Qaspar Ulyel REALLIQ VƏ XƏYAL SƏRHƏDİNDƏ

Qaspar Ulyel LXIX Kann kino festivalında təqdim olunan Ksavye Dolanın “Bu sadəcə dünyanın sonudur” filmində baş rolu ifa edib. Lent “Qızıl palma budağı” mükafatına iddialı olsa da, digər mükafatlara layiq görüldü: jürinin Qran-prisi və ekumenik (xristian) prizi. Dünya kinematoqrafiyasının ulduzu, brutal görkəmə, artistik istedada və  coşqun fanat ordusuna malik Qaspar Ulyelin kino çəkilişlərindən kənar boş vaxtlarında ağ-qara foto çəkilişi aparmağı sevdiyini, rəsmlərlə eksperiment apardığını, ləzzətli yeməklər vurğunu və epikürçü kimi ad qazandığını az adam bilir... Bundan savayı, onun zamanla xüsusi münasibəti var. Ola bilsin ki, elə bu səbəbdən söhbətimiz üçün ayrılan 1 saat sürətlə keçdi...

gaspard_ulliel-monsieur_de_chanel_12_copy

Siz çox zaman caniləri, paranoikləri, qaraqabaq sərsəmləri oynayırsınız. Nə üçün belə rollar seçirsiniz? Sizi onlarla eyniləşdirəcəklərindən qorxmursunuz?

Kinematoqrafiyada ən qəddar canini – Hannibalı oynadıqdan sonra artıq heç nədən qorxmuram. Pis oğlanları oynamağa adət etmişəm. Fikrimcə, məndə belə rollardan hətta asılılıq da formalaşıb: son zamanlar təhlükə və risk hissi ilə yaşamaq xoşuma gəlir, bu mənə stimul verir. Mən heç zaman heç kimi mühakimə etmirəm – günahlarının ağırlığından asılı olmayaraq həmişə müştərisinin tərəfini saxlayan yaxşı vəkil kimi mən də daim qəhrəmanlarımın tərəfindəyəm. Onların hamısı canlandırılmağa layiqdirlər. Əgər personaj nifrət doğurursa, mən onunla özüm arasında müəyyən psixoloji məsafə yaratmağa çalışıram ki, özümü emosional olaraq mühafizə edim.

Bu il geniş ekranlara Qasparın iştirakı ilə bir neçə film çıxıb. “Yeva”da Ulyel güclü və parlaq qadın (aktrisa İzabel Yupper) tərəfindən yoldan çıxarılan yazıçı-alfons rolunu ifa edib. Fransız Kann kino festivalında Giyom Niklunun “Dünyanın məhdudiyyətləri” (Les Confins Du Monde) filmini təqdim edir: burada o, özünü az qala emosional imkanlarının son həddinə çatdıraraq əsgər rolunda çıxış etdi. Maraqlıdır ki, bir müddət öncə o, Ksavye Dolanın oxşar adlı - “Bu sadəcə dünyanın sonudur” – filmində eyni ampulada, emosional və fiziki imkanlarının son həddində çəkilib. Onun bu xüsusiyyətini nəzərə alaraq Bertran Bonello Ulyelə dəbdə olan dizayner İv Sen-Loranı oynamağı təklif etdi.

Az dayanıqlı və dəyişkən qəhrəmanlar Sizi nə ilə cəzb edir?

Reallıq və xəyal sərhədində olan kinonu sevirəm. Mənim üçün kinematoqrafiyanın məğzi də məhz bundadır: filmlər – xəyal, aktyorlar isə – peşəkar yalançılardır. Ona görə də mən “Düzdür ki,..” sözləri ilə başlayan sualları cavablandırmağı sevmirəm.

gaspard_ulliel-monsieur_de_chanel_14_copy

Lakin Fransanın Vyetnamı işğal etməsi, eləcə də, qəhrəmanınızın düşdüyü cəhənnəm xəyal deyildi...

Bilirsiniz, XIX əsrdə Vyetnama göndərilən gənc fransalılar da, demək olar ki, xəyalla yaşayırdılar: onlara ekzotik ölkə, olduqca gözəl qadınlar, həyatı məstedici işıqda görməyə yardım edəcək güclü narkotiklər vəd edirdilər... Onlara heç kim mümkün kütləvi qırğınlardan, baş kəsilməsindən, quldarlıqdan söz açmamışdı... Bu qədər zaman ötdükdən sonra oradakı vəziyyət, xüsusən də, fransalıların Vyetnamdakı davranışlarının motivləri barədə fikir söyləmək çətindir. Lakin müstəmləkəçiliyin istənilən formasını axmaqlıq və bəşəriyyətə qarşı cinayət hesab edirəm. Təəssüflə qeyd etməliyəm ki, Fransanın tarixinin o dövrünə görə xəcalət çəkirəm.

