Moskvada Puşkin Muzeyində müasir rəssamların Fondation Louis Vuitton unikal kolleksiyasının sərgisi davam edir. Fondun bütün fəaliyyəti dövründə belə böyük layihələri barmaqla saymaq olar. Moskvaya XX-XXI əsrlərin Jan-Mişel Baskiya, Endi Uorhol, Gerard Rihter, Alberto Cakometti, Marina Abramoviç kimi tanınmış rəssamların əsərləri gətirilib. Aralarında 1947-ci ildən 2018-ci ilə qədər yaradılmış rəsm, heykəl, fotoqrafiya, işıq və video instalyasiyaların yer aldığı toplam 65 eksponat ilk dəfə olaraq Moskvada sərgilənir.
Sərgidə hər bir rəssam ən tanınmış əsərləri ilə təmsil olunur. Bu, müasir sənətdə əsas istiqamətlərin xrestomatik nümunələrini görmək və keçmiş əsrdə gözəlliyin estetikasının nə qədər dəyişdiyini düşünmək üçün müstəsna imkandır. Xəyalpərəst, emosional sənət Gerard Rihterin və başqalarının işlərindən ibarət kolleksiyada təqdim olunub. Zəmanəmizin ən bahalı rəssamlarından biri olan Rihterin əsərləri canlı olaraq görülməyə layiqdir: bu əsərlərin dəyərini dərk etmək üçün onları canlı seyr etmək lazımdır.
Gerard Rihter, "Yasəmən", 1982.
Ekspozisiyaya həmçinin Ziqmar Polkenin əlkimya möcüzəsi daxildir. Kurator bu möcüzəni canlı adlandırıb: "Biz bu işin sərginin sonuna qədər necə görünəcəyini bilmirik, çünki o, davam edən kimyəvi proseslər səbəbiylə daim dəyişir". 80-ci illərdə Polke piqmentlər, terpentin yağları ilə eksperiment aparırdı. O, bu kətanlar üzərində çalışarkən yağlı boyadan, indiqo suyundan və spirt əsaslı lakdan istifadə etmişdir. Lak piqmentləri oksidləşdirib, paslanma prosesi hələ də davam edir.
Ziqmar Polke, "Gecə papağı I", 1986.
Qlobal məsələlərdən narahat olanlar Cakomettinin, İv Klaynın, Mona Hatumun, Mauritsio Kattelanın (bəli, başsız atların divardan asıldığı rəsm) əsərlərinə müraciət edə bilərlər.
İv Klayn, "Adsız antropometriya", 1960.
Alberto Cakometti, “Yeriyən üç nəfər”, 1948.
Pop sərgidə Endi Uorholun, Baskiyanın və digər rəssamların əsərlərində təqdim olunub. Reproduksiyalar, o cümlədən rəqəmsal əsərlər Baskiyanın rəsmlərinin çılğın enerjisini ötürmür. Kimsə bunu hər kəsin edə biləcəyini söyləsə, ona inanmayın. Bunu edə bilmək üçün, ən azından 60-cı illərdə bir haitili və puerto-rikanlı ailəsində doğulmalı, bütün gəncliyini muzeylərdə keçirməli, sonra küçələrdə yaşamalı, Uorholla dostluq etməli və ilk qara dərili rəssam olmalıdır.
Jan-Mişel Baskiya, "Qrillo", 1984.
Fondation Louis Vuitton kolleksiyasına xüsusi maraq Pyer Yuiq və Marina Abramoviçin iki əsas meditativ instalyasiyasında əks olunub.
Pyer Yuiq, "Olmayan səyahət", 2005.