Pavel Lungin – ən məşhur və qeyri-adi müasir kino rejissorlarından biridir, Kann Film festivalının laureatı (1990), Rusiya Federasiyasının xalq artistidir (2008). Onun hər bir filmi – tamaşaçını laqeyd qoymayan bir təzahürdür. O, kino ilə uşaqlıqdan "bağlıdır": atası – məşhur ssenarist Semyon Lungindir, anası isə Liliana Lungina sovet oxucularına fransız və alman klassikasından bir çox rusca tərcümələr bəxş edib. 1976-cı ildə, Pavel ilk dəfə “Məsələ qardaşımdadır” filminin ssenarisinin yazılmasında iştirak edərək özünü kinoda sınayır. Rejissorluq arzusuna yalnız çətin 90-cı illərdə nail olur: onun "Taksi-Blyuz" filmi yenidənqurma dövrünün problemlərini ilk qaldıranlardan və insanları yeni formasiyada göstərənlərdən olub. Biz Pavel Semyonoviçlə kino rejissoru peşəsi, müasir kino problemləri haqqında həyat yoldaşı ilə birlikdə dincəlməyə gəldiyi mənzərəli Qəbələdə söhbət etdik.
Pavel Semyonoviçlə görüşümüz tamamilə təsadüfən baş verdi: biz komandamızla bərabər "Qəbələ" layihəsinin çəkilişlərində idik və Bakıya qayıtmağa hazırlaşanda bizə bildirdilər ki, rejissor "Chenot Palace" da istirahət edir.
Biz onu hava limanına gedərkən yaxaladıq, lakin metr gülər üzlə bizə zaman ayırmağa razılaşdı.
Pavel Semyonoviç, Azərbaycana xoş gəlmisiniz! Bizim Qəbələmiz, Bakımız xoşunuza gəldi?
Qəbələ çox xoşuma gəldi – çox gözəl təbiəti və ən əsası çox yaxşı sağlamlaşdırma mərkəzi var. Burada mənə artıq çəkimi atmağa kömək etdilər və indi mən özümü xeyli yaxşı hiss edirəm. Bakıda isə mən 10 il bundan əvvəl, beynəlxalq film festivalına gəlmişdim. Düzdür, o zamandan şəhər olduqca dəyişib, daha da gözəlləşib.
Bəlkə Sizin Bakı ilə bağlı hansısa film layihələriniz var?
Hələ ki, yoxdur. Sizin tərəfdən təklifləri gözləyirəm!
“Taksi-Blyuz” filminizi Siz qırx yaşında çəkmisiniz. Buna Sizi nə təşviq etmişdi?
Görünür ki, sadəcə onun vaxtı çatmışdı. Bu yenidən qurmanın qızğın çağı idi, belə bir imkan yaranmışdı... Mən isə öz filmimi çəkmək arzusunda idim. İxtisas üzrə mən ssenaristəm, amma rejissor olmaq istəyirdim, lakin mədəniyyət nazirliyindən keçmək çox çətin idi. Əgər mənim ssenarimi Fransızlar oxumasaydı və film kooperativ məhsul olmasaydı, bilmirəm hər şey necə olacaq idi... Demək olar ki, mənə həyat özü və əlbəttə ki, uğur elementi yardım etdi...
Bundan sonra Siz uzun illər Fransada yaşadınız. Amma heç vaxt Fransız olmadınız?
Gördüyünüz kimi. Deməliyəm ki, məni dəvət edən Fransızlar mənə sənəd, ev və s. məsələlərdə çox yardım etdilər. O vaxtı onlar kommunizm böhranından sonra Rusiyada yaşanan hər bir şeyə böyük maraq göstərirdilər. “Taksi-Blyuz” məğzinə görə ilk “yenidənqurma” filmi oldu: o, bütün yaranan münaqişələrin üstünü açırdı, yeni təfəkkürlü insanı göstərirdi. O zaman mənə Fransada yaşamaq rahat idi. Lakin mən orada heç vaxt fransızlar haqqında film çəkməmişəm – onlar mənə bir az pul verirdilər, mən də o pula Rus filmlərini çəkməyə davam edirdim. İndi anlayıram ki, bu axmaqlıq idi....
Keçmişdə olanlar üçün heyfsilənməyə dəyməz...
