TÜRKAN ŞORAY

Türk kinosunun ən gözəl qadını sayılan Türkan Şoray aktrisalıq istedadı və inanılmaz xarici görünüşü sayəsində ulduz oldu. O, yarım əsrlik kino karyerası ərzində iki yüzdən çox baş rol ifa edib. Bu filmlərin izi ilə kino inkişaf tarixini nəinki onun vətənində, həm də qonşu ölkələrdə, o cümlədən Azərbaycanda görə bilərik. Bu zirvəyə çatmış kinoulduzun Türkiyədə UNICEF-in xoşməramlı səfiri seçilməsi heç də təəccüblü deyil.

 

Bakıya tez-tez gəlirsiniz?

Mən Azərbaycanda dörd dəfə olmuşam. Azərbaycanla bağlı yalnız xoş xatirələrim var. İlk dəfə 1970-ci illərdə filmimin premyerasına gəlmişdim. Xatırlayıram ki, tamaşaçılar izləyərkən ağlayırdı, filmin ortasında isə hətta dedilər ki, tərcüməyə ehtiyac yoxdur - hər kəs türk dilini çox gözəl anlayır. İlk səfərimdə neft iyini canına çəkmiş Xəzərin sahilindəki şəhəri gördüm. Növbəti dəfə artıq müstəqil Azərbaycana gəldiyimdə nitqimi itirmişdim – mən füsunkar bir şəhərlə əhatə olunmuşdum! Gecə vaxtı idi. Şəhərin bütün binaları işıqlandırılmışdı... sanki bir nağılda idim. Hətta yanacaq doldurma məntəqələri nağıl evləri kimi görünürdü. Burada bir çox brend mağazalar var, özünü Avropada hiss edirsən. Bu illər ərzində hər şey çox dəyişib!

Azərbaycan xalqı o qədər səmimi və mehribandır ki, ölkəniz mənim üçün ikinci evim kimidir. Bu şablon ifadə deyil, həqiqətən belədir. Azərbaycana gəldiyimizdə, özümüzü doğma ölkəmizdəki kimi hiss edirik: rahat gəzirik, mənə çox hörmət edirlər. Evdə hətta 20-30 Azərbaycan plastinkalarını saxlamışdım, onları ilk səfərimdən gətirmişdim, amma təəssüf ki, başqa evə köçən zaman onlar itdi. Mən Azərbaycan musiqisinin pərəstişkarıyam (zümzümə edir: «Yurdum, yuvam, məskənimsən, Azərbaycanım...»). Zeynəb Xanlarova ilə çox yaxşı dostuq, bir dəfə o mənə gözəl bir üzük hədiyyə etmişdi. Zeynəb xanım Türkiyəyə gəldiyində bir neçə dəfə mənim qonağım olub, tez-tez çay süfrəsi arxasında söhbət etmişik. Azərbaycana son səfərim zamanı o məni oteldə ziyarət etmişdi.

Populyarlığınızın zirvəsində hər gün pərəstişkarlarınızdan yüzlərlə məktub alırdınız...

Türk şəhəri Sekidən bir əsgər uzun illər mənə məktub yazırdı, hətta məktubları ətirli göndərməyə başlamışdı – məktubun ətrindən həmin əsgərdən gəldiyini anlayırdım. Yəni o, uzun illər yazmağa davam edirdi, amma... bir gün məktubların arası kəsildi. Yəqin ki, o dünyasını dəyişdi. Belə kədərli anlar da olur...

Bəs həmin əsgəri tapmaq istəmədiniz?

O tez-tez bizə gəlirdi, mənə hədiyyələr gətirirdi.

Yəni onunla şəxsən tanış idiniz?

Bəli, əlbəttə! O, yerli bir qəzetdə şeirlərini çap edirdi. Ancaq Sekidən gələn məktubların arası kəsildikdə, biz onun artıq həyatda olmadığını anladıq... Ailəmdə hər kəs bu hekayəni bilirdi, ona görə "biz" deyirəm. Bu əlbəttə çox kədərli idi.

Yəqin ki, pərəstişkarlardan gələn məktublar daha çox pozitiv, yaxşı mesajlar daşıyırdı. Bəs neqativ olanlara rast gəlirdinizmi?

