SARIŞIN BOMBA ŞARLİZ TERONUN AÇIQLAMALARI

Cənubi Afrikadan olan bu gözəl Hollivudun ən çox tələb olunan aktrisalarından biridir. Dekabr ayında Şarliz Teron ​ güclü bir media imperiyasının banisi olan patronunu ifşa edən qadını canlandırdığı "Qalmaqal" filmi dünya kino ekranlarında nümayiş olundu. O, həmçinin "Forsaj 9" filmində də çəkildi. Hər iki qəhrəman müstəqil, cəsarətli və güclü qadınlardır. Bu aktrisanı başqa ampluada nadir hallarda görmək olar.

Berlində Soho House-də səhər əsəbi gözlənti içində keçir. Nəzakətlə təklif olunan kekslər boğazımızdan keçmir, isti içəcəklər masada soyuyur – bütün diqqətimiz giriş qapısında cəmləşib. Nəhayət onlar açılır və aktrisa içəri daxil olur. Qətiyyətli şəkildə, dik daban geyindiyinə baxmayaraq kişi kimi iri addımlarla içəri girir. Onun gur səsi bütün kiçik kafeni bürüyür. Hava sərin olsa da, əynində yüngül zolaqlı ipək köynək, daha bir “zolağa” bənzər super-mini ətək və açıq ayaqqabı var. Göründüyü kimi Teronu utandırmaq çətindir. Söhbətə başlamazdan əvvəl aktrisa öz agenti ilə söhbət edərkən mən enerjinin fışqırdığı bu əlçatmaz qamətli aktrisanı diqqətlə süzürəm. Bir dəfə Şarliz Teron ilə keçmiş müsahibələrimizin birində o, model işləyərkən barda bir qıza yumruq atdığını demişdi, elə o zaman anladım ki, onunla zarafat etmək olmaz. Ona görə də, ilk qeyri-ixtiyarı düşüncəm – uzaq durmaq, məsafə saxlamaq idi. Amma qorxu düşüncələrimin ən qızğın vaxtında aktrisa birdən mənə tərəf çevrildi və gülümsəyərək dedi: «Xahiş edirəm, filmimi çox sərt tənqid etməyin, bu məni yaralaya bilər», – və bir neçə saniyədən sonra o, tam fərqli obrazda – işıq və səmimiyyət saçan mehriban həmsöhbət olaraq qarşımda idi.

Sizi filmdə oynamağa necə inandırmaq olar?

Mənim üçün layihədə kimlərin iştirak etdiyi çox vacibdir. Xüsusilə ekstremal vəziyyətlərə düşən insanlar barədə bəhs edən rejissorları sevirəm.

"Sarışın bomba" filmində olduğu kimi?

Mənim rollarım – mənim uşaqlarımdı. Mənim üçün pis ya da yaxşı rol yoxdur, mən bütün rollarıma eyni diqqətlə yanaşıram. Ümumiyyətlə, aktyor sənətini vəkil işi ilə müqayisə edərdim: əgər vəkil peşəkardırsa, müştərinin günahsız olduğunu sübut edəcək! Lakin etiraf edim ki, britaniya məxfi xidmət agenti Lorreyn və ya sərkərdə Furiosa kimi güclü xarakterli qəhrəmanlara qarşı həqiqətən bir zəifliyim var. Bu qadınlar həyat uğrunda mübarizə aparmağı bacarırlar və inanılmaz sağ qalmaq gücünə malikdirlər!

Şarliz ailədə tək uşaq olub. O, mal-qara və dəvəquşu yetişdirmə fermasında anadan olub və böyüyüb. Onun uşaqlıqda ən yaxın dostu Bok adında bir keçi idi. 13 yaşından Şarliz Yohannesburq Milli İncəsənət Məktəbinin nəzdində internat məktəbində yaşayıb və təhsil alıb. 16 yaşında model müsabiqəsində qalib gəlib və Milan model agentliyi ilə bir illik müqavilə bağlayıb. Uşaqlıqdan balerina olmağı arzulayıb, amma 19 yaşında ayağından ciddi zədə alıb və ona görə də rəqqasə karyerası barədə unutmaq məcburiyyətində qalıb.

