Onu həmişə musiqi əhatə edib: o, bəstəkarlar evində, məşhur musiqiçilər ailəsində böyüyüb və musiqidən savayı başqa işlə məşğul olmağı heç düşünməyib. Sənətdə onun mənəvi atası Niyazi oldu: maestro onun üçün həmişə nümunə olub, gənc Yalçını ruhlandırıb və Leninqrad konservatoriyasına daxil olmağı ona tövsiyə edib. Bu gün istedadı Avropa və Asiyada, Amerika və Afrikada alqışlanan və daha çox tələbat duyulan milli dirijor, Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, professor – Yalçın Adıgözəlov – bu gün həyatının ən başlıca missiyasını Azərbaycan musiqisinin fəal təbliğində görür. Maestro Yalçın Adıgözəlov “Nargis”in oxucularına Azərbaycan musiqisinin planetdəki uğurlarından söz açıb və bir çoxlarını narahat edən – “muğam ifaçılığı sənətini öyrənmək olarmı?” sualını cavablandırıb.
Bu il ən yadda qalan layihəniz hansı oldu?
Üzərində çalışdığım bütün layihələr mənim üçün əhəmiyyətli və vacibdilər, mən heç bir fərq qoymuram. Amma bu il 2 hadisə xüsusilə yadda qaldı. 2017-ci il mayın 10-da biz Kiyevdə Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert verirdik. Kiyev filarmoniyasının Böyük zalında Ukraynanın Dövlət akademik simfonik orkestrinin ifasında ilk dəfə Heydər Əliyevə xüsusən əziz olan tamamilə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət olan konsert səsləndi. Sirr deyil ki, o, musiqiyə qiymət verən və musiqini yaxşı bilən biri idi və respublikada musiqiçilərə hər cür dəstək verirdi. Onun xatirə günü biz Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirovun əsərlərini ifa edirdik. Xalq artisti, Bakı konservatoriyasının rektoru Fərhad Bədəlbəyli ilə Heydər Əliyevin sevdiyi F.Əmirovun və E.Nəzirovanın ərəb mövzularında Konsertlərini ifa etdik. Sonra biz 30 ölkədən olan musiqiçinin iştirak etdiyi möhtəşəm, 2 həftəlik musiqi festivalının açılışı üçün Lvova getdik. Sentyabrın əvvəlində Moldovada keçirilən Mariya Biyeşu adına opera festivalında biz beynəlxalq solistlər heyəti ilə Çaykovskinin “Qaratoxmaq qadın”ını təqdim etdik. Daha sonra Üzeyir Hacıbəyov Festivalında Ankara orkestri ilə çıxış edmişdik. Oktyabrın 18-də isə Azərbaycan musiqisi Dnepropetrovskdə səsləndi.
Adətən səhnəyə hansı hisslərlə çıxırsınız?
Xoş həyəcanla. Amma nəbzim bir az çox vurur və şübhələr narahat edir... Axı mən 100 nəfərlik kollektiv qarşısına çıxıram, hərənin öz düşüncəsi, problemləri var, amma tamaşaçı bunu hiss etməməlidir... Biz vahid komandayıq və gözlənilən nəticəni verməliyik. Çox şey dirijorda qapanır: o, hamıda ilham oyatmalıdır ki, tamaşaçı konsertdən valeh olmuş və düşünərək getsin.
Yəqin ki, həyatınız bir il əvvəlcədən planlaşdırılıb? Çox zaman özünüzə məxsus olmayan bir cədvəllə yaşamaq çətindirmi?
Artıq 2 il. Amma mən əvvəlki tək tamamən özümə məxsusam. Özümə, ailəmə, dostlarıma, ölkəmə məxsusam. Belə rejimdə yaşamaq asan deyil, amma mən həmişə bunu istəmişəm, buna can atmışam və bu – mənim seçimimdir. Allah eləsin ki, bu mümkün qədər çox davam etsin! Sadəcə olaraq belə rejimə fiziki cəhətdən hazır olmağa çalışıram – üzgüçülüklə məşğul oluram, qaçıram, velosiped sürürəm... Artistlərin həyatının əvvəlcədən tənzimlənməsində isə onların günahı yoxdur: bu, konsert zallarının illərlə əvvəldən işini tənzimləməsindən irəli gəlir. Əgər, məsələn, biz 2019-cu ildə Pekində konsert vermək istəsək, bizə “uşaqlar, siz gecikmisiniz” söyləyə bilərlər. Əvvəllər konsertlər yalnız istirahət günləri olurdu. İndi isə konsertlər hər gün olur, bəzən isə gündə 2-3 dəfə.
