ÇOXÜZLÜ PRINCIPE

O, 90-cı illərdən bəri Principe Maurice kimi tanınır, Venesiya Karnavalı mərasiminin rəsmi ustası, eksklüziv gecələrin təşkilatçısı, İtaliya gecə həyatının əsas fiqurudur. Mauricio Agostinin yaradıcılıq həyatı barokko tərzində teatral tamaşalar hazırladığı Cocoricò diskotekası ilə başladı və Milanda Plastique klubunda davam etdi. Bu klubu Andy Warhol dünyanın ən yaxşı klublarından biri hesab edirdi. O, Kraliça Elizabetin 90 illik yubileyinə dəvət edilən yeganə İtalyan aristokratıdır. Onun hamımız kimi yüz min üzü var. Və o özünü ifadə etmək üçün bir vasitə tapmağa illərini sərf edib. Böyük transformator, Principe Maurice asanlıqla maskaları dəyişir - Kazanovadan tutmuş Karfagen çariçası Didonaya qədər və hər bir obraz valehedici xırdalıqlara qədər düşünülüb.

img_8422_

Gəlin, əvvəldən başlayaq: hələ kiçik yaşlarınızda necə anladınız ki, böyüdükdə çoxüzlü və müxtəlif fəaliyyətli bir insan ola bilərsiniz?

Açığı desəm, heç bilmirdim. Sadəcə uşaqlıqdan bunu yaradırdım - gündən-günə, addım-addım. Mən çox gözəl təhsil almışam, yaxşı mühitim var idi. Erkən yaşda əkiz qardaşımı itirmişdim və bu böyük boşluğu doldurmaq üçün bir zərurət hiss edirdim. Ailəm məni sənətə, xüsusən də, musiqiyə yönləndirdi; tarixin və gözəlliyin nəfəs aldığı yerlərdə böyümüşəm, mənim hər şeyi bilmək istəyimsə işi tamamlayırdı. Bacarıqlarımı inkişaf etdirə bilən hər bir şeyi böyük həvəslə öyrənirdim və ailəm məni hər şeydə dəstəkləyirdi. Nəticədə, buyurun, qarşınızdayam, heç kəsə bənzəməyən, yeganə, özünəməxsus. İstedadımın hər tərəfini göstərmək istəyirəm, onlar isə brilyant kənarları kimi çoxdur... Mən işıldamağı çox sevirəm, amma qaranlığı da sevirəm. Mən özümü çoxüzlü simamla sərbəst ifadə edirəm, və bu -Principe Maurice'dir.

Baritondan falsetto a-la Farinelli unikal səs diapazonuna, ağıla, Venesiya dekadansının bütün gözəlliyini qiymətləndirmə və anlamaq bacarığına, aristokrat əsalətinə layiq təhsilə malik olan Mauricio Agostinin fərdiliyini ifadə etmək üçün naməlum yollar axtarırdı. Musiqi yalnız hisslərdən birinə müraciət edir və o bunu bədən plastikası ilə tamamladı. Daniel Ezralow'un rəhbərliyi altında o daxili azadlığı axtarırdı, onun hərəkətləri sərbəstləşdi və bədəni danışmağa başladı. Əfsanəvi Lindsey Kemp (bu ilin avqust ayının 25-də vəfat edib) ona pantomima kimi qədim sənətin avanqardla bir-birinə dolaşdığı texnikanı öyrədib. David Parsonsdan şən performans manerasını, Klaus Nomidən vizual şok zövqünü, ən yaxşı stilistlərin bacarıqlarını mənimsəyib...

Uğurunun sirrini o, məhz bu fundamental yanaşmada və gözəl müəllimlərində görür.

20 ildən artıqdır ki, siz San-Marko meydanında Kazanovanı oynayırsınız, onun haqqında bir neçə səhnə tamaşasının müəllifisiniz. Onu bizim üçün təsvir edə bilərsinizmi? Ona münasibətiniz necədir?

Cakomo Kazanova öz zəmanəsinin – XVIII əsrin görkəmli şahidi və əsas qəhrəmanı idi.

Əlbəttə ki, o, avantürist və əxlaqsız idi, amma ilk öncə Kazanova filosof, tanınmış yazıçı, gözəl skripkaçı,  kabbala və riyaziyyatçı idi,    bütün bunlardan sonra hissiyatlı zövq kultivasiyası ən ehtiraslı missiyasına çevrilmişdi. Onun eleqant fransız dilində yazılmış xatirələri (Histoire de ma Vie) mən, balaca oğlan üçün bir etiraf idi, şüuraltı beynimə hələ də hiss etdiyim «möhtəşəm dekadans» duyğusunu yetirmişdi. Hal-hazırda mən Kazanovanın həyatı üzrə tanınmış beynəlxalq ekspertəm.

