13 exhibition by Nargis

“Nargis” Nəşriyyat evi Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi ilə birgə təşkilatçılığı ilə mədəniyyətin mərkəzi İstanbulda Əsma Sultan Sarayında “Nargis” jurnalının ilk sayından bəri çəkilən ən yaxşı arxiv fotoları və videolarının nümayiş olunduğu böyük bir sərgi keçirildi.

"Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudovanın təşkil etdiyi sərgidə Azərbaycan və Türkiyənin dövlət rəsmiləri, Mədəniyyət Nazirliyinin əməkdaşları, iş adamları, mədəniyyət, sənət dünyasından və ictimaiyyətin bir çox tanınmış siması iştirak etdi. Sərgidə iştirak edənlər arasında İlkem Öztürk, Nesligül Aksoy, Begüm Gazioğlu Ballı – Ömer Ballı, Arzu Kunt, Çağla Baykam Bezci – Efe Bezci, Zeynep Germen, Demet Erciyes, Güniz İyianlar, Osman Lakay var idi.

 

Dekabrın 13-də ildönümü qeyd ediləcək “Nargis” jurnalının 6 illik fəaliyyəti ərzində çox sayda təkrarolunmaz foto və video çəkilib. Dünyanın aparıcı və məşhur fotoqraflarının iştirak etdiyi bu çəkişlərdə beynəlxalq səviyyədə tanınan məşhur və uğurlu incəsənət sənətçilər və dizaynerlərdən modellərə qədər ən məşhur və aparıcı insanlar “Nargis” jurnalı üçün çəkiliblər.

İstanbulda ilk dəfə bu cür böyük sərginin keçirilməsindən çox məmnun olduğunu bildirən "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudova dedi: “6 il boyunca dünyaya, Dior Moda evi ilə əməkdaşlıq edən tanınmış fotoqraf Gerard Uferas (Fransa), İngiltərə Foto jurnalının keçirdiyi beynəlxalq  fotoqrafiya yarışmasının laureatı Daniel Kastro (Siciliya), Merve Hasman (Türkiyə), Muhsin Akgün (Türkiyə), Sitarə İbrahimova (Azərbaycan), Orxan Aslanov (Azərbaycan), Pərviz Qasımzadə (Azərbaycan), Maya Bağırova (Azərbaycan), Sergey Xrustalyov (Rusiya), Frederik Aranda (İngiltərə), Alixan (Rusiya), Albert Plexov (Rusiya), Seymur Seyidbəyli (Azərbaycan), Florian Saez (Fransa) kimi uğurlu fotoqrafların obyektivindən baxdıq. Mond Kim (Cənubi Koreya), Əşrəf Amiri (İngiltərə), Şira Barzilai (İsrail), Qledis Perint Palmer (ABŞ), Mariam Kutidze (İtaliya) və digər illüstratorlar illüstrasiyaları ilə “Nargis” oxucularına ilham verdi”.

 

“Nargis” jurnalının arxiv fotolarının olduğu və 5 bölmədən – “Qapaq”, “Persona”, “Bir incəsənət olaraq moda”, “Moda”, “Reportaj”, “Özəl layihə” və xüsusi bölmə olan “Video” bölmələrindən ibarət sərgi fotosevərlərin ixtiyarına verildi. Hər bölmədə zəngin arxivlərin arasında xüsusilə seçilən 13 fotoqrafın olduğu bu sərgidə qonaqlar “Nargis” jurnalı üçün xüsusi olaraq hazırlanan sənət əsərləri ilə də tanış olmaq imkanı əldə etdilər.

 

Foto: Pərviz Qasımzadə

Video: Ruslan Gorbunov