Ulyelin böyük kinoda debütü 1999-cu ildə, qısametrajlı “Ləqəb” filmində baş tutdu. Daha sonra mistik döyüş filmi “Canavar qardaşlığı” və “Kimi istəyirsən öp” komediyası olmuşdur. Sonuncuda ifa etdiyi rola görə o ilk dəfə Fransa Oskarı adlanan nüfuzlu “Sezar” kino mükafatı nominantları arasında yer aldı.  

Siz cəngəllikdə ilk dəfə idiniz? Rəfiqəniz və iki yaşlı oğlunuzla ayrılıq necə təsir bağışladı?

Mənə bir dəfə Kamboca cəngəlliklərində çəkilmək nəsib olmuşdu.       

Amma bu bizim 4,5 ay Vyetnam meşələrində keçirməyimizlə müqayisədə heç nədir. Artıq havanın özündə müəyyən həyəcan, təhlükə hiss edilir və bu həmişə diqqətli olmağa məcbur edir. Bundan əlavə, cəngəllik həyatı həyatda nəyin əhəmiyyətli olmasını, nəyi isə lazımsız olduğu üçün kənara atmağı öyrədir. Belə təcrübədən sonra özümü aktyor və insan kimi daha yaxşı tanıdım. Ailəyə gəldikdə isə, belə filmin çəkilişini sevimli insanlardan uzaqda həyata keçirmək daha yaxşıdır: hər axşam evə belə ağır emosional yüklə qayıtmaq daha pis olardı. Görüşlərə və ayrılıqlara bizim ailədə artıq hamı adət edib. Axı mən aktyor peşəsini şüurlu olaraq seçmişəm, elə rəfiqəmlə də şüurlu olaraq bir araya gəlmişik, çünki hər ikimiz eyni düşünürük və belə həyat tərzinin çatışmazlıqlarını anlayırıq.

Andre Teşine ilə görüş Qaspar üçün taleyüklü oldu: o, gənc aktyora “Azmışlar” dramında baş rol – II dünya müharibəsi illərində işğal olunmuş Parisdən əyalətə qaçan müəlliməyə həyatda qalmaq üçün yardım edən yeniyetmə rolunu verdi.

gaspard_ulliel-monsieur_de_chanel_04_copy

Sizin qəhrəmanlar ölümün bir addımlığında olurlar, amma necəsə mürəkkəb vəziyyətlərdən çıxmağı bacarırlar...

Doğrudan?! Bu dəhşətdir! Haqlısınız, mən ekranda o qədər ölmüşəm ki, praktiki olaraq ölümsüz olmuşam!

Obrazdan çıxmaq üçün xüsusi ayinləriniz mövcuddurmu?

Yox, mən çəkilişlərdən sonra kostyumları yandırmıram. Hərçənd tapmaca və mistikanı sevsəm də, şamanizmə qədər özümü çatdırmamışam.

Yeri gəlmişkən, paltar haqqında: modaya, brendlərə münasibətiniz necədir?

Modanın estetikası xoşuma gəlir, lakin materializm və istehlak – yox. Dükanlara nadir hallarda baş çəkirəm və tendensiyaları izləmirəm. Klassikanı, zamansızlığı, tərz və yaradıcılığı sevirəm.

gaspard_ulliel-monsieur_de_chanel_10_copy

İv Sen-Loranı ifa edən aktyor kimi qadın modası haqqında nə deyə bilərsiniz?

Bu roldan sonra mən moda eksperti olmadım. Amma Sen-Loranın qadın paltarları sosial fenomen kimi çox xoşuma gəlir. Axı modelyer qadını faktiki olaraq frigidlikdən azad edib. Onun gündəlik paltarını daha rahat edib, ona fərdilik əlavə edib. Dizayner rolunu ifa edəndə moda evlərini təftiş edirdim, bütün vaxtımı Sen-Loranın “Rue de Babylone”dakı mənzilində, onun təbii yaşam mühitində  keçirirdim. Anladım ki, onun yaratdığı hər don praktiki olaraq əl ilə hazırlanan cəvahirdir.  

Sen-Loranın eskizləri çəkdiyi səhnələri xatırlayırsınız?

Hə, əslində bu eskizləri mən çəkirdim və kadrda model çəkən əlim görünür.

Maraqlıdır! Sizin rəssamlığınız da var?