Hansı qəhrəmanı oynamaq asandır: prototipi olmayan, yoxsa kitabda ətraflı təsvir olunan və ekranlarda dəfələrlə başqa aktrisalar tərəfindən canlandırılan?

Aktyorlar hesab edirlər ki, məşhur ədəbi əsərlərin qəhrəmanlarını oynamaq çətindir: axı oxucunun artıq bu qəhrəman haqqında təsəvvürləri yaranıb. Çoxdan çəkilən ekranlaşdırmaların isə müqayisə olunmaması qaçınılmazdır. Amma mən belə ədəbi qəhrəmanları oynamağı məhz çətin olduğuna görə sevirəm. «Sarışın bomba» filmindəki obraz romandan götürülüb, düzdür, onu əsaslı şəkildə dəyişdirməli olduq. Kişi dünyasında yaşayan, onların qaydaları ilə oynayan və özlərini qorumağı bacaran qəhrəmanlar mənə maraqlıdır. Ağlamalı qadın hekayələrini və sentimental melodramları sevmirəm, triller və ya savaş janrlarına üstünlük verirəm. Bir də güclü qadına uşağının ölümü və ya yoldaşının onu atması səbəbilə əclaf olmaqdan başqa çarəsi olmadığı bəhanəsilə haqq qazandırılmağını sevmirəm. Bu demək olar ki, son on illər ərzində gördüyüm bütün filmlərdə baş verir, qarşıma heç qəribə və ya axmaq hekayəsi olmayan güclü qadın haqqında film çıxmayıb!

Tənqidçilərin heyran qaldığı «Monstr» (2003) filmində seriyalı qatil Eylin Uornosu oynayan Şarliz Teron «Oskar» (ilk Afrikalı aktrisa olaraq bu mükafatla təltif olunub), «Qızıl qlobus», «Gümüş ayı» və ABŞ kino aktyor gildiyasının mükafatlarına layiq görülüb, BAFTA-nın (Britaniya kino və televiziya sənəti akademiyası) «Qızıl maska» mükafatına namizəd olub. Dünyaca məşhur kinoşünas Rocer Ebert onun «Monstr» filmindəki rolunu kino tarixində ən yaxşı işlərdən biri olduğunu qeyd edib. Şarliz Teron bu film üçün 13 kiloqram çəki almışdı. Daha sonra «Şimal ölkəsi» (2005) filmində aldığı rola görə bir daha «Oskar» mükafatına namizəd olub.

 

Sizin ekran qəhrəmanlarınızı gah qəddarcasına döyürlər, gah da onlar özləri qanlı davalara girişirlər. Bu sizi çəkindirmir?

Mən buna süjet xətti nöqteyi nəzərindən baxıram. Əgər bir qadın məxfi xidmət agenti olmağa qərar veribsə, o zaman o, nəyə getdiyini bilir! Bu rolda qəhrəmanımın davranışı onun maksimal peşəkarlığı ilə məntiqli sübut olunur. Maraqlısı budur ki, bu gün hər kəs bərabər hüquqdan danışır, amma niyə həmişə qadınları hansısa başqa bir amillərə görə mühakimə edirlər, nəinki kişi həmkarlarımızı? Niyə həm ekranda, həm də həyatda bizə “zəif” cinsə aid olduğumuz və imkanlarımızın bəzi stereotiplərlə məhdudlaşdığı fikrini yeritmək istəyirlər? İstəyirəm ki, belə düşünən hər kəs, xüsusilə kişilər mənim qəhrəmanlarımı ekranda gördükdə narahatçılıq hissi keçirsinlər. Qəhrəmanımın əri öldüyünə görə, onun dəstəyindən məhrum qaldığına görə deyil, başqalarının fikrini saymadığı və işini gördüyü üçün, alnıaçıq döyüldüyü üçün simpatiya duymalarını istəyirəm. Qoy kişilər nəhayət görsün ki, kompromisə getməyən qadın nələrə qadirdir!

Sizə ən çox nə zövq verir: iş prosesi yoxsa nəticəsi?

