EMİR KUSTURİTSA BAKIDA

Emir Kusturitsa – təqdimata ehtiyacı olmayan əfsanəvi bir insandır. Uzun karyerası ərzində bu görkəmli serbiyalı usta müxtəlif sahələrdə və fəaliyyətlərdə populyarlıq və şöhrət qazanmağı bacarıb.

Kusturitsa Sarayevoda anadan olub və erkən yaşlarından sənətə meyilli olub - tez-tez dərsləri buraxaraq kino salonlarının qaranlığında sevdiyi filmləri seyr edirdi. Və kinoteatrların birində gələcək rejissor həyatını ovsunlayıcı kino aləmi ilə bağlamaq istədiyini başa düşdü. Bu gün o, geniş tamaşaçı kütləsinə “Arizona xəyalı”, “Andeqraund”, “Ağ pişik, qara pişik” filmləri ilə tanışdır. Bu filmlər ona bir çox mükafat, o cümlədən Kann Film Festivalının iki Qızıl Palma Budağı mükafatı qazandırıblar.

Emir Kusturitsa – Fəxri legion ordeni kavaleri, Rusiya Federasiyasının Dostluq ordeni, Venesiya Festivalının Qızıl Aslan və Berlin Festivalının Gümüş Ayı mükafatları, Lantern Magic prizi və digər fəxri mükafatlara layiq görülmüşdür.

Rejissor və ssenarist kimi məşhurlaşan Emir Kusturitsa eyni zamanda Şərqi Avropada ən tələb olunan artistlərdən biridir. İllərlə sənətə xidməti və çoxşaxəli istedadı onu Balkan mədəniyyətinin əsl simvoluna çevirib. 

1999-cu ildə Emir Kusturica The No Smoking Orchestra qrupunu yaradıb və bu qrupda solist və gitarist kimi fəaliyyət göstərib. “Ağ pişik, qara pişik” filminin saundtrekinin səsyazmasından sonra musiqi kollektivi beynəlxalq rəğbət qazandı. Qrup kəskin rok-n-roll, Balkan pank-rok, milli caz, qaraçı və asiya motivlərini, türk marşlarını ifa edir – bu, Balkanların mədəni kodudur. The No Smoking Orchestra qrupunun füsünkar çıxışları gözlənilməzliyi ilə məşhurdur, çünki sənətçilər hər dəfə bütün dinləyicilərin canlı iştirak etdiyi möhtəşəm şoular hazırlayırlar. Kusturitsanın konsertlərində tamaşaçılar ilk akkordlardan rəqs etməyə başlayır.

Noyabrın 29-da Emir Kusturitsa və onun “The No Smoking Orchestra” qrupu Heydər Əliyev Mərkəzinin səhnəsində çıxış edəcək və Bakı tamaşaçılarına günəşli Balkanların misilsiz musiqisindən müsbət emosiyalar bəxş edəcək.