Xeyr, neqativ heç vaxt olmayıb! Bütün məktublar sevgi dolu idi, Gülşah təsdiq edə bilər, o qırx ildir ki, mənim yanımdadır. O, hətta bir-birinə tikilmiş vərəqlərdən beş metrlik məktub da görüb. Bu gün isə mətubları Instagram əvəz edir, burada da minlərlə insan yenə mənə hər gün səmimi mesajlar yazır.

İnanılmaz gözəlliyiniz Sizə həyatda çətinlik yaradıbmı? Bunun öhdəsindən necə gəlirdiniz?

Bəzən gözəllik cəmiyyətdə bəzi üstünlüklər verir... Mənə gəldikdə isə, mən də bütün qadınlar kimi eyni çətinliklərlə üzləşmişəm və belə anlarda nə gözəllik, nə də fiziki xüsusiyyətlər heç bir əhəmiyyət daşımır. Mən özümü gözəllər gözəli hesab etmirəm, ancaq mənim peşəmdə cazibədar görünüş vacibdir və lazımdır, buna görə əlbəttə ki, anam məni bu cür dünyaya gətirdiyi üçün bəxtim gətirib.

İllərə rəğmən gözəlliyinizi qoruyub saxlamısınız. Bununla bağlı hər hansısa sirriniz var? Bəlkə bunun sirri hansısa bir məhsulda və ya həyata müsbət baxışınızdadır?

İltifatınıza görə təşəkkür edirəm! Nə qədər qarşı dursaq da, zamana kökm etməyə qadir deyilik – bu qaçılmaz həqiqətdir. Mənim fiziki formam artıq köhnə filmlərdə olduğu kimi deyil və bunu qəbul etmək lazımdır. Ancaq yenə də, hər yaşda gözəl qalmaq üçün bir şeylər edirəm: məsələn, mən dərimin qayğısına qalıram, kremlərdən istifadə edirəm, lazımı qədər yatıram, axı yuxunu doyunca almaq dəri gözəlliyinin əsas sirridir. Mən alkoqol içmirəm, gecə həyatım yoxdur – bildiyiniz kimi, gecə həyatı orqanizmi olduqca yorur, ən əsası isə daxili sakitçilikdən məhrum edir. Uzun illər ərzində daxili hüzuru tapmağa çalışmışam, çünki bir insan daxilən hüzurlu, xoşbəxt və təmiz bir ürəyə sahibdirsə, o zaman bu onun görünüşündə əks olunur, üzü işıq saçır!

Qızınız Yağmur Ünal da aktrisadır?

Yox, o prodüserdir.

Amma kino təcrübəsi olub?

Yalnız bir filmdə – "Uzaklarda Arama" ("Uzaqlarda axtarma"). Yağmur bu filmin prodüseri idi və mənə bu filmin rejissoru olmağı təklif etdi, mən də öz növbəmdə ona baş rolda oynamağı təklif etdim!

Siz sadəcə aktrisa və rejissor deyilsiniz, həm də kitab yazırsınız. Nədən ilham alırsınız?

Mən yalnız bir kitab yazmışam – öz kino karyeram haqqında. Mənim şəxsi həyatım kinematoqrafiya ilə sıx bağlı olduğuna görə, bu kitabı mənim avtobioqrafiyam adlandırmaq olar. Kitabda keçən əsrin 60-cı illərindən başlayaraq günümüzə qədər kinonun inkişafı barədə yazmışam. Kitabım "Sinemam ve Ben" ("Filmim və mən") adlanır. Bu kitabı Bakıya səfərim zamanı Azərbaycanın birinci xanımına hədiyyə etmişdim.

52 illik kino karyeranız ərzində 220 filmdə baş rol oynamısınız və hətta Ginness Rekordlar Kitabına ən çox baş rol ifa edən aktrisa kimi daxil olmusunuz. Sevdiyiniz rol hansıdır və niyə?

Mənim iştirakımla iki yüzdən çox film arasında ölkəmizdə demək olar ki, hər kəsin izlədiyi bir film var: "Al yazmalım". "Sevgi nədir? Sevgi – əməkdir" sözləri ən yaddaqalan ifadəyə çevrilib. Finalda qəhrəmanım seçim qarşısında dayanır: dəlicəsinə sevdiyi adamla, ya da həyatı boyu ona dayaq olan, yardım edən, yol yoldaşı olan biri ilə qalmaq. Və bu qadın həmişə onu dəstəkləyən şəxs naminə sevdiyi insanı tərk edir, çünki o, qəlbində anlayır ki, – sevgi əməkdir, dostluqdur.

