Tükənməz enerji, inad və orijinalliq – bir zamanlar yaradiciliq naminə universiteti tərk edən amerikali dizayner Maykl Korsun uğurunun üç tərkib hissəsidir. Onu qadin qarderobunun kütləvi istehsalinin banisi hesab edirlər və bu, əbəs deyil – dünyanin hər bir yerində istənilən dəbli qadinin heç olmasa bir dənə “MK” loqotipli çantasi var. Az qala 40 illik karyerasi ərzində Maykl amerikali brendlərə işləyib, fransanin “Céline” markasinin şöhrətini artirib, Hollivudun birinci gözəllərini geyindirib, bu gün isə “Michael Kors” brendindən əlavə “Jimmy Choo” ayaqqabi brendi̇ və “Versace” moda evinə sahib olan “Capri Holdings” moda evinin icraçi direktorudur. “Ozü özünü yaradan” dizayner “Nargis” oxucularina moda sənayesindəki karyerasinin sirlərini açir.
Siz Nyu-York Moda Texnologiyası İnstitutunda təhsilinizi başa vurmadınız. Hesab edirsiniz ki, moda sənayesində uğur qazanmaq üçün təhsil lazım deyil? O zaman bunun üçün hansı istedadlar tələb olunur?
Dizayner olmaq üçün hansısa “düzgün” və ya “səhv” üsulların olduğunu düşünmürəm. Mənə yararlı olan bir başqası üçün yararlı olmaya da bilər və əksinə. Bir şey aydındır: dizayner öz instinktinə, intuisiyasına uyğun hərəkət etməlidir. Konkret istedadlara gəlincə, hansı auditoriya üçün paltar yaratmaq istədiyini müəyyənləşdirmək heç də pis olmazdı. Autentiklik və daimilik isə hər dizaynerin uğurunun açarıdır.
Bir dizayner kimi Siz yəqin bütün dünyanın “Michael Kors” brendinin paltarlarını geyinməsini istərdiniz?
Əgər hamı eyni şey geyinsəydi, dünya çox darıxıdırıcı olardı. Müxtəlif insanların sizin dizaynınızı öz üslubuna tətbiq etmələrini görmək daha maraqlıdır.
“Michael Kors” brendini çox zaman əlçatan dəbdəbə brendi adlandırırlar. Nə üçün bu yolu seçdiniz?
Düşünürəm ki, “əlçatan” və “dəbdəbə” sözləri müxtəlif insanlar üçün müxtəlif mənalar kəsb edir. Zənnimcə, hər kəs həyatında heç olmasa bir dəfə nə isə qlamur və dəbdəbəli bir şey almalıdır. Və məncə bizim MICHAEL “Michael Kors” xəttimiz bunu geniş alıcı dairəsi üçün reallığa çevirir.
Paltar və aksessuarları haradan almağa üstünlük verirsiniz: mağazalardan ya İnternetdən?
Dəbdəbəli mağazaya daxil olanda həmişə həyəcan keçirirəm: bu musiqi, obrazlar, ümumiyyətlə ətraf mühit... Bəyəndiyin əşyaya toxunduğunuz zaman keçirdiyin hissi isə heç nə ilə müqayisə etmək olmaz!
“Michael Kors”un Bakı mağazasının əsas özəlliyi nədən ibarətdir?
Bütün mağazalarımız parıltılı, qlamur estetikaya malikdir.
“Port Baku Mall”dakı mağaza təmizliyi, neytral palitrası və hamar güzgü aksentləri ilə Ridjent-stritdəki London mağazamıza çox bənzəyir.
Bakıda Siz MMK xəttini təqdim etdiniz. Nə üçün burada ikinci xəttə daha çox diqqət yetirmək qərarına gəldiniz?
Biz hiss etdik ki, həm bakılılara, həm də turistlərə məhz “MICHAEL Michael Kors”un ikinci xəttinin müxtəlifliyi və əşyaların assortimenti daha çox xoş gələcək.
MMK-da Sizin üçün daha çox əhəmiyyətli olan nədir?
Bu, ali cəmiyyətin DNT-sini yeni auditoriyaya çatdırmaq üsuludur. Bu gün hər şey hərəkətdədir, hamının ali cəmiyyətə aidiyyatı var və hamıya onların tələbatlarına cavab verən paltar və aksesuar lazımdır.
Sizin brend bakılılar arasında kifayət qədər populyardır. Necə düşünürsünüz, onu bütün dünyada, xüsusən də Bakıda cazibədar edən nədir?
Düşünürəm ki, bütün dünyada olduğu kimi, bizim bakılı müştərilərimiz kolleksiyalarımızda tapdıqları qlamur və əlverişliliyin ahənginə dəyər verirlər.
