RUS TƏRZİNİN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ

Qərbdə Rus tərzinin ikonası olan Ulyana Sergeenkonu yeni Rus zadəganlığının nümayəndəsi adlandırırlar. Onu, Miroslava Duma, Vika Qazinskaya, Yelena Perminova kimi məşhurların aid olduqları moda dünyasının “qüdrətli yığını” – “Russian pack” deyilən cəmiyyətin vacib halqası olaraq görürlər. 2011-ci ildən, Ulyananın ilk kolleksiyasını yaratdığı zamandan bəri onun təsis etdiyi brend “a la russe” tərzinin əsl səlahiyyətli nümayəndəsinə, Qərb kütləsi üçün “rusluq” kvintessensiyasına, ən əsası isə yüksək keyfiyyət və son dərəcə ustalıq simvoluna çevrilib. Ulyana bizə iş gününün necə təşkil edildiyi, ilham mənbəyi olaraq nəyin xidmət etdiyi və Qərbdə kolleksiyalarının populyar olmağının səbəbi barədə danışdı.

160

Siz fəaliyyətə moda fotoqrafı olaraq başlamısınız. Kolleksiyanızı yaratmağa sizə nə təkan verdi?

Bu yaxınlarda ilk dəfə məktəb məzuniyyətimdən çəkilən bir videonu izləyirdim. Bu videoda müdir mənə attestatı təqdim edərək gələcəkdə dizayner olacağımı əvvəlcədən xəbər verir. Yəqin ki, uşaqlıqdan hər şey buna doğru gedirdi. Mən tez-tez deyirəm ki, kuturyedə doğulmuşam: nənəm mənim üçün paltarları özü tikirdi. Sovet dövründə nəsə tapmaq çətin idi, eksklüziv geyimlərdən heç söz ola bilməzdi və hər bir ailə bacardığı qədər vəziyyətdən çıxırdı. Məktəbdə, əmək dərslərində mən tikiş maşını ilə tanış oldum və geyimlərdə özüm fantaziyalar uydurmağa başladım. Daha sonralar isə Moskvada və ya Parisdə cəmiyyətə çıxanda tez-tez eşidirdim: "Bunu haradan əldə etmisiniz?". Yeri gəlmişkən, bütün bu geyimlər sifarişlə öz eskizlərim əsasında tikilirdi.

Üç sözlə rus üslubunu təsvir edin.

Qadınlıq, güc, özünə inam.

Ulyana Sergeenkonun növbəti kolleksiyasının hər bir elementi müstəqil sənət əsəridir, yoxsa qarderobun praktiki bir hissəsidir?

Əgər kuturye xəttindən danışsaq, bəli, hər bir şey yaranması aylar sürən sənət əsəridir. Təcrübə göstərir ki, bu əşyalar gündəlik həyatda tam şəkildə istifadə edilə bilər. Bizim həm də demi-couture kolleksiyamız var. Bu kolleksiyamızda trenddə olmayan, illərlə istifadə edilə bilən keyfiyyətli geyimlər təqdim edirik.

14

Hər bir yeni modeli diqqətlə özünüz hazırlayırsınız, yoxsa bəzən ideya verib və qalan işi komandaya etibar edə bilərsiniz?

Hər bir geyimin üzərində demək olar ki, bütün komanda işləyir. Hər şey ideya ilə başlanır, ən maraqlısı isə bu ideyanın necə inkişaf etdiyini izləməkdir. Növbəti addım - eskizlərdir: bu mərhələdə biz orijinal konsepsiya üzrə hərəkət edirik, amma getdikcə daha çox detallar ortaya çıxır. Bütün prosesin ən çətin hissəsi - nümunələrin hazırlama mərhələsidir. Biz prototiplər, naxış variantları, formalar, parçaların rəngini yaradırıq - hər şey Moskvadakı atelyelərimizdə hazırlanır. Bu zaman isə komandanın digər hissəsi Parisdə şounun təşkili üzərində çalışır. Seçilmiş mövzudan asılı olaraq keçiriləcək məkanın necə göründüyünü, hansı musiqinin olacağını təsəvvür etməyə başlayırıq, referensləri müzakirə edirik və hər bir kəs son görünüşünə və kolleksiyanın əhval-ruhiyyəsinə təsir edən özündən bir şey, şəxsi baxışını əlavə edir. Nəhayət, biz final görünüşünü tamamlayacaq hər bir şeyi - dəvətnamələr, markalar, musiqi, makiyaj və saç düzümləri üçün moodboardlar yaradaraq uyğun bir yer axtarmağa başlayırıq.

Ənənəni tükənməz bir ilham mənbəyi hesab edirsinizmi, yoxsa gələcəkdə digər qaynaqlara keçid imkanını da düşünürsünüz?

Rusiya tarixi, sənəti, folkloru - tükənməz ilham mənbələridir! Rusiyadan danışarkən, keçmiş Sovet İttifaqının bütün 15 respublikasının tarixini və mədəniyyətini nəzərdə tuturam. Əlbəttə ki, bizim ölkəmiz doğulduğum və daimi yaşadığım yer olaraq bizə böyük təsir göstərir. Amma biz respublikalarla məhdudlaşmırıq, biz dünyaya açığıq.

Necə düşünürsünüz, Sizin geyimləriniz Qərbdə niyə bu qədər məşhurdur?

Bütün dünyada hər zaman ölkəmizə, onun tarixinə maraq göstərilmişdir. İnsanlara dəmir pərdə arxasında həyatın necə qurulduğu maraqlı olub.

