Kerekes Band: folka qayıdış

Onların birgə yaradıcılıq yolları 25 il əvvəl başlamışdır. O zaman özlərinin dediyi kimi, məktəbliləri musiqiyə olan sevgi bir araya gətirib... Xalq və rok musiqisinə olan sevgi. Bu gün "macar fank" janrını icad edən Kerekes Band etno-fank qrupu müxtəlif ölkələrə qastrol səfərinə çıxıb, dünyanı Macar etnik musiqisi ilə tanış edir və qonaq olduqları ölkənin xalq mahnılarını ifa edir. Azərbaycanda onlar Sarı Gəlin xalq mahnısını ifa etmişdilər.

Xalq arasında sizi azadlıq döyüşçüləri adlandırırlar. Sizcə, niyə?

Viktor: Bir vaxtlar Macarıstanda quldurlarla sıx əlaqəli olan çoban mədəniyyəti çox yayğın idi. Onların fleyta, kobza kimi musiqi alətləri var idi. Və bu günə qədər bu dəyişməz olaraq qalır. Yəqin ki, bizi bu mədəniyyətə dəstək verdiyimiz, canlandırmağa çalışdığımız üçün belə adlandırırlar.

Yaradıcılıq prosesiniz necə baş verir? Bir araya gəldiyinizdə musiqi yazırsınız?

Jonbor: Biz etno-fank qrup olduğumuz üçün etnik motivləri əsas götürürük. Ona dinamiklik əlavə edirik. Bu prosesi bir toxumdan böyüyən ağacla müqayisə etmək olar. Bu işdə hər kəs iştirak edir. Yaratdığımız musiqinin qrupumuzun hər bir üzvü tərəfindən bəyənilməsi bizim üçün çox vacibdir. Bizim adətimizdir: əgər musiqi bəstələyərkən kimsə onu bəyənmirsə, o zaman müzakirələr aparmağa başlayırıq və hər kəsin ürəyincə olan məhsul hazırlamağa çalışırıq. Musiqi uyğun gəlmirsə, onu müvəqqəti olaraq arxa plana keçiririk.

Uğur sizin üçün nədir? Konsertin uğurlu və ya əksinə, uğursuz olduğunu necə başa düşürsünüz?

Akos: Mənim səhnə qarşısında nə qədər insanın rəqs etməyə başladığını, neçə nəfərin mənə öpüş göndərdiyini və neçə nəfərin əl-ələ tutduğunu hesablayan statistik bloqum var. Bütün bu vacib məqamları gözlərimlə müəyyən etməyə çalışıram və konsertdən sonra sayıram. 

Jonbor: Konsertin üç əsas elementi var. Ən əhəmiyyətlisi – tamaşaçı və onun konsert zamanı özünü necə hiss etməsidir. İkincisi qrupun özünü necə hiss etdiyidir, üçüncüsü də səs texnikasıdır: musiqinin necə səsləndiyi, zalın özünü necə hiss etdiyi, texniki avadanlıqlar. Və bu vacib amillərdən ən azı ikisinin ən yaxşısı olduğu bir konserti yaxşı hesab etmək olar. Belə olur ki, bir klub yüksək keyfiyyətli avadanlıq ala bilmir. Lakin bu qrupun əla səviyyədə konsert keçirməsinə mane olmur. Amma əgər bu üç faktor yüksək səviyyədədirsə, konserti cəsarətlə möhtəşəm saymaq olar. 

Viktor: Bunu xaricdə, yaradıcılığımıza bələd olunmayan yerdə izləmək daha asandır. Məsələn, hansısa festivalda. Əgər konsertin başlanğıcından 20-30 dəqiqədən sonra insanlar çıxıb getmirsə, əksinə daha da artırsa, bu, konsertin yüksək səviyyədə olmasından xəbər verir.

Populyarlıq üçün səy göstərirsiz? Yoxsa bu sizin üçün bir rəsmiyyətdir, yoxsa musiqi yaratmaq prosesi sizin üçün daha vacibdir? 

Viktor: İfa etməyə 25 il əvvəl başlamışıq, o zaman hələ məktəbli idik. Əlbəttə ki, musiqiyə bizi sevgi şövq etdi. Bir gün Eurovision Mahnı Müsabiqəsində çıxış etmək və ya bir şey qazanmaq xəyallarını quran musiqiçilər var, onlar üçün titullar, pyedestallar çox vacibdir. Çox vaxt belə musiqiçilər və müğənnilər uğursuz olur, çünki musiqi sevilməlidir.

Peter: Qrup üzvləri arasında kimya yaranmalıdır. Birgə yaradıcılıq prosesi də sevinc gətirməlidir. Ən vacib şey budur. Bəli, tanınmamız çox əladır. Ancaq populyarlıq musiqiçilərin can atdığı ən vacib şey deyil.

Jonbor: Biz dünən Mədəniyyət televiziya kanalında idik, orada 40 dəqiqə efirdə olduq - efirdə baş verənlərə baxsanız, musiqidə əsas hədəfimizi yəqin ki, başa düşəcəksiniz. Etno və folk – təbii ki, pop musiqi deyil. Bu musiqi istiqaməti üzrə bir musiqiçi olaraq dünya hiti təqdim etmək və ya hansısa çartda yer almaq çətindir. Ancaq bunun bizim üçün o qədər də əhəmiyyəti yoxdur. Belə musiqi hər kəs üçün deyil, hamı bunu başa düşə bilmir. Buna görə bir hit yaratmaq və bütün dünya publikasını fəth etmək kimi məqsədimiz yoxdur. Bizim öz üslubumuz var və bunu başa düşən və bəyənən insanlar da var. Əlbəttə ki, belə insanların daha çox olmasını istərdim.

