Əziz dostlar, bilirsiniz, mən qışı yaydan daha çox sevən nadir insanlardanam. Bunun ən böyük səbəbi Milad və Yeni il bayramlarıdır. Çöldə qar yağmasını, şaxtanı, ağacların üstünün parıldayan buz qırovları ilə örtülməsini, hər yerdən Santa Klaus və Şaxta babaların çıxmasını, hər kəsin sevdikləri üçün hədiyyələr hazırlamasını çox sevirəm!
Makiyaj ‒ Hüseyn, saç düzümü ‒ Dogkan
Aynur by Sesem
Mən də daxil olmaqla bir çoxları noyabrın ortalarından artıq şam ağacını bəzəməyə başlayır. Miladdan bir gün əvvəl isə mən uşaqlarımla mütləq Santa Klausa məktub yazırıq, ondan çoxdan gözlədiyimiz hədiyyələri ya da ən böyük arzumuzu gerçəkləşdirməyini istəyirik... Hər şey istəmək olar, üstəlik hamımız möcüzənin baş verəcəyinə və bütün istəklərimizin həyata keçməsinə inanırıq və ümid edirik.
Milad bayramı axşamı uşaqlarla Santa üçün masaya peçenye və süd qoyuruq. Səhər tezdən isə gözlərimizi açan kimi yuyunmadan və səhər yeməyini yemədən, birbaşa pijamalarımızda altında rəngarəng lentlərlə bağlanmış parlaq qutuların gözlədiyi yolkaya tərəf tələsirik. Hər kəs öz hədiyyəsini axtarır və sevincini bölüşmək üçün dərhal onu açır... Gülüş, sevinc, uşaqların və böyüklərin xoşbəxt gözləri. Daha gözəl nə ola bilər? Mehribanlıq, sevgi, səmimiyyət vaxtı – bu ailə bayramının unudulmaz aurasından zövq almaq üçün işlərini qapı arxasında buraxaraq uşaqdan böyüyə, hər kəsin baba evində böyük bir masa arxasında toplaşdığı ən nadir vaxtdır. Bu zaman insanlar bütün küslükləri və problemlərini unudurlar, şənlənirlər və səmimi ünsiyyətdən zövq alırlar. Və ən həlledici məqamda, saat gecə yarısını vurduqda və bu qısa saniyələrdə ən əlçətmaz arzunu düşünməli olduğumuz anda bütün düşüncələr qəfildən qarışır və hər dəfə eyni şeyi arzu edirik: hamı sağlam olsun! Axı, hər dəfə yaxınlarının və dostlarının əhatəsində olanda bu həyatda sənin üçün həqiqətən nəyin vacib olduğunu başa düşürsən.
Mən sizə də cansağlığı arzulayıram, əziz oxucularımız! Özünüzü qoruyun və boş şeylərə görə narahat olmayın. Həyat gözəldir, yalnız bir mənfi cəhəti var – çox qısadır... Bir-birinizin dəyərini bilin, yaxınlarınızı sevin və parlaq gələcəyinizə inanın! Uzun müddət cəsarət etmədiyiniz qərarı alın: sizə mane olan və geri çəkən hər şeyi köhnə ildə buraxın. Fürsətləri qaçırmayın! Həm də Siçan ilində risk etməyə dəyər!
Merry Christmas and Happy New Year!
Ülviyyə Mahmudova,
baş redaktor