Etiraf edim ki, uşaqlıqda rəssam olmaq arzusundaydım. Axı atam dizaynerdi. Mən çox zaman onu yazı masası üzərinə əyilmiş halda görürdüm – o, şəkil çəkirdi. Maraq da məndə buradandır. Düzdür, məndən nə rəssam, nə də modelyer çıxmadı, amma gördüyünüz kimi çəkilişlərdə bu təcrübə lazım oldu. Haradasa hələ etüd lövhəm də var, amma ondan, əfsuslar olsun, demək olar, istifadə etmirəm.

Nə üçün aktyor oldunuz?

Demək olar ki, aktyorluq karyeram öz-özünə əmələ gəldi. Əvvəlcə həyətdə şitlik edirdim və yerli uşaqları əyləndirirdim. 11 yaşım tamam olanda anamın dostu məni kastinq agentliyinə təklif etdi və məni götürdülər. Bundan 1 il sonra mütəmadi olaraq televiziyada görünməyə, müxtəlif rollar oynamağa başladım. 17 yaşıma qədər aktyor karyerası barədə ciddi düşünmürdüm – sadəcə əylənirdim. Lakin sonra tale mənə konkret işarələr verməyə başladı... Düzdü, çox sonralar... məsələn, 29 yaşımda Entoni Hopkinsi “Hannibal”da əvəzlədikdə, Qas Van Sentin filminə çəkildikdə, daha sonra isə İv Sen-Loranı ifa etdikdə.

Buna rəğmən, Qasparın nüfuzlu mükafatı var: Ulyelin tərəf müqabili Odri Totu olan, Jan-Pyer Jenenin Sebastyan Japrizonun eyniadlı romanı əsasında çəkdiyi “Uzun nişanlanma” detektiv dramındakı iş aktyora yalnız çoxdan gözlənilən “Sezar”ı deyil, həm də dünya şöhrəti qazandırdı.

Uğuru isə “Hannibal: Yüksəliş” filmindəki baş rol möhkəmlətdi, hərçənd filmin özü yayımda iflasa uğradı.

gaspard_ulliel-monsieur_de_chanel_02_copy

Əsl parisli kimi, Siz yəqin təbiətcə incəsənətə biganə deyilsiniz...

Belə təsəvvür yaranır ki, söhbət “gözəl dövr” Parisindən gedir. Müasir parisli burnundan o yanı görməyən qaraqabaq, lovğa tipdir.

Siz də eləsiniz?

Xeyr! Amma mən zərərli Paris vərdişlərinə malikəm. Məsələn, mən İkinci əyalətdə yaşayıram və demək olar ki, heç zaman çayın o biri sahilində olmuram. 

Qadın pərəstişkarlarınızdan gizlənirsiniz?

Nə üçün?! Fransada insanlar öz işləri ilə məşğuldurlar, onlar başqasının populyarlığının divanəsi deyillər. Hərçənd məni həqiqətən bəzən küçədə tanıyırlar. Amma mən xaricdə səfərdə olanda məni yalnız fransızlar tanıyır.

Sizcə cazibədar kişi hansı xüsusiyyətlərə malik olmalıdır?

Kişi enerjili olmalıdır, fəallıq və mərdlik saçmalıdır. Amma o həm də bəzi məqamlarda həssaslığını büruzə verməkdən çəkinməməlidir.

Rica edirik, bu barədə bir qədər ətraflı!

Zənnimcə, kişidə həddindən artıq özünəinam hissi olmamalıdır və o, əlçatmaz olmamalıdır. Ona da, istər işdə, istərsə də şəxsi həyatda tərəddüdlər xasdır. Şəxsən mən çox şeydə tərəddüd edirəm. Və bu tərəddüdlər mənə bir aktyor kimi çox vacibdir. Yəqin ki, özümdə tərəddüd hiss etmədiyim gün peşəmdən imtina edəcəm və başqa işlə məşğul olacam.

gaspard_ulliel-monsieur_de_chanel_08_copy

Tez inciməyini büruzə verən kişinin güclü, davranışlarını qabaqcadan müəyyən etmək çətin olan və böyük təcrübəyə malik qadınların qurbanına çevrilməsindən ehtiyatlanmırsınız?

Mən fransızam! Qadınlar məni qorxutmur. Əlbəttə, bəzi qadınlar kişiyə dağıdıcı təsir göstərə bilər, xüsusən də onların qarşısında hisslərini çox büruzə versən. Hər kəs belə qadının tilovuna düşə bilər, hətta özünün böyük təcrübəyə malik olduğunu düşünən də. Həyatın özəlliyi də odur ki, bizi öyrətsin. O, bizə qarşı mülayim olanda deyil, çətin vəziyyətlərə düşdükdə təcrübə toplayırıq. Təcrübəmə əsasən, qadınlar iki növ olur: bədbəxtlik gətirən - digərlərini məhv etməyə hazır olanlar və hər şeyini, o cümlədən, özünü də qurban verməyə hazır olanlar.