Principe Maurice eynilə Kazanova kimi özü də avtobioqrafiyasını başlaya bilərdi: «Hisslər zövqünün kultlaşması mənim üçün  həyatım boyu ən əsas  məşğuliyyət idi». Deyirlər ki, Kazanova mənim kimi alçaq boylu və yaraşıqlı idi, tünd alovlu gözləri vardı və qadınların qəlblərini öz inanılmaz diqqəti ilə fəth edirdi. O, «filosof kimi yaşayırdı», lakin bununla yanaşı addım başı aşiq olurdu, peşəsini əlcək kimi dəyişirdi... Elmdə heç bir ixtira etməmişdi, amma onun o dövrdə vizioner sayılan yeganə elmi-fantastik romanı «İkosameron» olmadan Jül Vern çətin ki, Yer Kürəsinin mərkəzinə səyahət haqqında yazardı. Şöhrət onunla axmaq zarafat etdi: Kazanovanı  oynayan Marçello Mastroyani onun İtaliyanın pizza və spagetti kimi simvoluna çevrildiyindən şikayət edirdi. Amma Principe Maurice'nin ağıllı, diqqətli baxışı bu fərqli obrazda belə həyəcanlandırıcı və möhtəşəm bir şey tapa bilir.

img_8541_

Kazanova özünü azad insan adlandırırdı və hər şeydən üstün doğruluğa dəyər verirdi, bu isə əsl rəssamın keyfiyyətidir. On il bundan əvvəl Daniel Ezralow «Niyə?» (Why?) baletini səhnələşdirərək, yazmışdı: müstəsna biri olmaq üçün edə biləcəyiniz tək şey – özünüz kimi qalmaqdır. Bu daxili azadlıq nədən başlayır? Öz «mən»inizi necə tapırsız?

Əgər insan idrakının açılması üçün mədəniyyətin əhəmiyyətini anlayırsa, o zaman hər şey əyani nümunədən və biliyin verdiyi müdafiədən başlayır.   Özünə inam, özünə hörmət və özünü qəbul etmək də başqalarının  mühakiməsindən fundamental azadlıq hissi verir. 

Daniel Ezralow mənim müəllimlərimdən biri idi, bu istedada malik idi və bunu mənə ötürməyi bacarmışdı. Və nəhayət, intensiv həyat təcrübəsi bizə daha çox şey öyrədir, nəinki hər hansı bir disiplin.

«Gecə teatral şousu» barədə danışın. Nə haqqındadır?

Bu mənim orijinal bədii əsərimdir. Mən bunu canlı emosiyaların bütün sehrini diskoteka kimi məkanlara ötürmək üçün uydurmuşam. Ənənəvi ifaçılıq sənəti müasir texnologiyaların ahəngində gənclərə dahi gözəlliyə, La Grande Bellezza'ya toxunma imkanı verir. Mən bütün Avropanın ən məşhur klublarında çıxış edirəm, həm dünyaşöhrətli DJ və prodüserlərlə, həm də gənc istedadlarla əməkdaşlıq edirəm. Və bununla da çox fəxr edirəm.

Principe Maurice sadəcə oxuyub DJ-lik etmir, o gənc istedadları axtarır və dəstəkləyir. Onun Emotional DJ Seti bütün Avropada səslənir. O, Grace Jones'in konsertlərini müşayiət edir, Parisdə, Londonda, Venada, Afinada Agent Provocateur qrupunun burlesk şoularını təşkil edir. Onun məqsədi – duyğularının deyil, super ulduzların arxasınca qaçan diskoteka publikasını oyatmaqdır.  Məhz müxtəlif sənət növlərinin sintezi Cocoricò və Plastique'ni bütün dünyada məşhur etdi. Axı «gecə həyatındakı» azadlıqla heç kimi təəccübləndirməq olmur – inqilabi yanaşma, eksklüziv format olmalıdır! Və bu işdə Principe Maurice'nin tayı bərabəri yoxdur.

img_8516_

Bir dəfə demişdiniz ki, emosiyalar bu «gecə həyatında» uğurlu olmur və ona inqilab lazımdır, super ulduzlar yox. Doğrudanmı, insanlara emosional intellekt çatmır? Və siz bunu dəyişməyə çalışırsınız?

