KOSMOS BİZİM İÇİMİZDƏDİR

Möcüzələr doğulur, bilən yox bu əsrarı,

Axı necə yaranır qartalın qanadları?

Hardan gəlir aləmə, deyin birinci nəğmə,

Deyin, birinci sevgi hardan gəlib aləmə?

Mirzə Şəfi Vazeh (tərc.: Xəlil Rza)

Paltar və xəz MALEONE CONCEPT STORE

Makiyaj – Hüseyn, saç düzümü – Şəlalə – Dogkan Aynur by Sesem

Uşaq vaxtı biz hamımız Şaxta babaya və ya Santa Klausa inanırıq. Böyüdükdən sonra isə inamımız itir. Ancaq astrologiyaya, bürclərə, ulduzların insanın xarakterinə və taleyinə təsir göstərdiyinə çoxları inanır. O cümlədən, mən də. Qəribədir! Axı astrologiya rasional, elmi olaraq əsaslandırılmayıb. Onu çox vaxt yalançı və ya ağır da olsa saxta elm adlandırırlar. Bəs onun sirri nədədir? Yəqin ki, astrologiya bizim bir çox vacib suallarımıza cavab verdiyi üçün: məsələn niyə insanlar fərqlidir, bu və ya digər vəziyyətdə özlərini niyə fərqli aparırlar?.. Kiminləsə yeni tanış olduğumda, məsələn, işə yeni işçi aldığım zaman – həmişə onun bürcünü soruşuram və o insanın xarakteri, mənfi və müsbət cəhətləri haqqında az da olsa təsəvvürüm yaranır.

Bu fakt elmi görünməsə də, ulduzların təsirinin mistik qanunvericiliyi barədə düşünün! Məgər həyatımızda baş verən hər bir şeyin izahı var? Məgər sübut olunmayan hər bir şey yanlışdır? Çox vaxt izahı olmayan bizim üçün daha vacibdir və hər şeyə bildiklərimizdən daha düzgün baxmağa imkan verir. Ya da biz bildiyimizi düşünürük... Həyat özü bizi gözümüzlə gördüyümüzə və ya əlimizlə toxunduğumuza inanmağı öyrədib.  Amma sadəcə «altıncı hissimizlə», «üçüncü gözümüzlə», intuisiyamızla qəbul etdiyimiz faktlar var. Məsələn, sevgi! Sevgiyə inanırsınız? Axı onun da elmi izahı yoxdur. Uşağın dünyaya gəlməsi və onun böyüməsi misli olmayan bir sənət əsəridir – bunlar hamısı möcüzədir. Bunun da heç bir elmi izahı yoxdur. Amma əgər astrologiyadan danışmağa qərar vermişiksə, o zaman siz deyin, insanların öz bürclərinə dəqiqliklə uyğun gəlmələri məgər təəccüblü deyil? Skeptik olan biri deyəcək ki: «Bunu mənə sübut edin!». Amma sübuta ehtiyac yoxdur, burada hər şeyə inam qərar verir. Sadəcə Kosmosa inanmaq üçün «üçüncü gözümüzü» açmalıyıq. Və əlbəttə ki, öz özümüzə. Əgər bunu hələ öyrənməmisinizsə və hesab edirsinizsə ki, ətrafınızdakı hər bir şeyin elmi açıqlaması olmalıdır, çox güman ki, astrologiyanın insana öz daxili mahiyyətini öyrənmək üçün verdiyi imkanlardan və sirli böyük Kosmosun bizə bəxş etdiyi potensialdan da faydalana bilməyəcəksiniz...

Ülviyyə Mahmudova,

baş redaktor