Özünüzü amerikan arzusunun nümunəsi hesab edirsinizmi?
Mən çox gənc yaşlarından nə ilə məşğul olmaq istədiyini bilərək inadlı əmək nəticəsində məqsədə necə çatmağın nümunəsiyəm.
“Michael Kors”un DNT-si qlamur həyat tərzi üzərində qurulub. Biznesdəki 30 ildən sonra fəlsəfəniz dəyişibmi?
Xeyr, mən karyera yoluma birbaşa ali cəmiyyətdən olan uğurlu insanlar, (onlara “cetsetter” deyirlər) üçün paltar tərtibatından başladım və hələ də bu yola sadiqəm. Fərq bundadır ki, mən başlayanda səyahət modası hələ belə geniş yayılmamışdı. Bu gün hamımız səyyahıq: meqapolis və ya kiçik şəhərcikdə yaşamağınızdan asılı olmayaraq, hamımız 24/7 rejimində hərəkətdəyik və bizə aktual paltar və aksesuarlar lazımdır.
“Michael Kors Go Bold” kolleksiyası – 1990-cı illərin modasının yenidən dərk edilməsidir. Sizcə modada növbəti zaman hansı olacaq?
Düşünürəm ki, 90-cı illərin tükənməz enerjisinin dəfələrlə geri dönüşünü müşahidə edəcəyik. Məncə, biz tezliklə bunu görəcəyik.
Necə hesab edirsiniz: moda hansısa tanış, ənənəvi bir şeyə əsaslanmalıdır? Yaxud daha kreativ, hətta futuristik olmalıdır?
Mənim üçün moda inqilabdan daha çox tədrici inkişafdır. Amma hər şeydən öncə o, geyinikli olmalıdır, axı geyinməsi rahat olmayan paltarlardan heç kim gündəlik istifadə etməyəcək.
Heyvan müdafiəçilərinin bir neçə aksiyasından sonra siz istehsalda təbii xəzdən imtina etmək qərarına gəldiniz. Müştərinin fikri Sizə nə dərəcədə önəmlidir?
Şirkət daxilində bu söhbət uzun illər davam edirdi. Hər şeydən əvvəl mən, əlbəttə ki, keyfiyyətə dəyər verirəm və indi, bir neçə il davam edən eksperimentlərdən sonra, texniki nailiyyətlər sayəsində biz, təbii xəzdən imtina edərək və onun alternativini tətbiq edərək “dəbdəbə estetikası” anlayışına cavab verən əşyalar yarada bilirik.
Moda aləmini indi ekologiya problemləri, planetimizin gələcəyi narahat edir. Bu “Michael Kors” brendinin strategiyasına necə təsir göstərir?
Biz daim tərəfdaşlarımızla və toxuculuq fabrikaları ilə əlaqə saxlayırıq, bu istiqamətdə onların təkliflərini müzakirə edirik.
Etik modaya münasibətiniz necədir?
Mən həmişə hesab etmişəm ki, moda vasitəsi ilə təbiət üçün edilməsi mümkün olan ən ekoloji əməl - əbədi olaraq geyilməsi mümkün olan əşyaları almaqdır.
Sizcə, bu gün moda hələ də pərakəndədir, yoxsa qlobal xarakter daşıyır?
O, əvvəllər heç zaman olmadığı qədər qlobaldır, bu da mənim xoşuma gəlir.
İnternet və sosial şəbəkələr sayəsində hamımız eyni trendlərə cəlb olunmuşuq. Mənə də, bir dizayner kimi, onların bütün dünyada necə interpretasiya olmasını və uyğunlaşmasını müşahidə etmək maraqlıdır.
“Michael Kors”dan paltar və aksesuarların seçimində amerikan, Avropa və Asiya alıcıları arasında əsas fərqlilik nədən ibarətdir?
Bütün dünya üzrə mağazalarımızda müşahidə etdiyimiz fərqlilik tendensiyalar və üslubi təkliflərdən daha çox coğrafi və iqlim faktorlarından irəli gəlir. Məsələn, biz Moskvada Mayamidəkindən daha çox palto satırıq. Ümumilikdə isə məhsul eynidir.
Moda aləmində bu gün hansı daha vacibdir: yaradıcı şəxs olmaq ya biznesmen?
Bu gün dizayner hər iki keyfiyyəti özündə ehtiva etməlidir, biri olmadan digərində uğur qazanmaq olmaz.
Kolleksiyalarınız haqqında rəylər Sizi maraqlandırırmı? Kimin rəyi Sizin üçün xüsusi önəm kəsb edir?
