vermək idi. Arzum ona ən yaxşı təhsili vermək idi, amma buna pul lazım idi; sadəcə işləmək deyil, həm də yaxşı qazanmaq lazım idi. Ərimdən boşanandan sonra, mən yenidən Kanadaya, Torontoya qayıtdım və qərara aldım ki, heç kəsə işləməyəcəm. Öz mağazamı açdım. Cəmi 30 yaşım var idi, biznesdə olmaq istəyirdim və arxayın idim ki, hər şey alınacaq.

Rəqabətdən də qorxmurduz?

Mən onda heç nədən qorxmurdum. Lap açığını deyim ki, ümumiyyətlə, heç vaxt heç nədən qorxmamışam. Bacımla mən uşaqlıqdan belə tərbiyə almışıq: heç vaxt heç nədən qorxmamaq, irəli, məqsədinə doğru getmək!

Bəs indi?

Amma indi, deyəsən, hər şeydən qorxuram!.. Yox, əlbəttə, zarafat edirəm.

Karyeranızda unikal vəziyyət var: Siz şirkətə işləyirsiz, yəni, əslində, muzdlu menecersiz, amma şirkətin üzü kimi qəbul olunursuz. Sizin bioqrafiyanızla daha təfərrüatıyla tanış olana qədər, əmin idim ki, şirkətin başçısı elə Sizsiniz. İşgüzar qadının hansı istedadı, hansı liderlik keyfiyyətləri olmalıdır, özünü necə müəyyən etməlisən ki, şirkətin üzü olasan?

Hesab edirəm ki, hər şey hörmət üzərində qurulur. Hərçənd heç kəsə elə-belə hörmət eləmirlər – hətta balaca uşağın da hörmətini gərək qazanasan. Birinə hörmət edirlər, o birinə – yox, hərçənd müəyyən keyfiyyətlər, potensial hər kəsdə olur... Yox, hörməti necə qazanmağın vahid formulunu çıxarmaq mümkün deyil!

Zənnimcə, sənə hörmət eləsinlər deyə, güc mövqeyindən çıxış etməmək lazımdır, sadəcə, ədalətli, dürüst və xeyirxah, sözlərinə cavabdeh insan olmalısan...

Haqlısız. Nəyi gerçək olaraq edə biləcəksənsə, onu vəd etmək və sözünün üstündə durmaq lazımdır. İnsanlar var, öz məqsədlərinə, sözün əsl mənasında, meyitlərin üstüylə gedərlər...

Bizim zəmanədə belə adamların da niyəsə hörməti var. Bəs şirkətin kollektivi ilə münasibətləriniz necə qurulur?

Şirkətdə az qala iyirmi beş ildir ki, işləyirəm. Mercury şirkətinin sahiblərinə böyük hörmətlə yanaşıram. Onlar qeyri-adi istedada və ağıla malik insanlardır, bütün bu illər ərzində həyat yolumu onlarla yanaşı getmək və öyrənmək mənim üçün maraqlı olub. Biz böyük bir imperiya yaratmışdıq, Rusiyanın dəbdəbə əşyaları və xidmət bazarında lider mövqelərdə olmuşuq. Kutuzov prospektində «Moskva» Ticarət Evini, Tretyakov keçidini, lüks butiklər küçəsini, Barvikha Luxury Village-i, 80 min kv. m sahəsi olan MUM-u, yüzdən çox butiki olan DLT-ni qurduq və bütün bunlar ən yaxşı dünya mağazaları səviyyəsində icra edildi. Qeyd etmək istəyirəm ki, biz inkişafımıza davam edirik, xarici şəraitlərə və müştərilərin tələblərinə uyğunlaşaraq, yeni istiqamətləri öyrənirik.

Bu yaxınlarda İnstaqramda yazmışdız ki, hər bir müştəri ilə fərdi işləyirsiz...

Mən çox illər müştərilərlə fərdi qaydada işləmişəm, hələ o vaxt Kutuzovdakı «Moskva» Ticarət Evi təzəcə açılmışdı. Bu çox xoşuma gəlirdi. Bu mağazada biznes qurulmasının ilk beş ilini keçirmişəm – istirahətsiz, həftədə yeddi gün. İndi isə mən tez-tez dostlarımla MUM-da görüşürəm və VİP-də onlarla çoxlu vaxt keçirirəm, nə almalarını məsləhət görürəm... Bu da əvvəlki kimi çox xoşuma gəlir.

Yeri gəlmişkən, deyin, belə gözəl görünməyə necə nail olursuz?

Məhz bu gün düşünürdüm ki, xüsusi olaraq müsahibəyə heç vaxt hazırlaşmıram. Çalışıram, amma həmişə alınmır. Ümid edirəm, bu gün sizi məyus eləməmişəm.

Uşaqlar haqqında danışaq. Siz, yəqin ki, qızınızla fəxr edirsiz?