Bəs sizin bədbəxtlik gətirən qadınlarla təcrübəniz nə ilə yekunlaşdı?

Keçmişdə eqoist, özünü sevən qadınlarla əlaqələrim olub. Mən sevirdim və düşünmürdüm ki, münasibətlərin zəhəri dərinliklərimə işləyir, məntiq və sağlam düşüncəni iflic edir. Amma hər kəsin heç olmasa bir bədbəxt sevgisi olmalıdır, çünki bu gələcəkdə əsl məhəbbəti əldən verməmək üçün hisslərini anlamağa yardım göstərir. Yalnız uğursuzluğa düçar olduqdan sonra uğuru dəyərləndirmək mümkündür.

Qaspar Ulyelin iştirak etdiyi ilk reklam kampaniyası 2010-cu ildə Martin Skorseze tərəfindən çəkilib. Qaspar “Bleu de Chanel” kişi ətrinin və “Monsieur de Chanel” kişi saatlarının simasıdır.

Siz “Chanel”in simasısınız. Siz “Monsieur de Chanel” kişi saatlarını təmsil edirsiniz, onu Sizin biləyinizdə görürəm...

Bu yenilikdən – ilk “Chanel” kişi saatlarının manufaktur, yəni tamamilə brend və ustaları tərəfindən hazırlanmış olmasından zövq alıram. “Calibre 1” mexanizminə xüsusi diqqət edin. 72 saat işləmə ehtiyatına və 240 dərəcə şkalaya malik orijinal retroqrad dəqiqə əqrəbinə malikdir. 

Bu əqrəbin orijinallığı nədən ibarətdir?

O, şkala boyu hərəkət edir və son hissəyə çatdıqda sıfır nöqtəsinə ani, gözlə görülməsi az qala mümkün olmayan sıçrayış edir. Belə indikasiya qavramaq üçün daha rahatdır, çünki vaxt onda fasiləsiz qapalı dairədə getmir, müəyyən mərhələlərə bölünür. Bu saat mənim üslubumdadır – onlara baxdıqda bir daha nə etdiyin və nə etməli olduğun haqqında düşünmək istəyirsən.

gaspard_ulliel-monsieur_de_chanel_11_copy

Nə vaxtsa zamanı dayandırmaq fikrinə düşməmisiniz?

Mənim zamanla çox şəxsi münasibətim var. Mənə uşaqlıqdan deyirdilər ki, çox ləngəm. Həqiqətən də, tələsməyi sevmirəm. Yox, zamanı dayandırmaq istəmirəm və məhz öz şəxsi ritmimə görə onu çox yaxşı hiss edirəm. Zamanla harmoniyada yaşamağı sevirəm. Axı lənglik həyata sadəcə bir qədər poeziya gətirən, müxtəlif momentləri daha dərin dəyərləndirməyə və hiss etməyə imkan yaradan xüsusi ritmdir. Ona görə də heç zaman film çəkilişləri arasında narahat olmamışam və ya layihələr arasındakı fəaliyyətsizlikdən qıcıqlanmamışam. Birgə çalışdığım Ksavye Dolan, məndən fərqli olaraq, çox aktivdir: belə təsəvvür yaranır ki, o saatda yüzlərlə mil qət edir, mənim saatımdakı saniyəölçən əqrəb ona çox ləng görünürdü.

Sizə elə gəlmir ki, ətrafınızda hər şey çox tez cərəyan edir?

Məni ən çox qorxudan həyat sürəti ilə imkanlar bolluğunun uyğunsuzluğudur. Mən hətta telefonlarımın fəaliyyətini saxlamaq istəyirəm ki, ümumi şəbəkəyə ifrat qoşulmadan kənarda qalım. Getdikcə virtualda daha çox əlaqə yaradırıq, reallıqda isə daha az ünsiyyət qururuq. Səmimi ünsiyyəti biz sonsuz fotoşəkillərə və ismarıclara dəyişmişik...

Amma fotoşəkillər də dayandırılan zamandır!

Oğlum böyüyür və mən o böyüdükcə çəkdiyimiz minlərlə fotoşəkil haqqında düşünməyə bilmirəm. Onun keçmişinin silinməz izləri nəhəng fotoromanda arxivləşdirilib. Amma bəzən düşünürəm: onu öz xatirələrindən məhrum etmirikmi? Onun şəxsi xatirələri qaçılmaz olaraq dəyişdiriləcək, kobud desək, bütün bu fotosənədlərlə zədələnəcək.

Zənnimcə, şəkillər düşüncəni dağıdır...  

    

Müsahibə Tatyana Rozenşteyn  Foto MATTHEW BROOKS FOR CHANEL