Mənim üçün ən vacibi həmişə müştərilərimin rəyi olub. Mənim üçün dizayner kimi əsl təsdiq isə - mənim yaratdıqlarımı geyinən qadınları gündəlik həyatda görməyimdir.
İv Sen-Loran cinsi özü kəşf etmədiyi üçün təəssüflənirdi. Bəs Siz hansı əşyanın yaradıcısı olmaq istərdiniz?
Ağ futbolkanın.
“Michael Kors” artıq uzun illərdir ki, çeşidini gah çantalar, gah eynək, gah zinət əşyaları kolleksiyasını əlavə etməklə genişləndirir. Bəs sonra?
Hazırkı mərhələdə böyük populyarlıq qazanmış “Michael Kors Access” saat xəttimiz bizi çox ruhlandırır.
Hər bir gənc dizayner Maykl Kors olmaq arzusundadır. Yenicə başlayanlara nə arzulayardınız?
Mən onlara tələsməməyi və ilk növbədə müştəri seçimini müəyyənləşdirməyi tövsiyə edərdim. Bu gün sosial şəbəkələr sayəsində bəzi dizaynerlər hələ hər şey yerbəyer olmamış özü haqqında bəyan edir.
Bəs 37 illik təcrübəniz baxımından onlara nə məsləhət verərdiniz?
Heç vaxt kim olduğunuzu və nə etmək niyyətində olduğunuzu unutmayın.
Moda ilə bərabər Siz özünüzü ağır xəstəliklə mübarizə aparanlara da həsr etmisiniz. Zəhmət olmasa, “God’s Love We Deliver” xeyriyyə fonduna verdiyiniz dəstəyin səbəbini açıqlayardınız.
Mən fondla 25 ildən artıq əməkdaşlıq edirəm. QİÇS haqqında məlumatların qızğın yayıldığı dövrdə yardım etməyə başladım, o zaman çoxları, o cümlədən mən də özümü həqiqətən aciz hesab edirdim. Məsuliyyətli insan olduğum üçün isə, hərçənd nə alim, nə də həkim deyiləm, elementar işdən – bu xəstəlikdən əziyyət çəkənlərin yemək təchizatından başladım. Və anladım ki, kimə isə, lap elə bir boşqab yeməyə ehtiyacı olana yardım edərək, bu nisbətən sadə əməllə kiminsə gününü, bəzən isə həyatını dəyişə bilərsiniz və bu sizin dünya görüşünüzü dəyişir. Xoşbəxtlikdən bu işdə uğur qazandım, lakin mən həm də fəxr edirəm ki, “God’s Love We Deliver” fonduna minlərlə insanın həyatını yaxşı tərəfə dəyişmək missiyasında yardımçı ola bilirəm.
Sizin daha bir proqramınız bütün dünyada ehtiyacı olan uşaqları yeməklə təmin edən “Watch Hunger Stop”dur. Bu proqram necə işləyir?
Bizim “Watch Hunger Stop” şirkəti artıq ehtiyacı olan uşaqlara 17 milyon naharın çatdırılmasında yardım edib, bu inanılmazdır!
Biz yalnız vəsait toplamırıq, həm də məlumat yayırıq və bütöv nəsli öyrədirik ki, dünyanı daha yaxşı etmək üçün mütləq milyonçu olmaq lazım deyil. Siz işə sadəcə futbolka geyinərək və ya sosial şəbəkədəki səhifənizdə şelfi yerləşdirərək, sizi izləyənlərin diqqətini problemə cəlb edərək, müzakirəyə çağıraraq və ümumiyyətlə insanların ətraf mühitə münasibətini dəyişməklə yardım göstərə bilərsiniz.
Modelyer olmasaydınız nə olardınız?
Brodveydə prodüser.
Sizin hazırki ilham pəriniz?
Qərarları müstəqil qəbul edən və özünü əla hiss etməyə imkan yaradan paltarları geyinən müstəqil qadın.
Pişiklərinizin adları necədir?
Banni və Viola.
Gündə neçə saat işləyirsiniz?
Fərqli olur, orta hesabla 10 saat.
Moda ikonası olmağa Sizə yardım edən 3 faktor hansılardır?
Sabitlik, autentlik, nikbinlik.
Sosial şəbəkələrdə olmağı xoşlayırsınız?
Bəli, bu mənə hər gün dünyanın müxtəlif yerlərindən olan pərəstişkarlarımla dialoq qurmağa yardım edir.
Müsahi̇bə – Ni̇gar Orucova Foto – Mətbuat Materi̇allari
Material əlli beşinci buraxılışda dərc olunmuşdur.