Oktyabrın 9-dan 12-dək Moskvada Crocus Expo-2 kompleksində 1961-ci ildən bu yana Milanda və 15-ci ildir ki, Moskvada keçirilən, Milan dizaynerləri, memarları və mebel istehsalçıları üçün ən böyük tədbirlərdən biri olan "Salone del Mobile" Milan mebel sərgisi keçiriləcək. Məhz burada yeni istedadlar kəşf olunur, beynəlxalq münasibətlər qurulur və gələcək bir neçə ildə mebel bazarının necə olacağı, mebel və daxili dizaynda nəyin dəbdə olacağı məlum olur.
Bu il Alberto və Françesko Meda, Françesko Freza, Karlo Kolombo kimi italyan memarlıq və dizayn ustaları öz ustad dərslərində unikal təcrübələrini bölüşəcəklər. Bundan əlavə, Atelier Interior dizayn bürosunun təsisçisi, bloger və müəllim Marina Braginskaya dizayn haqqında mühazirəsi ilə çıxış edəcək.
Moskvada Salone del Mobile. Milano sərgisində 240-dan çox şirkətin və 30 mindən çox ziyarətçinin, o cümlədən, Azərbaycan və digər ölkələrin distributorlarının, memarların və dizaynerlərin iştirakı gözlənilir. Burada ən geniş məhsul çeşidi – mebeldən tutmuş üzlük materiallarına, klassikdən tutmuş ultra-müasir tərzə qədər ağlagələn bütün üslublarda işıqlandırma sistemləri təqdim ediləcək. İnteryerlə əlaqəli olan hər bir şeyi Milan Mebel Salonunda görə biləcəksiniz.
Rusiyadan və MDB ölkələrindən olan gənc istedadlar Salone Satellite Moscow gənc dizaynerlərinin 15-ci müsabiqəsində iştirak edəcək və bəlkə də onlardan bəziləri tezliklə beynəlxalq sərgi və yarmarkalarda trendlər yaradacaqlar.