Çəkilişlərim sonsuz davam edir! Çox vaxt çəkilişlərdən sonra filmi izləmək imkanı olmur, bəzən onun taleyinin necə olacağını belə bilmirik: ekranlara tezliklə çıxacaq, ya tamaşaçı onu bir neçə ildən sonra görəcək. Buna görə də mən nəticəni deyil, prosesi dəyərləndirməyi öyrənmişəm və müxtəlif rolları seçməyə çalışıram. Məni çox vaxt “fiziki” rollara dəvət edirlər, hansı ki, danışmaqdan çox hərəkətdə olmaq tələb olunur. Və uşaqlıqda uzun müddət baletlə məşğul olmağım mənə çox kömək edir. Qəhrəmanlarımın çoxu olduqca açıqsözlüdür və heç vaxt peşman olmurlar, amma aralarında mənim keçmişimi xatırladanlar da var. Məsələn, “Qaranlıq sirr” filmindəki rol emosional olaraq çətin idi. Bu rol mənə öz həyatımdan bir hadisəni xatırlatmışdı: 15 yaşımda anam əlinə silah alıb atamı vurmuşdu. Düzdür, “Qaranlıq sirr” filmində qəsdən törədilən cinayətdən bəhs edilir, amma mənim ailəmdə baş verəni isə bədbəxt hadisə və ya özünü müdafiə adlandırardım. Bu faciə mənə “Qaranlıq sirr” filmindəki qəhrəmanı dərk etməkdə yardım etdi.   

Niyə aktrisa olmaq qərarı aldınız?

Yeniyetmə yaşlarında balerina olmaq istəyirdim, amma dizimdən aldığım zədə səbəbindən bu arzumdan imtina etmək məcburiyyətində qaldım. Sonra model olaraq çalışdım, Los-Ancelesə köçənə qədər karyeram çox uğurlu inkişaf edirdi.  Orada da bəxtim gətirdi – bir dəfə məni gördülər və geniş ekrana layiq gördülər. Mən həmişə müstəqil olmaq, hər şeyi özüm əldə etmək istəmişəm. Amma yeni-yeni aktrisa kimi işlədikdə reallığın tamamilə başqa cür olduğunu gördüm. Çox vaxt öz ayaqlarım üstə durmaq məcburiyyətində qalırdım, dolanmaq üçün pulum güc-bəla ilə çatırdı... Bəzən hər şeyi atıb, hesabları ödəmək üçün daimi işə, məsələn, supermarketə düzəlməyi, yaxud əlavə qazanc işi tapmağı düşünürdüm...

 

Gələcək kino ulduzu ABŞ-a anasının tələbi ilə yollandı, o qızının orada özünü daha yaxşı göstərə biləcəyini düşünürdü. İlk iş təklifi aldığı  agent Con Krosbi ilə bankda tanış olub: o, təsadüfən Şarlizin orada tərcüməyə görə səs-küy saldığının şahidi olur. “Vadidə iki gün” (1996), “Şeytanın vəkili” (1997), “Qüdrətli Co Yanq” (1998), “Şərabçıların qaydaları” (1999) filmlərindəki rolları ona çox tez şöhrət gətirdi…

Düşünürəm, siz özünüz də bu gün peşman deyilsiniz…

Ailəmdə ciddi adətlər hökm sürürdü. Həyat mənə erkən yaşlarında təmkinli, səbirli və minnətdar olmağı öyrətdi. Uşaqlıqdan mənə intizamlı olmağı, həyatda heç nəyin qarşılıqsız verilmədiyini aşılayıblar.  Buna görə heç bir işdən boyun qaçırmırdım və hər şeyi çox çətinliklə əldə edirdim. Bir şeyi çox tez anladım ki, əgər həyatda nəsə asanlıqla əldə olunursa, onun nəticəsi də dəyərli olmur. 

Ananızla münasibətiniz necədir?