Mən heç də heyfsilənmirəm. Həm də, mən onsuz da fransız ruhunu dərindən dərk edə bilmədim, onların yaşantısını sonunadək anlaya bilmədim, yeri gəlmişkən, baxmayaraq ki, fransız dilində pis danışmıram.
Siz Parisdə özünüzü evdəki kimi hiss etmirdiniz?
Yəqin ki, belə demək olar. Moskvada mən münaqişələri hiss edirəm, insanları nəyin narahat etdiyini hiss edirəm...
Simalar, binalar... düşünürəm ki, burada hər şey əhəmiyyət ifadə edir...
Əlbəttə. Xüsusən simalar. Hər bir sima – açıqlamasını tapmaq istədiyin bir tapmacadır, şifrdir.
Gəlin kino haqqında danışaq. Necə düşünürsünüz, müəllif kinosu blokbaster axınına tab gətirə bilər? Yəqin ki, bu sualı Sizə tez-tez verirlər?
Bilirsiniz, kino üçün bu vacib sualdır. Onun gələcəyinin sualıdır. Mənə bu sualı tez-tez vermirlər, lakin mən özüm özümə bu sualı tez-tez verirəm. İlk əvvəl, yəqin ona görə ki, mən Tarkovski festivalının prezidentiyəm. Biz hər zaman müəllif filmlərini salamlayırıq, lakin son vaxtlar mən kütləvi və müəllif filmlərinin yollarının ayrıldığını görürəm. İndi bir çoxları müəllif kinolarından seriallara keçirlər. Bir şey sevindirir ki, – yaxşı seriallara.
Mən bu yaxınlarda Cud Lounun iştirakı ilə “Gənc Papa” amerikan serialının birinci mövsümünə baxdım, olduqca maraqlı idi. Amma bilmirəm, davamını gözləməyə dəyərmi?
Yəqin ki, yox: son dörd bölümdür ki, onun müəllifləri nə edəcəklərini bilmirdilər – süjet itmişdi və onlar sadəcə bu yarı iblis, yarı müqəddəs – əsas qəhrəman ilə bir şey etməli idilər.
Siz hesab edirsiniz ki, Rus kinosu Avropa və Amerikan filmlərinə qarşı durmalıdır?
Axı niyə o saat – qarşı durmalıdır? Bu axı boks deyil! Hər şeydən əvvəl bu maraqlı olmalıdır. Düzdür, kino sənayesində bizim öz problemlərimiz var. Əsas odur ki, kütləvi tamaşaçı müəllif kinosunu sevmir.
Onu yəqin ki, qavramaq çətindir...
Mən belə deyərdim: bu gün Rusiyada əksəriyyət problem haqqında düşünmək istəmir – hamı sadəcə yaşamaq və zövq almaq istəyir. Ona görə də yalnız şən və yüngül filmlərə baxmağa gedirlər. Rusiyada isə indi iki növdə filmlər çəkilir. Bu, ya böyük xəzinə toplayan “Vikinq” kimi tarixi mövzuda bahalı büdcəli filmlər...
Bu filmləri məmnuniyyətlə seyr edirlər?
Yəni, bilmirəm. Şübhəsiz, seyr edirlər. Bəlkə də, sonra tənqid edirlər, amma seyr edirlər... Bizim kinoda ikinci populyar janr isə – sadəlövh, axmaq komediyalardır. Bəlkə onlara da tüpürürlər, amma yenə də baxırlar. Lakin bizdə amerikan filmləri yaxşı baxılır – avropa filmləri çoxdan bizim ekranlardan yox olub...
Siz hesab edirsiniz ki, bununla necəsə mübarizə aparmaq olar?
Necə mübarizə aparmaq?! Bu sualla mədəniyyət nazirliyi məşğul olmalıdır. Fransada da bu cür problem yaranmışdı və mədəniyyət nazirliyi Fransızları milli kinoya alışdırmaq üçün əlindən gələni etdi. Bizdə də bu işdə kömək etmək istəyənlər var – məsələn Kino Fondu. Düzdür, o, sadəcə ticari filmlərə yardım edir. Amma niyə onlara yardım edirlər? Onlar onsuz da ticaridir. “McDonald’s”-a maddi olaraq heç kim yardım etmir ki...
O özü özünə yardım edir və bununla da, bizi məhv edir...
Bəli, biz isə sonra buraya, Qəbələyə qəlirik və fastvudun zərərli nəticələrindən təmizlənirik...
Puşkinin qeyri-adi povesti olan “Qaratoxmaq qadın” ekranlaşdırmanız haqqında nə deyə bilərsiniz – riskli deyildi mi?