İfa baxımından Sizin üçün ən mürəkkəb tamaşa hansıdır?
Asan tamaşa, konsert yoxdur, hamısı mürəkkəbdir, hər şey ifa səviyyəsindən asılıdır. Məsələn, Haydnın fortepiano konsertlərini birinci sinifdə ifa etmək olar, amma onları çox zaman dahi Rixter ifa edirdi, özü də necə ifa edirdi! Əlbəttə, hər şeyə, necə deyərlər, səthi yanaşmaq mümkündür. Ancaq sən dərinə gedirsənsə, peşəkarcasına çalışırsansa, materiala diqqətlə yanaşırsansa, o zaman hər şey mürəkkəbdir. Heç nəyi asan əldə etmək mümkün deyil. “Knyaz İqor”ı biz Türkiyədə, Aspendosda, məşhur antik amfiteatrda səhnəyə qoyurduq. Səhnədə canlı atlar, dəvələr, 150 nəfərlik xor, nəhəng orkestr, zalda 10 000 tamaşaçı var idi... Asan deyildi, lakin publika möhtəşəm mənzərəyə şahidlik etdi!
Məşhur atanız Vasif Adıgözəlov Sizə hansı öyüdü miras buraxdı?
O, mənə və qardaşıma öyüd verirdi: heç vaxt heç kimdən heç nə istəməyin, lazım olanı edin və Allah hər şeyi verəcək.Yəni düzgün yaşasanız hər şey olacaq. Odur ki, qardaşımla diqqətlə yaşamağa, Uca Allahın qarşısında düzgün olmağa çalışırıq.
Sizin məşhur musiqi sülaləniz var! Bəs övladlarınız musiqiyə nə dərəcədə ciddi yanaşırlar?
Olduqca qeyri-ciddi! Qızım həkimlik, böyük oğlum maliyyəçilik oxuyur, kiçik isə məktəblidir, bizimlə döyüşür. Biz onu heç olmasa 1 saat royalda məşğul olmağa məcbur etməyə çalışırıq, o isə cavab verir: məmnuniyyətlə, amma yalnız 2 saat futbol oynadıqdan sonra!
Sizin qarderobla kim məşğul olur? Dəbli tendensiyalarla ayaqlaşırsınız?
Dəbli tendensiyalarla ayaqlaşmıram, amma geyimdə əsas kriteriyalar – keyfiyyət və rahatlıqdır. Səfərlərdə, məşqlər arasında nəsə ala bilərəm, amma həqiqətən də ehtiyac duyduğum bir şeyi. Artıq şey yoxumdur. Yeganə son dərəcə diqqət yetirdiyim – ayaqqabıdır, axı mən daim ayaq üstəyəm. Yeri gəlmişkən, dirijor üçün ayaqlar heç də əllərdən az əhəmiyyətli deyil. Əlbəttə ki, fraklar – bu, artıq fərdi tikişdir. İstanbulda çox bacarıqlı ustam var, çox məşhur dərzidir. O, təbii parçalardan sanki çəkisiz fraklar tikir, onlarda işləmək çox rahatdır.
Yeni Milli konservatoriyanın yaranması hansı nəticə verdi?
Zaman göstərdi ki, bu, müdrik addım idi. Düzdü, əvvəlcə heç kim anlamadı. Hətta çox sayda əleyhdarlar da var idi, onlar “milliləri” “klassiklərdən” nə üçün ayırmaq lazım olduğunu anlaya bilmirdilər: yəni hamısı bir qazanda qaynamalıymış. Mən hər iki konservatoriyada dərs deyirəm. Milli konservatoriyanın məzunlarını həmişə özümlə səfərlərə solist qismində dəvət edirəm. Hərçənd, son zamanlar onları Vətəndə tapmaq çətindir – daim səfərlərdə olurlar. Onlar o qədər populyardılar ki, Novruz, Respublika Günü və ya Müstəqillik Günü üçün onları isti kökə kimi aparırlar! Təəccüblüdür: bizim gənc tar, kamança ifaçılarımızın və müğənnilərimizin virtuozluq səviyyəsi nə dərəcədə artıb, belə şey heç vaxt olmayıb, bu sanki renessansdır! Bizim həmişə gözəl ifaçılarımız olub, amma indiki qədər yox. Onlar arasında hətta sağlam rəqabət də var. Səhər saatlarında Milli konservatoriyaya gəlsəniz görərsiniz ki, müxtəlif mərtəbələrdə bir neçə orkestr məşq edir.