Anam çox böyük bir ailənin ən kiçiyi idi. O, erkən yaşlarında ailə qurmuşdu və Cənubi Afrikada qadınların bir çox şeydən – azadlıqdan, hüquqdan məhrum olduğu illərdə yaşayıb. Amma o, “yox” deməyi, xoşuna gəlmədiyi şərtlərə qarşı durmağı bacarırdı. Anam həyatdan nə istədiyini dəqiq bilirdi və daha yaxşısına layiq olduğuna əmin idi. Atam mühəndis işlədiyi zaman məhz anam ona Cənubi Afrikada indi mənim də gəzdiyim yolların inşaatı ilə məşğul olan şirkətinin səviyyəsini qaldırmağa kömək etmişdi. Çalışan qadın – üstəlik inşaat biznesində – o zamanlar mənim ölkəmdə nadir, bəlkə də, yeganə hal idi… Hələ də gözümün özündə o səhnə canlanır: anam mini ətəkdə, hündür daban ayaqqabıda onlarla yekəpər oğlanın qarşısında durub və əmrlər verir, onlar isə dinləyirlər və səssiz-səmirsiz icra edirlər. Yadımdadır, bütün bunlardan sonra heç nə olmamış kimi əlimdən tutub məni baletə aparırdı. Anam mənim kumirim idi. Düşüncələrini və hisslərini cəsurcasına ifadə edən, çətinliklərin üstəsindən böyük səbrlə və hətta yumorla gəlməyi bacaran qadınlara çox hörmət edirəm. 

Şarliz Teron ailə qurmayıb. 2012-ci ildə Cekson adında afrikalı oğlan uşağını, 2015-ci ildə isə Avqusta adında qız uşağını övladlığa götürüb.

Siz özünüz anasınız. İş və ailəni necə bir arada tuta bilirsiniz?

Bu sual heç ürəyimcə deyil! Görəsən, kişi həmkarlarımdan uşaqlarını böyütməyi, həyat yoldaşlarının qayğısına qaldıqlarını və eyni zamanda işləməyi necə bacardıqlarını soruşurlar? Bəllidir ki, mən də bütün çalışan analar kimi zamanımı maksimal dərəcədə dəqiq planlaşdırmalıyam. Və mənə elə gəlir ki, bunun öhdəsindən çox gözəl gələ bilirəm. Həm yaxşı ana, həm də müstəqil və uğurlu qadın olmağı arzulayan yeganə qadın olmadığım düşüncəsi məni həmişə ovudub. Adətən, özümdən şübhə duyduğumda belə düşüncələrə qapılıram.

Siz və özündən şübhə etmək!

Niyə də yox? Hətta iyirmi il aktrisalıq fəaliyyətimdən sonra belə hər bir roldan əvvəl həyəcan keçirməyə başlayıram, axı hər şey ola bilər! Və bu da yeri gəlmişkən, peşəmin hələ də məni maraqlandırdığını və qarşımda çətin vəzifələr qoyduğunu bildirən çox yaxşı əlamətdir.

Uğurlu kino karyerasına və Amerikada firavan həyatına baxmayaraq, Şarliz Teron heç vaxt köklərini, vətənini – tez-tez həyatı yaxşılaşdırmaq üzrə yeni layihələrini, məsələn, qadınlara qarşı şiddət, HİV infeksiyası ilə mübarizə proqramlarını həyata keçirmək üçün getdiyi Qara qitəni unutmur.

2000-ci illərin əvvəllərində Siz prodüser şirkəti qurdunuz. Necə bir rəhbərsiniz?

Boss olaraq heç vaxt ciddi qaydalar tətbiq etmirəm. Mənim üçün işçilərin işə nə vaxt gəldiklərinin fərqi yoxdur, kiminsə işdən kənar – evdən və ya dünyanın o biri ucundan çalışmasına qarşı deyiləm, ciddi qaydalar mənim üçün ikinci dərəcəlidir. Bu, işçilərin mənimlə uzun müddət çalışmaları mənim üçün daha çox vacibdir. Çoxları şirkətdə artıq 15 ildən çoxdur ki, çalışırlar, bu isə o deməkdir ki, onlar həm işlərini, həm də məni rəhbər rolunda həqiqətən bəyənirlər.  

Şarliz Teron – canlı təbiətin qatı mühafizəçisidir, «Heyvanlarla Etik Davranan İnsanlar» təşkilatının fəal üzvüdür, o, heyvanların mühafizəsi üzrə fondlara böyük miqdarlar ianə edir, müxtəlif aksiyalarda iştirak edir və süni xəz geyinməyə çağırışlar edən videoçarxlarda çəkilir. Onun sığınacaqdan götürdüyü Denver və Delayla adında iki iti var, «Denver & Delilah Film» prodüser şirkətinə onların adını verib.

 

Müsahibə: Tatyana Rozenştayn 

Foto: mətbuat materialları

Material altmış altıncı buraxılışda dərc olunub.