Super ulduzların sistemi marketinqlə korlanıb, kumirlərin çoxu real istedad deyil, sadəcə «məhsuldurlar». Lazım olan şey ehtirasın, peşəkarlığın yenidən qiymətləndirilməsi və rəssamla  auditoriyanın arasındakı qarşılıqlı anlayışdır.  İnternetin və sosial şəbəkələrin virtual dünyası insanlarda gerçəkliyi və spontanlığı yox edir. Mən isə öz işimlə gerçək ünsiyyət qurmaq - bir-birinin üzünə baxmaq, bir-birinə toxunmaq, bir-biri ilə söhbət etmək, hətta bir-birini hiss etmək istəyini ötürmək istəyirəm! Mən insanları Kazanova kimi yenidən özünə, başqalarına və ətrafınızdakı gözəl dünyaya qarşı sevgiyə aparan hisslərdən zövq almağı öyrətmək çox istərdim.

Ətrafınızda həmişə çox insanın olmasına necə baxırsınız? Nəyə üstünlük verirsiniz: sevgini verməyə yoxsa almağa?

Ətrafımda çox insanın olması xoşuma gəlir, amma bu insanlar mənimlə fəlsəfəmi paylaşmalıdır, ağıllı, düşüncəlu olmalıdır, bədii və mənəvi yüksəlişə can atmalıdır. Mən sosial statusa və estetik qaydalara iddia etmirəm. Əgər hissiyat və təbii zərafət varsa hətta mədəni səviyyə belə o qədər də vacib deyil. Sevgiyə gəldikdə, həm vermək, həm də almaq xoşuma gəlir. Sevgi – fasiləsiz harmonik mübadilədir... ən azından idealda. Sədaqət, hörmət və qarşılıqlı anlayış çox vacibdir. Əlbəttə ki, tamah və əlbir olmaq həmişə cəlb edir...

Zəhmət olmasa cümləni bitirin: «Mən burada ona görəyəm ki...»

Mən burada öyrənmək, zövq almaq və paylaşmaq üçünəm.

img_8705_

Hazırda, XXI əsrdə, Lindsay Kemp və ya David Bowie kimi özünəməxsus şəxsiyyətlər qalıbmı? Başqa kimin adını çəkə bilərsiniz?

Dünyada heyran olduğum insanlar çoxdur. Xüsusi heyranlığı Grace Jones'ə hiss edirəm, o mənim üçün əsl muzadır.

Principe Maurice öz kommunikativ düşüncələrini şüurlu şəkildə reallaşdırır. Onun işlərinin incəliklərini 2016-cı ildə Daniel Sartori Principe Maurice # Tribute filmində çox gözəl vurğulayıb: sanki video  siqnal itdiyində ani pauza verilib – və tamaşaçı fikrini səs qəbulunda cəmləşdirir. Bu sənədli film Principe Maurice'nin üslubunu mükəmməl şəkildə çatdırır.

Hazırda nəyin üzərində işləyirsiniz?

Bir çox layihələrim var, amma əsas məqam akademiyamı daha da inkişaf etdirmək, işimi davam etdirmək üçün yeni istedadlar hazırlamaq.

img_8651_

Bakıda keçirilən Formula-1 günlərində siz "Senso: Venesiya arzusu" şousunu təqdim etmişdiniz. Madam ki hisslərdən bəhs edirik: şəhərimizdən aldığınız ilk təəssüratlar necə idi?

Füsunkar yerdir! Azərbaycan mədəniyyətinin təbiiliyinin gücünü və cazibəsini hiss etdim. Mən, həqiqətən, bu gözəl ölkə və insanları haqqında daha çox bilmək istəyirəm.

Zaman maşını tapsaydınız hara gedərdiniz?

Sevdiyim tarixi epoxadan zövq almaq üçün XVIII əsrdə olan Venesiyaya gedərdim və Kazanovanın macəralarında onun yol yoldaşı olardım.

img_8450_

MÜSAHİBƏ: SONA NƏSİBOVA FOTO: PƏRVİZ QASIMZADƏ

GEYİM: Atelier Pietro Longhi 

PARFÜM: The Merchant of Venice

Nargis Magazine jurnalının redaksiya heyəti foto-sessiyanın keçirilməsində yardımına görə Claustraphobia Baku'ya təşəkkür edir.

 

 

Тэги