Mən pərdəni qaldırmağa və Rusiya mədəniyyəti ilə bütün dünyanın əlaqəsini göstərməyə çalışıram. Bunu hər kolleksiyada müxtəlif yollarla nümayiş etdirirəm.

Unikallıq və ya qloballaşma?

Unikallıq.

À la russe tərzindən başqa Sizi nə ilhamlandırır?

Dediyim kimi, ölkəmizin tarixi və mədəniyyəti sonsuz bir ilhamdır. Amma buna səbəb həm seyr etdiyim film, həm oxuduğum kitab, həm dostlarla maraqlı söhbət, həm də yeni yerlərlə tanışlıq ola bilər ...

18

Sizin peşənizdə ən çətin olan nədir?

Yaxşı kadr tapmaq, peşəkar komanda yaratmaq.

Karyeranızda ən çətin an və ya hadisə barədə bəhs edin.

Onların sayı çoxdur. Bir qayda olaraq, düşüşdən sonra inkişafda bir sıçrayış olur, buna görə də, həyat çətinliklərini sevirəm, onları məni daha yaxşı edən qiymətli bir təcrübə olaraq qəbul edirəm.

Həyatınızda belə bir səhər olubdurmu ki, gecə adi bir qız kimi yatasınız, amma bütün dünyaya məşhur olaraq oyanasınız? Karyeranızda dönüş nöqtəsi nə olub?

Yəqin ki, Parisdə ilk kuturye şoumuzdan sonra bütün komanda ilə yaşadığımız əsl uğurun eyforiya hissi. Kulis arxasında biz hamımız ağlayıb qucaqlaşırdıq. Kolleksiyanı Parisdə nümayiş etdirmək fikrini ilk təqdim edən Natalya Vodyanova təsiredici nitq söylədi... Çox güman ki, məhz onda biz öz gücümüzə inandıq.

Öz geyim tərzinizi təsvir edin. Tərzinə heyran olduğunuz biri varmı?

Uşaqlığımdan bəri öz nənələrimin tərzinə heyranam. Köhnə fotolara baxdığımda, görürəm ki, çətin günlərə baxmayaraq, onlar hər zaman çox zərif görünürdülər: gözəl saç düzümü, çiçək naxışlı paltarlar, toxunmuş kardiqanlar və sadə bəzək əşyaları. Məncə tərzimə ən çox onlar təsir göstəriblər. Mən intuitiv olaraq qadın obrazlarını seçirəm, amma özümü əlbəttdə ki, bizim "yetim" paltarlarında daha rahat hiss edirəm.

13

Yaradıcılığı və biznesi bir arada daşımaq çətindirmi?

Bəli, amma təcrübə artdıqca bir az daha asan olur.

Xarakterinizin ən güclü və ən zəif xüsusiyyətləri haqqında danışın.

Güclü xüsusiyyətim - həmişə ideyalarla doluyam. Zəif - mən bir introvertəm.

İdeal gününüzü təsvir edin.

Evdə asudə səhər: kitablar, filmlər, səhər yeməyinə sırniklər. İş günü: komandamın alovlanan gözləri. Axşam ailəm və dostlarımın əhatəsində.

Yeni başlayan dizaynerlərə nə məsləhət verərdiniz? Haradan başlasınlar, nədən qorxsunlar və nəyə yol verməsinlər, necə anlasınlar ki, zəhmət çəkməyə dəyər, ya yox?

Öz intuisiyalarını dinləsinlər, həmişə təkmilləşsinlər, öyrənsinlər.

17

Ailə yoxsa karyera?

Hər ikisi də. Amma mənim üçün ilk növbədə uşaqlarımdır.

Moda dünyasında sizin üçün yeni kəşf nə oldu?

Hər gözəl səhnə, libas, hətta sözün arxasında çox böyük bir iş dayanır.

Bakıda olmusunuz?

Bəli, bu yaxınlarda.

Bakı, onun haqqında təsəvvürünüzdə yaranan stereotipləri qıra bilirmi?

Düzünü desəm, stereotipləri düşünməməyə, fərqləndirməməyə çalışıram. Yeni yerlərlə böyük məmnuniyyətlə və maraqla tanış oluram.  Bakı şübhəsiz ziddiyyətlər şəhəridir: burada tarixin, müasirliyin və gələcəyin təkrarolunmaz ahəngi hökm sürür, yəni mənim sevimli ahəngim. Xatirimdə qalan - möhtəşəm mətbəxi və xüsusən də, şirniyyatla Azərbaycan çayıdır.

Yerli dizaynerlərin işləri ilə tanışsınızmı?

Otel nömrəmdə bir neçə jurnal var idi, o cümlədən Nargis jurnalı. Bu jurnallarda gördüklərim məni sevindirdi.

Yerli dizaynerlərdə şərq və avropa mədəniyyətinin birləşməsi, müəyyən bir yerə bağlanmayan tamamilə yeni siluetlər və klassika sezilir. Eyni zamanda hər kəsin özünün, tanınan dəsti-xətti var.

 photo5285257098441107951

ÇƏKİLİŞDƏ GÖSTƏRDİYİ KÖMƏYƏ GÖRƏ MOSKVADA YERLƏŞƏN "DE GOURNAY" SHOWROOMUNA TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK

"de Gournay" əl yazısı ilə divar kağızları, dizayn Porto bello

 

MÜSAHİBƏ AFƏT BAĞIROVA

FOTO NİKOLAY SUŞKEVİÇ