Azərbaycan müəlliflərinin əsərlərindən ibarət proqramla tez-tez qastrollarınız olur?
Azərbaycan musiqisinin təbliğatı bütün həyatımın işidir! Bütün xarici konsertlərimdə, harada çıxış etməyimdən asılı olmayaraq, Avropadan Asiyaya qədər, hər yerdə proqramın birinci nömrəsi Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”dur. Cəmi 8 dəqiqə davam edən dahi əsər: müəllif ona ölkənin bütün tarixini sığışdırmağı bacarıb. Artıq adın özü dirijorun vizit kartı ola bilər: aydın olur, mən haradanam, hansı ölkəni təmsil edirəm. Bu əsər gözlənilməzlik effektinə malikdir – tamaşaçı daim sarsıntı, şok yaşayır. Yeri gəlmişkən, diplomatik münasibətlər tariximizdə ilk dəfə olaraq tezliklə Hanoyda, Vyetnamın paytaxtında konsert verəcəyik. “Azərbaycan kapriççio”su isə, həmişə olduğu kimi, birinci nömrə olacaq.
Bizdə gəncliyin nümayəndəsi olan parlaq musiqiçilər varmı?
Var. Onların arasında bəzilərinin isə böyük gələcəyi olacağını söyləyə bilərəm. Son dərəcə istedadlı pianoçu var. Belə pianoçunun yetişməsini çoxdan gözləyirdik və o, yetişdi: Eldəniz Ələkbərzadə, birinci kurs tələbəsi. Biz onunla artıq birgə çıxış etmişik və oktyabrda Bakıda filarmonik konsertdə yenə birgə ifa edəcəyik. Gözəl hazırlığa malik, savadlı və eyni zamanda son dərəcə milli olan istedadlı bəstəkar Ayaz Qəmbərli var. Biz ona da böyük ümidlər bəsləyirik və onun musiqisini xarici konsertlərimizdə ifa edirik.
Klassik tamaşaların müasirləşdirilməsinə necə münasibət bəsləyirsiniz?
Mən həmişə doqmalara qarşı olmuşam. Hansısa klassik kanonlarda qapansaq, XXI əsrdə yaşadığımızı nəzərə almasaq, eksperimentlərə yer verməsək, heç vaxt filarmonik səhnə zallarına gəncləri cəlb edə bilməyəcəyik. Biz isə ancaq yaşlılara ümid edə bilmərik. İstedadla, zövqlə, ən əsası inandırıcı halda edilən eksperimentin yaşamaq haqqı var. Mən özüm də eksperimentləri çox xoşlayıram.
Muğamı müasirləşdirmək mümkündürmü?
Muğamdan daha müasir heç nə yoxdur! Muğam - təmiz hava, saf su kimi xüsusi bir substansiyadır. Suyu necə müasirləşdirmək olar? Bu duadır, çünki mənəviyyatla bağlı hər şey muğamda mövcuddur. Üzeyir bəyin dahiliyi nədədir? O, 100 ildən artıq anşlaq yaradan şah əsər yaradıb. Ona qədər opera səhnəsinin hitləri – “Aida”, “Bohema”, “Karmen” olub. Amma Üzeyir bəy operanı tamamilə fərqli ənənələrə malik Şərqdə yaratdı. 13 yaşında ikən Şuşada “Leyli və Məcnun”dan bir səhnəyə tamaşa etdi və 10 ildən sonra elə bir şah əsər yaratdı ki, əbədi olaraq yaşayacaq. Üzeyir bəy Şərqin Motsartıdır. Mən sentimental insan deyiləm, amma hər dəfə “Şəbi Hicran” səslənəndə istər-istəməz gözlərim yaşarır. Bəlkə Azərbaycanlıyam, bəlkə də Qarabağdan olduğuma görə? Bəlkə də ona görə ki, Üzeyir bəyi mənim üçün həmişə sağ olan atamı hiss etdiyim kimi hiss edirəm... Mənim üçün Üzeyir bəy müqəddəsdir. Zənnimcə o olmasaydı, burada heç nə olmazdı... Biz hər gün onun məzarını ziyarət etməliyik, Tanrıya baş əyməliyik və belə bir insanı bizə bəxş etdiyi üçün ona şükür etməliyik!
Bəs cəmiyyətdə klassik musiqiyə maraq nə dərəcədə artıb?
Klassik musiqi heç vaxt kütləvi musiqi olmayıb.