Mən yaxşı bir insan böyütmüşəm. O, çox yaxşıdır – səmimi, düşüncəli, həyatsevər! Mən həmişə işləmişəm, amma vaxtımın çoxunu övladıma həsr eləmişəm. Hətta deyir: «Kaş bacım və ya qardaşım olaydı ki, sənin bu sevgini heç olmasa onlarla bölüşdürəydim!». Onu həmişə, doğulduğu gündən nəzarətdə saxlamışam: mənim övladım – mənim üçüncü əlimdir! Harda olurdumsa-olum, nə edirdimsə-edim, o, nəzarət altında idi. Məktəb, universitet, müəllimlər, keçid yaşının çətin dövrləri – mənim hamısında iştirakım olub. On iki yaşına qədər Katya Kanadada oxuyub, amma doqquz yaşından artıq Moskvaya uçmağa başlamışdı, mən onu yavaş-yavaş hazırlayırdım ki, oraya köçmək istəyirəm. Doğrusu, həmişə ona demişəm: ora xoşuna gəlməsə, geri qayıdacağıq.

Zəhmət olmasa, deyin, uşağı necə kamil insan kimi yetişdirmək və eyni zamanda onunla mənəvi bağlılığı itirməmək olar?

Bir psixoloq mənə məsləhət görüb: uşağın sizinlə münasibətinin onun yadında qalmasını istəyirsizsə, həmin vaxt, sadəcə, bütün telefonları söndürmək və yalnız uşaqla ünsiyyət etmək lazımdır – rəfiqələrinizlə və ya işinizlə bağlı danışmamaq. Telefona yayınmaqla siz uşağınızı əsəbiləşdirirsiniz. Odur ki, uşaqla keçirilən vaxt – uşaqla keçirilən vaxtdır. Bundan sonra isə, o özü başa düşməlidir ki, anaya işləmək lazımdır. Çoxlu analar tanıyıram ki, mənim kimi, onlara da işləmək lazım olduğundan, səhər altıda qalxıb uşaqlarını məktəbə göndərməklə, həm çox şeyə nail olublar, həm də gözəl uşaqlar tərbiyə ediblər. Yeri gəlmişkən, mənim həmişə köməkçim olub, amma öz evimin sahibəsi həmişə özüm olmuşam. Qızım işləyir və onun özünün artıq iki uşağı var, indi məni anlamağa başlayıb.

Həyatınızda ən çətin qərar hansı olub?

Moskvaya köçmək. Orada mənim iki yaxın rəfiqəm var və əvvəllər mən, sadəcə, onlara gedirdim. Bir neçə dəfə işə görə gəlmişəm, öz münasibət çevrəm qurulub... Sonra, hələ Mercury-yə qədər, bir şirkət mənə Moskvada iş təklif elədi. Mənim Torontoda sabit işim, normal gəlirim var idi. Amma mən mağazalarımı satdım və getdim. O vaxt, 90-cı illərdə, bütün yaxınlarım mənim dəli olduğumu hesab edirdilər!

Sizə incə bir sual vermək istəyirəm... Başa düşürəm, bu haqda danışıb-danışmamaq hər kəsin öz seçimidir. Amma bilirəm ki, Sizə xərçəng diaqnozunun qoyulduğunu gizlətmirsiz. Bu gün onkologiya mövzusu, təəssüf ki, çox aktualdır. Bəlkə də, Sizin danışacaqlarınız bir çox qadınlar üçün stimul olar...

Doğrusu, mən xəstələnəndə, bunu gizlətmək istəyirdim ki, heç kim heç nə bilməsin. İstəmirdim bu faktı adamların müzakirəsinə buraxım, amma gizlətmək də mümkün deyildi.

Yəqin ona görəmi ki, Siz publika adamısız?

Söz-söhbət çox tez yayılır. Birinci ili yenə də birtəhər gizlədə bildim. Amma sonra xəstəxanaya düşdüm, özü də bir neçə dəfə ard-arda və hamı bunu bildi. Nə təqdimatalara gedə bilirdim, nə tədbirlərə, gedəndə də pis görünürdüm. Deyirlər, hər bir sınaq nəyə görəsə və nə üçünsə verilir və xilas olmaq üçün gərək həyatını dəyişəsən – yoxsa, xəstəlik bir daha tuta bilər. Çoxları soruşur: mən həyatımı dəyişmişəmmi? O vaxt nələr hiss edirdim? Mən hələ nisbətən cavan idim, əlli yaşım var idi. Diaqnozu mənə məhz ad günümdən qabaq qoymuşdular, ona görə də öz əlli illiyimi olduqca gen-bol keçirdim – bilərəkdən, çünki düşünürdüm ki bu, bəlkə də, həyatımın sonuncu ad günüdür. Mənə çox ağır idi, amma mən özümə görə dərd çəkmirdim. Belə deyirlər: «Nə qədər ki, uşaqlarımıza lazımıq, getmək çox çətindir». İlk növbədə, fikirlər, əlbəttə, qızımla bağılı idi. Çox qorxurdum, çünki daim fikirləşirdim: o kiminlə qalacaq?.. İndi artıq deyə bilərəm ki, həyatda mənə nə olur - olsun, istənilən problemin həlli var. İndi mənə yaşamaq olduqca asandır, axı, hər şey müqayisə ilə dərk edilir. Amma mənə diaqnoz qoyanda, mən dəqiq anlayırdım: nə etsəm də, nə qədər pul xərcləsəm də, bu problemi həll etmək mənim iradəmdə deyil. Hərçənd pul çox vacib rol oynayır – maliyyə imkanınız olmasa, siz, sadəcə olaraq, yaxşı klinikaya düşüb savadlı həkimlərin müayinəsindən keçə bilməyəcəksiz. Əvvəlcə Moskvada müalicə olundum, amma, görünür, ən lazımlı adamların yanına düşməmişdim. Sonra İsrailə uçdum. Xəstəliyim uzun və ağır olub. Bu, vərdiş etmədiyim şey idi, çünki buna qədər sağlam idim, fəal  idim. Ölümcül yaralı, amma yaşamağa çalışan heyvana öxşayırdım – çalışırdım bir yolla özümü xilas edim... Amma hər şey Tanrının əlindədir. Sonuncu dəqiqəyə qədər hamının sağalmaq ümidi var, əsas – təslim olmamaqdır!