Əlbətdə, riskli idi, bunu heç kim hələ etməmişdi. Amma mən hər zaman filmləri risk həddində çəkirəm.
Bu filmdə çox gözəl çəkilişlər olunub, maraqlı işıq quraşdırılıb...
Mənə elə gəlirdi ki, tamaşaçıya opera və triller janrlarının qarışığı, rus klassikası ilə müasir həyat elementlərinin birləşməsi maraqlı olacaq. Amma nədənsə filmi elə də çox insan seyr etmədi, o, uğur qazanmadı. Mən fikir vermişəm ki, bu gün bu cür mədəni layihələr tamaşaçıları özündən uzaqlaşdırır...
Ümid edək ki, bu müvəqqəti haldır və kino tamaşaçısı nəhayət təqribən əlli ildən sonra əsl sənəti qiymətləndirməyi öyrənəcək!
Mən bəzən zamanı qabaqlayıram.
Doğrudur, axı Siz xərçəng bürcündənsiniz: xəyalpərəst, həssas...
Kinoda çalışmaq üçün, yəqin ki, bu pisdir! Yeri gəlmişkən, mən həm də su bürclərindənəm – daim üzürəm.
Bilirsiniz, mən fikir vermişəm ki, çoxdandır heç kim yaxşı uşaq filmləri çəkmir...
Bu gün onlar heç lazım da deyil, bütün bu amerikan filmləri elə uşaq filmləridir. Axı indi qlobal infantilizasiya baş verir.
Mən əsl uşaq, mehriban filmləri nəzərdə tuturam. Məsələn, “Balaca və Karlson” kimi...
“Ulduz savaşları” məgər uşaq filmi deyil? Orada da kuklalar, böyük kuklalar iştirak edirlər...
Məndə elə təəssürat var ki, bu gün kino sadəcə sağ qalmağa çalışır...
Əgər Nitşenin sözlərini bir az başqa şəkildə ifadə etsək, o zaman demək olar ki: öldürmədiyiniz hər bir şey – sağ qalır!
O cümlədən, əsl, ağıllı kino tamaşaçısı da?
Əsl kino tamaşaçısı, bizim sənətin həqiqi qiymətini bilənlər üçün, mən kiçik, klub tərzində kinoteatrlar açardım. Fransada, məsələn, böyük çox zalı olan kinoteatrlarla yanaşı həm də müxtəlif, kiçik, köhnə kinoteatrlar mövcuddur: Parisin Latın məhəlləsində, başqa yerlərində... Bu kiçik, rahat, maksimum 100 nəfərlik zaldır. Tamaşaçı sayı isə burada beş nəfər də ola bilər. Lakin məhz burada heç də , xəzinə kinosu deyil, həqiqətən yüksək bədii film seyr etmək olur. Axı hər kəs, pivə içən və popkorn yeyən gənclərin yanında hansısa reklam olunmuş film seyr etmək istəmir... Hətta bu cür mini-kinoteatrda pivə və popkorn satılsa da, burada mühit tamamilə fərqlidir. Bəs sizdə kinoteatra gedirlər?
Əlbətdə, bizdə kinonu çox sevirlər. Düzdür, bizdə də əsasən blokbasterlərə baxmağa gedirlər. Təəssüf ki... amma mən indi kino mövzusundan bir az uzaqlaşmaq istəyirəm. Burada, Qəbələdə necə dincəlirsiniz? Mənzərəli ətrafla artıq tanış olmusunuz?
Yox, mən hələ otelin xaricinə çıxmamışam. Burada dincəlmək isə xoşuma gəlir.
Bakı və ya bizim ölkəmiz ilə əlaqədar hansısa bir film çəkmək istərdiniz mi?
Əlbəttə. Bu cəlbedici, macəralı, insani, qeyri-adi əhvalat olmalıdır: mənə hər hansı bir psixologizm, daxili gərginlik olmadan film çəkmək maraqlıdır.
Sizi istirahətinizdən daha ayırmayaq... Dolğun söhbət üçün təşəkkür edirəm!
Sizinlə söhbət etmək çox xoş idi. Ən xoş arzularla! Gələcək film üçün mövzu gözləyirəm!
Material 36-cı buraxılışda dərc olunmuşdur.
Müsahibə: Ülviyə Mahmudova / Foto: Pərviz Qasımzadə