Qrupunuzun adı necə yaranıb və nə məna verir? 

Jonbor: Bu adı ona görə qoydum ki, Kerekes sözü bütün dünya dillərində çox rahat yazılır və bu adla dünya publikasını fəth etmək daha asandır. Zarafatdır. Əslində ilk albomumuzu Dinaş adlanan ərazidə yaratmışdıq. Bizim bir dairəvi rəqsimiz var, onun adı "kerik", yəni "dairə" deməkdir. Buna görə də qrupa Kerekes adını verməyə qərar verdik. Sadəcə əvvəlcə "Kerekeş Editeş", yəni "Kerekes Qrupu" idik. Macarıstandan kənar çıxanda başa düşdük ki, bu sözü tələffüz etmək çətindir və onu band sözü ilə dəyişdirdik. 

Macar və ya dünya qrupları arasında bənzəmək istədiyiniz nümunələr varmı, yoxsa heç kimə bənzəməməyi üstün tutursunuz? 

Viktor: Prinsipcə, müəyyən bir qrup yoxdur. Musiqimizdə dinamika vacibdir, bunun pop musiqisində hiss etmək mümkün deyil. Rok musiqiçiləri arasında Cimmi Hendriks, caz musiqiçiləri arasında Con Koltreyni bəyənirik. Bunlar öz daxili atəşləri ilə tamaşaçıları alovlandırmağı bacaran musiqiçilərdir. Musiqidə bu çox vacibdir. Biz də dinləyicilərimizi alovlandırmağa çalışırıq. Hətta deyərdim ki, əsas məqsədimiz tamaşaçıların konsertlərimizdə oturmaqları üçün deyil, rəqs etmələri üçün əlimizdən gələni etməkdir. 

Jonbor: Ta Qədim Macarıstanda musiqiçilər bir-birini və demək olar ki, hər bir dinləyicisini tanıdıqları zaman bu belə idi. Və onlar insanları əyləndirməyə, mahnı oxutdurmağa və rəqs etdirməyə çalışıblar. 

 


Musiqi sizin üçün nədir? 

Jonbor: Musiqi qrupumuzun adı kimi fırlanan dairəyə bənzəyir. Əvvəlcə musiqidən maksimum alırıq, sonra da ona qaytarırıq.

Çaba: Bu fırlanan dairə hər şeyi birləşdirir – bizi, publikanı, musiqini.

Siz "macar fank" janrının ixtiraçılarısınız. Onun xüsusiyyəti nədədir?

Viktor: Biz həm xalq çalğı alətlərində – viola, köhnə çoban fleytası və kobzada, həm də rok musiqi alətlərində – bas-gitara və barabanda ifa edirik. Alətlərin birinin digərindən üstün olmadığı, bir-birindən vacib olmadığı qeyri-adi bir miks alınır. Hər bir çıxışda "iki dünyanın harmoniyasını" hiss etmək mümkündür. Bizim musiqimizə məxsus belə bir orijinal səslənmə iki tamamilə fərqli üslubun qarışığına görədir. 

İlk dəfədir Bakıdasınız? Şəhəri bəyəndiniz? Təəssüratlarınızı bölüşün. 

Peter: Jonbor ilk dəfə deyil, bir neçə ay əvvəl o, həyat yoldaşı ilə birlikdə Bakıya gəlmişdi. Onu kəşfiyyat üçün bura göndərdik (Gülür)

Jonbor: Üç gündür ki artıq Bakıdayıq. İçərişəhərin yaxınlığında qalırıq və artıq buranı qarış-qarış gəzmişik. Burada hökm sürən atmosfer çox xoşumuza gəlir. UNESCO-nun siyahısına daxil olan bu dar küçələr, köhnə tikililər... Dünən isə sahil boyunca gəzintiyə çıxmağa qərar verdik. Və Bakının digər üzünü kəşf etdik. Belə innovativ binaları görməyi gözləmirdik. Ancaq hətta Heydər Əliyev Mərkəzi, Flame Towers kimi hi-tech binalarda milli bir şey görə bilərik. Bu da bizim musiqimizə çox oxşayır. 

Akos: Dünyaya səyahət etdiyimiz zaman çox vaxt, demək olar ki, hər yerdə Macarıstan nitqini eşidirəm. Ancaq burada deyil. Bu da bir az məni çaşdırdı. Amma xoş idi. 

Musiqiniz gənclər, yoxsa yetkin insanlar üçün nəzərdə tutulub. Sizin dinləyiciniz kimdir? 

Jonbor: Prinsipcə, hər kəs üçün ifa edirik. 

Viktor: Musiqimiz konservativ deyil, klassik səslənməyə sahibdir. Düşünürəm ki, yeniliklərə açıq olan sərbəst düşünən insanlar üçün uyğundur. Həqiqətən də yaş məhdudiyyəti yoxdur.

İşlərinizlə tanış olmayan insanlar üçün hansı kompozisiya ilə başlamağı məsləhət görürsünüz?

Viktor: Yəqin ki, Ethno Funk və ya Csango Boogie

Jonbor: Ethno Funk, Back to Folk

Peter: Back to Folk, Szilaj

Çaba: Cavab vermək istəmirəm, bütün mahnılarımızı sevirəm.

Akoş: Csango Boogie

 

Müsabihə: Güzəl Kəmalətdinova

Foto: Sona Nəsibova