HƏR ŞEYİ BACARAN İNSAN

2017-ci ildə Nikolaos D. Kanellos Yunanıstanın yeni səfiri vəzifəsinə təyin olundu. Yazıçı və rəssam olaraq cənab Kanellos bizə Azərbaycan ilə Yunanıstan arasındakı əlaqələrin yaradıcı tərəfi barədə danışdı. Söhbətimiz Yunan və Şərq mədəniyyətinin ən vacib amili olan - fəlsəfəsiz də ötüşmədi. Söhbət məşhur yunan sayağı qəhvənin təklifi ilə başlandı: «Θέλετε κάτι για να πιείτε; Ελληνικό καφέ;»

Cənab Nikolaos, zəhmət olmasa, həyat və karyeranız haqqında bizə məlumat verin.

İlk olaraq deyim ki, mən Yunanıstanın kiçik Larissa şəhərində anadan olmuşam. Valideynlərim inanılmaz gözəl insanlar idi. Amma onların heç bir təhsili yox idi. Və mən Yunanıstan tarixində valideynlərinin orta məktəb təhsili belə olmayan ilk diplomatam. Universitetə daxil olduqda öz üzərimdə çox çalışdığımı və mətbəx masasının arxasında oxuduğumu xatırlayıram. Karyerama jurnalist olaraq başlamışam. Qəzetdə yazılarım dərc olunurdu, futbol oyunları barədə məqalələr yazırdım, futbolçulardan müsahibələr alırdım... Universitetə daxil olduqdan sonra hər şey dəyişdi. Musiqi ilə məşğul olmağa və hətta rok-qrupda ifa etməyə başladım.

İkincisi. Keçmişi idarə edən gələcəyi də idarə edir. Bu günü idarə edən isə yalnız keçmişi idarə edir. Biz məktəbdə, universitetdə təhsil ala bilərik, amma hər şeyi həqiqətən həyat təcrübəsindən öyrənirik.

Üçüncüsü sənətdir. Təxminən 20 il əvvəl sənətin əhəmiyyəti haqqında bir məqalə yazmışdım. O vaxt mənə elə gəlirdi ki, rəssamların və şairlərin bu dünyaya təklif edəcəyi heç bir şey yoxdur. Ancaq sonra başa düşdüm ki, sənət təhsilin ayrılmaz hissəsidir. Və mən yazmağa və rəsm çəkməyə başladım. Əhəmiyyət daşıyan hər bir şeyə vaxt ayırmaq lazımdır. Bu məni səciyyələndirən şeydir.

Azərbaycana ilk dəfə nə vaxt gəlmisiniz? Və ilk təəssüratınız necə idi?

İlk dəfə 2017-ci ilin sentyabr ayında Azərbaycana səfər etdim. Memarlığın nə qədər inkişaf etdiyinə təəccübləndim. Əlbəttə, Bakının çox müasir bir şəhər olduğu təəssüratı yarandı. İlk buna diqqət etdim. Dostum mənə deyirdi ki: "Bakıya getdiyində neftdən başqa heç nə çəkə bilməyəcəksən. Çiçəklər görməyəcəksən". Amma mən neft görmədim. Gördüyüm ikinci şey - çiçəklər idi. Və insanlar. Akropol insanlara mesajlar çatdırmaq üçün tikilmişdir. O, simvoldur. Güc və sadəlik simvolu. Burada eyni şeylə qarşılaşdım - xalqın gücü və sadəliyi ilə.

Yunanıstan ilə Azərbaycan arasındakı əlaqələr haqqında danışın.

Şübhəsiz ki, Azərbaycanla Yunanıstan arasındakı münasibətlər sürətlə inkişaf edir. Belə də olmalıdır - inkişafa nail olmaq üçün canlı bir ritmə tabe olmalıyıq. Mən bunu estafet kimi xarakterizə edərdim.

Necə düşünürsünüz, ölkəmizin sakinləri Yunanıstan mədəniyyətinə nə qədər bələddirlər və buna yunanşünaslıq bölməsi fəaliyyət göstərən BSU nə qədər kömək edir?

İlk olaraq məmnuniyyətlə bildirim ki, BSU-dakı yunan bölməsindən başqa, biz Xarici Dillər Universitetində də yunan dili bölməsini açmağa hazırlaşırıq. Cənab Kamal Abdulayevlə bu məsələ ilə bağlı danışıqlar aparırıq. İkincisi, Yunanıstandan əvvəllər tələbələrə dərs verən müəllimə yenidən gəlib. Üçüncüsü, təhsil - diplomatiyamda inkişafın əsas vasitəsidir. Yalnız mədəniyyətin deyil, həm də təhsilin geniş yayılmasıdır. Bunlar fərqli şeylərdir. Təhsil insanın təzahürüdür. Əlbəttə ki, dünyaya, o cümlədən Azərbaycana, yunan fəlsəfəsi və mifologiyası məlumdur. Həmçinin yunan turistlərinin Azərbaycana axınını artırmaq istəyirik. Mənə elə gəlir ki, ümumilikdə Azərbaycanda Yunanıstanın tarixi və mədəniyyətini yaxşı bilirlər.

Oktyabrın 3-də Afinada «ΙΑΝΟΣ» nəşriyyatında dərc olunmuş ikinci siyasi romanımın təqdimatı olacaq. Orada kifayət qədər yunan ziyalılarının nümayəndələri iştirak edəcək. Bu, Azərbaycan və ölkənin mədəniyyəti haqqında məlumat vermək üçün böyük bir fürsətdir.

Fərqlərə baxmayaraq, bir çoxları Yunan və Azərbaycan xalqlarının oxşar olduğunu düşünürlər. Bununla bağlı siz nə düşünürsünüz?

Bu barədə çox düşünmüşəm. Qafqaz xalqını və yunanları nə birləşdirə bilər? Mədəniyyətin olduqca fərqli olmasına baxmayaraq, xalqlarımız arasında mütləq bir əlaqə var. Bunu başa düşürük və hiss edirik. Mənim üçün anlayış - insan təhsilində ikinci addımdır. İlk olaraq insan öyrənir, sonra anlayıb dərk etməyə başlayır. Əgər öyrəndiklərini başa düşmürsənsə, necə irəliləmək olar?

Siz vəzifəyə bu yaxınlarda gəlmisiniz. Yunanıstan mədəniyyətini necə təbliğ etməyi düşünürsünüz?

Mən bütün ölkəni gəzdiyimiz zaman azərbaycanlı tələbələrlə söhbətdə yunan mədəniyyəti haqqında məlumat vermək istəyirəm. Ədəbiyyat, musiqi, rəssamlıq və s. vasitələrlə təbliğ etmək istəyirəm.

Yunanıstanda bizim ölkəmiz haqqında nə bilirlər? Azərbaycanla bağlı hər hansı bir stereotip varmı?

Əlbəttə ki, Yunanıstan Azərbaycan mədəniyyəti ilə tanışdır. Stereotiplər var, hər hansı bir millət haqqında olduğu kimi, bu da qaçılmazdır. Ancaq stereotiplər tamamilə fərqli bir zəmində yaranır, çox vaxt ölkənin mədəniyyəti və tarixinə heç bir aidiyyəti olmayan zəmində. Yenə təhsilə qayıdaq. Təhsil insanları muzeylərə getməyə, kitab oxumağa, həqiqətə çatmaq üçün sualları araşdırmağa məcbur edir. Həqiqət - işıqdır. Bu da insanlara stereotip düşüncələrindən azad olmağa kömək edəcək.

 

Mətn: İnara Əlibəyova 

 

 

Тэги