POSEIDON CALLING!

Bu yaxınlarda okeanda hərəkət edən Fransa boyda plastik adanın dəhşətli görüntüləri bütün dünyaya  yayıldı. Bu görüntülər müzakirə fırtınasına, duyğular gurultusuna və eko-fəalların post paylaşımlarına səbəb oldu. Və bu zaman çoxdan gözlənilən çimərlik mövsümü gəldi və hamımız duzlu pendir ilə qarpız dilimini dadaraq sakit Xəzər dənizindən, məxməri qumdan zövq almaq, günəşlənmək, nadinc gilavarın saçlarımızı sovurmasına izn vermək, gün batımını seyr etmək üçün dənizə üz tutduq. Necə də qayıtmaq istəmirdik! Və budur, əşyalarımızı toplayıb evimizə yola düşərkən təkcə yaşadığımız yerin deyil, bütün Yer kürəsinin evimiz olduğunu unudaraq arxamızda uzun zibil izi qoyduq. Ev sadəcə məktəb dərsliyində şəkildəki mavi planet deyil, bizi əhatə edən hər şeydir: həyət, küçə, hava, dəniz... Onların təmizliyi nəinki günahlandırmağa alışdığımız bəzi uzaq qurumlardan, həm də özümüzdən, bizim kiçik gündəlik hərəkətlərimizdən asılıdır. Bunlardan biri özünüzdən sonra zibil buraxmamaqdır...