Nargis for Eco: конкурс среди школьников

Nargis “Ekoklub”larla birlikdə AR Təhsil nazirliyinin nəzdində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi  “Yaşıl Şəbəkə” hərəkatı çərçivəsində məktəblilər arasında ən yaxşı ekoloji instalyasiya hazırlanması üzrə müsabiqə təşkil etdi. 


9 sentyabr – 5 oktyabr 2019-cu il tarixləri arasında Bakının Dənizkənarı Milli Parkında Nargis nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudovanın təşəbbüsü ilə Nargis jurnalının komandasının təşkil etdiyi «Make the Earth Smile» adlı ekoloji sərgi keçirilmişdi. Bu gün Nargis jurnalı Azərbaycanda yeganə nəşrdir ki, ekoloji təşəbbüslər keçirir, ekoloji brendləri dəstəkləyir, təbii resurslara qənaət edir, həmçinin ətraf mühitə qarşı məsuliyyətli davranmağı aşılayır. «Make the Earth Smile» kompozisiyasına Azərbaycan rəssamları və heykəltəraşları tərəfindən müxtəlif tullantılardan hazırlanmış 13 art-instalyasiya daxil idi. Rəsmi açılışda IDEA təşkilatının təsisçisi, Nargis jurnalının “Ekologiya” mövzusuna həsr olunmuş 63-cü buraxılışının üz qapağının qəhrəmanı Leyla Əliyeva və Ülviyyə Mahmudova ilə bu təşəbbüsü müzakirə edən AR Təhsil naziri Ceyhun Bayramov iştirak etmişdilər. Beləliklə, layihəni dövlət məktəbləri ilə davam etdirmək ideyası yarandı. 

Layihəyə 5 noyabr 2019-cu ildə start verilib və 2020-ci may ayına qədər davam edəcək. Layihədə 14 şəhər məktəbi iştirak edir:  Respublika İncəsənət Gimnaziyası, İ.Əfəndiyev adına elitar gimnaziya, 291№li ekoloji lisey, T.İsmayılov adına 6№li məktəb-lisey, H.Əliyev adına lisey, Bülbül adına orta ixtisas musiqi məktəbi, Bakı Avropa liseyi, 169№li klassik gimnaziya, Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksi, Z. Əliyeva adına lisey, Bakı Oksford məktəbi, 189-190№li orta məktəb, T. Həsənov adına 23№li məktəb, 200№li məktəb-lisey kompleksi. Hərəkatın təşəbbüskarları digər məktəblilərlə birlikdə instalyasiyalar üçün ideyalar düşünən və yenidən emal olunan materiallardan müxtəlif fiqurlar hazırlayan ekoklubların iştirakçılarıdır. Hazırlıq mərhələsində məktəblilər məişət tullantılarının qlobal problemləri, utilizasiyanın və təkrar emalın kreativ həlləri ilə tanış olublar. 24 yanvar tarixində 189-190№li məktəbdə  təqdimat keçirildi və məşhur rəssamların mühazirələri başladı. İlk master-klassı rəssam Rəşad Ələkbərov keçirib.

Bənzər master-klasslar və plastik tullantıların təkrar emalı üzrə ekoloji dərslər hər həftə aparılacaq. Məktəbin təyin etdiyi ən yaxşı iş əsas müsabiqədə iştirak edəcək. Müsabiqənin jüri heyəti başda Ülviyyə Mahmudova olmaqla Nargis jurnalının komandası, AR Təhsil nazirliyinin nümayəndələri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, Rəşad Ələkbərov, həmçinin digər rəssam və heykəltəraşlardan ibarətdir. Qalibin işi Bakı Dənizkənarı Milli Parkında yerləşdiriləcək.

Layihənin məqsədi böyüyən nəslin diqqətini ətraf mühitin mühafizəsi ilə bağlı aktual problemlərə cəlb etməkdir.