Azərbaycan Xalça Muzeyində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi keçirilir. Bu, Azərbaycanda Luvr Muzeyi ilə birlikdə keçirilmiş ilk sərgi layihəsidir və ölkəmizin mədəni həyatında çox önəmli bir haldır. Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi istiqamətində Azərbaycan Xalça Muzeyinin töhfəsi olan layihə iki muzeyin arasında səmərəli əməkdaşlığın başlanğıcı hesab olunur. Luvrda Azərbaycanla bağlı bir çox eksponat saxlanılır, odur ki, belə bir muzey əməkdaşlığının perspektivləri olduqca cəlbedicidir.
“Bu layihənin təməli hələ 2012-ci ildə qoyulub, Luvr Muzeyinin İslam Departamentinin yaradılması prosesində ölkəmizin birbaşa iştirak etdiyində. – Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirir. – Bildiyiniz kimi, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Luvr muzeyində İslam sənətinə həsr olunmuş yeni zallar yaradılmışdır”.
Bunun əsasında Luvr Muzeyinin İslam Departamentinin rəhbəri ilə Azərbaycan xalça muzeyinin direktoru Şirin Məlikova arasında danışıqlar aparıldı. Sərginin Bakıda keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunmasına qərar verildi. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Fransanın Azərbaycandakı Səfirliyi, Azərbaycanda Fransa İnstitutu və “SILK WAY WEST AIRLINES” bu layihəni dəstəklədilər.
Luvr Muzeyinin daimi ekspozisiyasında sərgilənən Azərbaycan xalçalarından ibarət ekspozisiyaya Luvr Muzeyinin İslam Departamentinin üç qiymətli nümunəsi daxildir: XVIII–XX əsrlərdə Qarabağda və Şirvanda toxunulmuş – “Çələbi”, “Xanlıq”, və “Əjdahalı” xalçaları.
Eksponatlardan biri Şirvan kompozisiyalı “Əjdahalı” xalçasıdır (XVIII əsrin əvvəli). Bu xalçalar Şuşada, Bərdədə, Naxçıvanda, həmçinin Şirvanda geniş yayılmışdı. Xalçanın ortası böyük palmetto şəklində “su zanbağı” naxışı və içində eyni naxış olan “əjdahalı buta” elementləri ilə bəzədilib. Qarabağ xalçalarında “su zambağı” elementi bolluq və yaradılışın rəmzidir. Adətən bu element əjdaha naxışı ilə birlikdə tətbiq edilir, çünki əjdaha bütün canlıların mifoloji qoruyucusunu simvolizə edir.
Daha bir eksponat – “Xanlıq” adlı Qarabağ xalçasıdır. Bu xalçanın kompozisiyası mərkəzi “göl” naxışından və künclərində bəzəkli mehrab formasında elementlərdən ibarətdir. Bu xalçanın haşiyələrində “qotazlı buta” və “həyat ağacı”, həmçinin lent şəklində əjdaha və suyu simvolizə edən “əjdaha” elementlərini görmək mümkündür. Bu xalçanın rəng harmoniyası insanı heyrətləndirir, əsasən xalq arasında “noxudu” kimi bilinən nadir qızılı sarı rəng yer alır. Xalçanın kənarlarında ritmik şəkildə sıralanmış “buta” və “həyat ağacı” ornamentləri diqqət çəkir. Uzunluğu altı metr olan böyük ölçülü bu xalça görünür ki, Qarabağ saraylarını bəzəmək üçün toxunulub.
Və, nəhayət XIX əsrin sonlarına – XX əsrin əvvəllərinə məxsus “Çələbi” xalçası. Bu xalçalar Qarabağda, həmçinin Bərdə yaxınlığında Çələbilər kəndində toxunulurdu. Xalçanın mərkəzində Qarabağ xalçaçılıq sənətində geniş istifadə olunan “günəş” (“çələbi”) şəklində iki medalyon yerləşir.
“Bu dünyada məşhur olan xalçalardan biridir, bu xalçanın müxtəlif variantları (bir, iki və üç medalyonlu) böyük muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. – Azərbaycan xalça muzeyinin direktoru Şirin Məlikova bildirir. – Çox vaxt belə kompozisiyalı xalçalar auksionlarda böyük məbləğlərdə satışa çıxarılır. Belə xalçalar sufi təriqəti ilə əlaqəlidir, ilahi nur mənasını daşıyan xarakterik medalyon isə bu ordenin simvoludur. Daha qədim xalçalarda bu medalyon çiçəyə bənzəyir (çiçək günəşi, ləçəkləri isə – günəş şölələrini simvollaşdırır). Keçən il biz muzeyimizin kolleksiyasına XVII əsrin sonlarına məxsus, ortasında “çələbi” medalyonu olan “Naxçıvan” xalçasını daxil etdik. Daha sonrakı xalçalarda ornament geometrik, horizontal uzadılmış şəkildə idi. Muzeyimizin kolleksiyasında “Çələbi” xalçaları bir neçə variantda saxlanılır, onlardan biri – üç medalyonlu ekspozisiyada sərgilənir. Luvr muzeyində isə – iki medalyonludur. Onun texniki və bədii əlamətləri sübut edir ki, bu xalça peşəkar xalçaçılıq emalatxanasında toxunulub”.
Şirin Məlikova üç eksponatın əla vəziyyətdə olduğunu xüsusilə qeyd etdi. Bu xalçalar türkbaf (yəni türk ilmə toxunuşu, ya da simmetrik düyün) texnologiyası ilə toxunulub və təbii rənglərdən istifadə edilib. Bütün bu amillər xalçaların yaxşı vəziyətdə qalmasına müsbət təsir göstərir. Şirin xanım həmçinin bildirdi ki, xalçaların yaxşı saxlanılmasında Qərbin Şərq xalçalarına böyük ehtiramla yanaşmaları da vacib rol oynayır. Bu xalçalar çox bahalıdır və hər kəsin onları əldə etmək imkanı olmayıb. Çünki çox vaxt onları yerə belə sərmirdilər, divardan asırdılar və onlara bir sənət əsəri kimi baxırdılar. Hətta, onları dəyərli hədiyyə olaraq verirdilər, buna görə də xalçalara dəyərli əşya kimi yanaşırdılar.
Mətn: Nailə Bənnayeva