İndi bu ağır sınaqdan keçməkdə olan adamlara nə məsləhət görərdiz? Özlərini necə motivləndirsinlər?

Belə “xəbərlərə” hər adam bir cür reaksiya verir və bu prosesi də müxtəlif cür keçirir. Hamı üçün bir formul yoxdur, axı, hərə bir cür ağrıyır, insanlar bu dərdi müxtəlif cür çəkirlər. Əslində, ən çox ağrı çəkən yaxın adamlar olur; onlar daim öz əzizlərini itirmək qorxusuyla yaşayırlar.

Bu dəhşətli xəbəri biləndə ilk dəfə bölüşdüyünüz adam kim oldu?

Mənim ərim. Onunla artıq 25 ildir ki, bir yerdə yaşayırıq, hərçənd pasportlarımızda möhür yoxdur. Biz rastlaşanda artıq yetkin yaşlarda idik və müxtəlif cür vəziyyətlərə düşmüşdük: dalaşırdıq, barışırdıq, ayrılırdıq... Ən çox qorxduğum, öz xəstəliyimi anama bildirmək idi, uzun müddət ondan gizli saxladım. Yalnız 55 yaşım bitəndə bunu hamıya bəyan elədim, həmin vaxt mən artıq remissiya mərhələsinə girmişdim, buna qədər isə, sadəcə, bu mövzuda danışmaq istəmirdim. Mənə elə gəlirdi ki, xəstə olmaq... yaxşı iş deyil.

Belə bir fikir var: publika adamları ciddi xəstələnəndə, əvvəlcə qorxulu sarsıntı keçirirlər, sağalandan sonra isə, başqalarına kömək eləməyə başlayırlar...

Bəli, əlbəttə, mənimlə də eynisi baş verdi. Mən bu xəstəliyə qalib gələndən sonra, köməyimə ehtiyacı olanlara yardım eləməyə başladım. Ümumiyyətlə, məni uşaqlıqdan belə öyrətmişdilər – xeyirxahlıq eləmək. Nənəm həmişə deyərdi ki, hər gün heç olmasa kiçicik bir xeyirxah iş görmək, insanlara kömək eləmək lazımdır. Xəstəliyin öhdəsindən ki gəldim, nələrsə eləmək üçün artıq çox gücüm var idi. Özümə söz verdim ki, kömək edəcəm.

d24b02e7-48d9-4b91-b07e-59903f73b19c

Təəssüfləndiyiniz bir şey varmı?

Heç nəyə təəssüflənmirəm. Həyatda maksimum eləmişəm.

Məşhurlardan kiminlə dostluq edirsiz?

Mən çoxlu sayda dizaynerlərlə dostluq edirəm. Amerikada Lenon Lauder, Ralph Lauren-lə ünsiyyətim var. Moskvada çox yaxın dostlarım var. Məşhurlardan: Filipp Kirkorov, Andrey Malaxov, Aleksandr Dobrovinski, Yelena Malışeva, Yana Rudkovskaya, Valeriya, Evelina Xromçenko...

Məktəb dostlarınızdan qalıbmı?

Təəssüf ki, yox. Amma cavanlıq dostlarım var, onlarla dostluğumuz davam edir. Yeri gəlmişkən, dostluq – bu da bir zəhmətdir. Belə bir ifadə var: «Dostluq – sutkaboyu anlayışdır». Elə dostlarım var ki, onlara istənilən vaxt müraciət edə bilərəm. İllərlə görməyə bilərəm, amma həmişə bilirəm ki, onlara bel bağlaya bilərəm. Dostluq – həm uğur, həm uğursuzluğu bir yerdə keçirməkdir. Adamlar var ki, tədbirinə, toyuna, ad gününə çağırmağa bir kimsəsi belə yoxdur. Məndə isə, vəziyyət başqadır – mən gərək həmişə bir neçə əlavə masa qoyum!

Şüarınız?

Heç vaxt ruhdan düşməmək!

Müsahibə otuzuncu buraxılışda dərc olunmuşdur. 

 

Müsahibə: Ülviyyə Mahmudova/ Foto: Aleksey Konstantinov