Siz UNICEF-in Türkiyədəki xoşməramlı səfirisiniz. Uşaqların günümüzdə ən əhəmiyyətli problemi nədir? Və ümumiyyətlə bu problemləri necə həll etmək olar?

Heç bir şəkildə həll olunmayan ən böyük problem – Afrikadakı uşaqların vəziyyətidir. Hesab edirəm ki, bütün dünya təşkilatları, ilk növbədə UNICEF, təcili olaraq bu məsələni həll etməlidir. Axı həyatdakı ən gözəl şey – bir uşağı sevindirmək, onun gülümsəməsi üçün əlindən gələni etməkdir. Hesab edirəm ki, bu istiqamətdə çox az işlər görülür. Bu, bütün bəşəriyyətin problemidir və tək başına həll etmək mümkün deyil, bunun üçün bütün dünyanı cəlb etmək lazımdır.

Necə düşünürsünüz, Türkiyədə son on ildə uşaqların hüquqları ilə bağlı yaxşı tərəfə dəyişikliklər var?

Uşaqların hüquqlarının qorunması da daxil olmaqla, bütün qanunları Parlament qəbul edir. İnsanlar uşaqların tərbiyəsi ilə bağlı daha çox bilgili olublar. Cəmiyyətdə valideynlər bəzən övladlarını inkişaf etdirmək və ona yaxşı təhsil vermək üçün çox şeyi fəda edirlər. Türkiyənin cənub-şərq hissəsində yaşayan uşaqların daha çox diqqətə ehtiyacı var – orada xüsusilə qızlar təhsil almaqla bağlı problemlər yaşayırlar, həm də qızlar oğlanlarla eyni şərtlərdə təhsil almırlar. Mənim fikrimcə, indi bu, Türkiyənin ən böyük problemidir.

Nargis jurnalı UNICEF ilə birlikdə qadınlara və uşaqlara həsr olunmuş buraxılış planlaşdırır. Uşaqların hüquqlarını qorumaq üçün nə təklif edə bilərsiniz?

Mən həmişə deyirəm: bir uşaq gülürsə – deməli, onun dünyasında hər şey yaxşıdır. Və biz, böyüklər, uşaqlarımızın tez-tez gülümsəmələri üçün əlimizdən gələn hər şeyi etməliyik! Türk şairi Nazim Hikmətin yazdığı kimi:

«Çocuklar öldürülmesin

şeker de yiyebilsinler».

Türkan Şorayın həyatından faktlar:

  1. Türkan Şoray ilk dəfə 1960-cı ildə, 15 yaşında filmə çəkilib.
  2. 52 illik kino karyerası ərzində Türkan Şoray 220 filmdə baş rol oynayıb və ən çox baş rolları ifa edən aktrisa kimi Ginness Rekordlar Kitabına düşüb.
  3. Türkiyədə onu "Türk kinosunun Sultanı" adlandırırlar. Şoray "Sultan Gelin" (1973) və "Sultan" (1978) filmlərində əsl sultan rolunu oynayıb, eləcə də 2012-ci ildə "Bir Zamanlar Osmanlı: Kıyam" serialında Xədicə-Sultan rolunu ifa edib.
  4. Qərbdə Türkan Şorayı "Şərqin Elizabet Teyloru" adlandırırlar.
  5. 2012-ci ildə Türkan Şoray müəllifi olduğu "Sinemam və ben" adlı memuar kitabını buraxıb.
  6. Türkan Şorayın rejissorluq etdiyi beş film var. Onlardan birində qızı Yağmur Ünal rol alıb.
  7. Aktrisa dəfələrlə nüfuzlu film mükafatlarına layiq görülüb: ən yaxşı qadın roluna görə Antalya Film Festivalının dörd dəfə "Altın Portakal" mükafatı, Korsika və Daşkənd kinofestivalları mükafatı; Moskva Film Festivalında rejissorluq debütuna görə “Böyük priz”. İstanbul və Roma film festivallarında fəxri mükafatlar qazanıb, Bakıda Avrasiya Akademiyasının üzvü seçilib, o və Rober Hosseyn "Avrasiya Əfsanəsi" mükafatına layiq görülüblər.

Müsahibə: Ülviyyə Mahmudova Foto: Cengiz Dikbas

Material 60-cı buraxılışda çap olunmuşdur.