Anam hərdən 50-ci illərdə hər həftə filarmoniyaya, opera teatrına necə getdikləri barədə söz açır, o zaman bu dəb imiş. Mən də xatırlayıram: Leninqrad konservatoriyasının tələbəsi olduğum zaman Yevgeni Mravinskinin konsertinə keçə bilmədim, bina atlı milislərlə əhatə olunmuşdu. Qorovets gələndə bütün gecəni bilet növbəsində keçirdik. Amma hətta o zaman bu kütləvi bir hal deyildi. Klassik musiqi elitar, musiqiyə yaxın publika üçün nəzərdə tutulub. Bizə isə prinsip etibarı ilə hazırlıqsız insanlar lazım da deyil. Bu mənada Üzeyir bəyin başına gələn bir əhvalat çox səciyyəvidir. Bir dəfə klassik repertuardan əsərlərin ifa olunduğu konsertdə son olaraq onun əsəri ifa edilməliydi. Bəzənmiş şəhər publikası gəlmişdi, amma konsert boyunca tamaşaçılar zalı tərk etməyə başladılar.
Təşkilatçı Üzeyir bəyə yaxınlaşaraq baş verənlər haqqında təlaşla xəbər verdi. Üzeyir bəy isə gülümsəyərək cavab verdi: “Eybi yoxdur, mənə elə qalanlar lazımdır”. Bax, bizə də klassik musiqini anlayan və ona qiymət verənlər lazımdır.
Muğam ifaçılığını öyrənmək olarmı?
Bildiyimiz muğamı, - onun ənənələri, qanunları ilə, - çətin. Belə bir gənc var, - Rəvan İsmayılov, 14 yaşında. Biz artıq onunla Ukraynada, Türkiyədə, Vyanada çıxış etmişik. Onun ailəsi Ağdamdandır, özü isə, anladığınız kimi, heç zaman orada olmayıb. Amma o elə yanğı, elə ağrı ilə oxuyur ki, sanki bütün bu faciəni öz gözü ilə görüb. Bunu öyrətmək mümkün deyil, bu, qanla keçən bir şeydir. Atasının, babasının çəkdikləri bu oğlana ötürülüb. Bu regionun yetirməsi olmadan belə oxumaq mümkün deyil. Muğam –yaddaşdır.
Fikrinizcə musiqi insan həyatında hansı rolu oynayır?
Bəs günəş, dəniz, ümumiyyətlə təbiət hansı rolu oynayır? Poeziyasız, ədəbiyyatsız, rəsm sənəti olmadan yaşamaq olarmı? Hər şey intellektdən asılıdır.
İstedadlarımızı dünya musiqi səhnəsində irəli aparmağa qadir olan bacarıqlı impressarolarımız varmı?
Təəssüf ki, istedadlı artistlərin çıxışlarının təşkili ilə məşğul olan Avropa səviyyəli menecerlər institutu bizdə tamamilə inkişaf etməyib. Bu, çox gəlirli, lakin son dərəcə çətin işdir.
Yeni mövsümdə Sizin iştirakınızla yeni premyeralar gözlənilirmi?
Bir neçə dünya premyerası gözlənilir, hətta bir neçə əsər xüsusi olaraq mənim üçün yazılır.
Həyatınız Sizi musiqi ilə bağlamasaydı hansı peşəni seçərdiniz?
Mən musiqiçi olmaya bilməzdim. Həyatda başqa heç nə məni belə dərindən həyacanlandırmır. Bizim ailəmizdə hamı həkim, linqvist və musiqiçidir. Bir də məni idman maraqlandırır, zəif damarımı tuta bilər.
Yeni başlayan musiqiçilərə - özlərində potensial hiss edən dirijorlara nə arzu edərdiniz?
Musiqiçi üçün ən böyük günah Musiqiyə xəyanətdir. Hər kəsin dua etdiyi ikonası, həyatda əməl etdiyi öz namus qaydaları var. Bizim üçün ikona – musiqidir. Dirijor – vasitəçidir. Onu müəyyən mənada ruhani ilə müqayisə etmək olar: Allah və insanlar arasında vasitəçi. Dirijor da eyni ilə - bəstəkarla dinləyici arasında vasitəçidir, sanki birləşdirici halqadır.
Çox vaxt çətin tamaşadan sonra ağrıdan və həddindən artıq həyacandan yata bilmirsən... Amma səhər açılır – və sən Yaradana dünyada ən gözəl peşəyə, Musiqinin böyük qüvvəsinə görə təşəkkür edirsən!
Müsahibə Marina Mürsəlova Foto Xalid Zeynalov