Köhnə şəhərin labirintlərində İçəri Şəhərin atmosferinə təbii olaraq uyğunlaşan – keçmiş əsrin əvvəllərinə aid mülk ikinci nəfəs qazanmışdır, yeni Kukla Teatrı rejissor və rəssam Tərlan Qorçunun çoxdankı cəsarətli arzusunun gerçəkləşməsi olmuşdur. Çox da parlaq olmayan şəkilli-lövhə ilə ağır qapının arxasına addımlayarkən sanki öz yaddaşının dərinliklərinə yuvarlanırsan: burada hər şey gözlənilməz və tanışdır, ilk dəfə görürsən – amma elə gəlir ki, yaddaşınla... Qeyri-adi Melpomen məbədinin açılışı Azərbaycan mədəniyyətinin şah əsəri, məbədi və musiqi teatrının “müqəddəslərin müqəddəsi” sayılan əsərin motivləri əsasında premyera tamaşasını bəzədi.
Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının versiyası Kukla teatrının estetikasında – klassik üsluba verilən prinsipial yeni bir üstünlükdür?
Bizim teatr Üzeyir bəy Hacıbəylinin tamaşalarına köklənmişdir – tam Motsartın operalarına köklənmiş Zalsburq teatrı kimi. Kukla teatrının, əlbəttə ki, böyük səhnənin ənənəvi estetikasından fərqlənən öz spesifikası vardır. Originalda opera iki saatdan çox gedir, kukla teatrında bu hardasa bir saat çəkir, əks halda tamaşaçının diqqəti dağılır. Həm də siz yəqin ki, başa düşürsünüz ki, bu aktyorlar üçün də böyük fiziki yükdür. Bizim teatrın şəraitinə uyğunlaşdırmaq təkcə texnoloji vəzifə deyildi, o, həm də musiqiyə korrektələr etməyə vadar edirdi: bəzi vokal nömrələr ixtisara salındı, orkestrləşdirmə dəyişdirildi... Tamaşanın anlaşılmasının açarı Füzulinin şərhində ərəb əfsanəsi vasitəsi təqdim edilən sufi fəlsəfəsidir ki, burada məhəbbət – Allah axtarışının özünəməxsus bir allerqoriyasıdır, Leyli isə – ilahi bir obraz. Əsasən onun konsepsiyasının arxasınca getməklə biz eyni zamanda poemanı təşkil edən məhəbbət əzab-əziyyətinin ilahiləşdirilməsindən uzaq qaçmağa çalışdıq. Üzeyir bəy qəhrəmanlarının dünyəvi hisslərini açıqlamaqdan qorxmamışdır. Lakin mən istədim ki, onların ölümü bir son kimi qəbul edilməsin. Bizim fikrimizcə, məhəbbətdə “ilahilik” elə ölümün də dəf edilməsinin mümkünlüyü imkanındadır.
Sizin bu düşüncəniz tamaşada hansı yolla həyata keçirildi?
Tamaşanın birinci səhnəsi öz fəlsəfəsi ilə bədii və məna leytmotivi oldu. Operanı açan qızlar xoru mənə həmişə səhnə baxımından bir qədər statik, tamaşanı öldürən kimi gəlirdi. Və biz vizual olaraq giriş hissəsini dəyişmək qərarına gəldik: indi simvolik təsvir olan səmada uçan pərilərin “Şəbi hicranı” oxumaları ilə başlayır.
Tamaşanın səhnə qrafikası operanın ilkin mənbəəsinin vizual obrazını nə qədər dəyişdi?
Mənə elə gəlir ki, ağ bədəvi kostyumlarla, səhrada qurulan çadırlarla açıq ifadə olunan ərəb estetikası olduqca köhnəlmişdir. Mən Şərqin ümumiləşdirilmiş obrazını yaratmağa çalışaraq məişət aksentlərindən qaçmağa, istər səhra, bağ və ya saray olsun, həddən artıq konkret detallardan uzaqlaşmağa çalışdım. Mən şərqin – kalliqrafiya, xalçaçılıq sənəti, memarlıq və rəssamlıq elementləri kimi müxtəlif janrlarını birləşdirdim. Şərq mənim üçün dünyanın vizual gözəlliyidir ki, burada predmetin daxili mənasi ilk baxışdan elə tanışlıq zamanı gözə görünən izafi gözəllikdə örtüyün arxasında gizlədilmişdir. Bu Yaxın Şərq kalliqrafiyasına bənzəyir, burada məqsəd dünyanı əsrarəngiz gözəllikdə laləzar və ya bağça kimi göstərməklə dərin informasiyanı gözəl tərtib etməkdir.
Binanın daxili məkanları – otaqlar, keçidlər, foye, zal, yuxarı terras – kifayət qədər lakonik və funksionaldır, eyni zamanda bədii seyrə də dəvət edir: əntiq kuklalar, interyerdə Azərbaycan rəssamlarının orijinal əsərləri, mini muzeyləri xatırladan iş otaqları...
Qorçunun tamaşalarının final səhnələri özlərinin gözlənilməzliyi ilə yaddaşa həkk olurlar...
“Yerə endirilmiş” “Arşın mal alan”da qəhrəmanlar hava şarında toy səyahətinə uçub gedirlər – səmalara qədər yüksəlirlər. “Leyli və Məcnun”da hər şey səmalardan başlayır və səma parıltısı yerin insanları və onların hissləri haqqında tarixi qoruyub saxlayır. Finalda mənə emosional olaraq vizual hadisə – bayram, feyerverk çatışmırdı. Hacıbəylinin operasının sonunda Məcnunun ölümü mənim üçün Füzuli konsepsiyasına uyğun olaraq kifayətli deyil: Allahı sevən insanın həyatı sadəcə ölümlə yarımçıq kəsilə bilməz. Buna görə də opera finalından sonra bizim variant gəlir: ilk dəfə tamaşada dekorasiyalar açılır – dünyalar arasındakı sədd yox olur və çiçəklərə qərq edilmiş qızıl ornamentli böyük bir qayıq qəhrəmanları göylərə qaldırır. Onlar Eşqi dərk edərək göylərə, yüksək bir dünyaya köçürlər və bu bizim həyatımızda Allahın mövcud olduğu haqqında özünəməxsus bir xatırlatmadır.
Qorçunun bədii varlığında iki yaşam sıx şəkildə bir biri ilə əlaqəlidir...
Mən Kukla teatrına gəldim ki, hər şeyi özüm edim. Mənim üçün teatr – ilk növbədə vizual incəsənətdir. Təsəvvür edə bilmirəm ki, dünyanı dərk etmə mənasında rəssam olmadan necə rejissorluqla məşğul olmaq olar. Rejissorun rəssam kimi peşəkar olması vacib deyil: o, mahiyyət etibari ilə rəssam olmalıdır. Teatra ilk toxunuşdan mənə aydın oldu ki, vizual özünüifadə olmadan tamaşalar mənim üçün solğun və yarımçıq olacaqdır. Vizual konsepsiya məni cəlb edir, həyacanlandırır, o elə mənim tamaşamdır – məndən başqa heç kim onu ifadə edə bilməz.
Tamaşanın vizual sıralaması incəliklə düşünülüb – bu rənglərin ziyafəti, parçaların zərif möhtəşəmliyi, bəzəklərin sehrliliyi və eyni zamanda metaforların aydınlığı və hadisələrin zəhlə tökməyən emosional fonudur.
Qacar sənətinin tərzi Sizin üçün nəyi ilə cəlbedicidir?
Qacar dövrü – olduqca parlaq rəng və formasına görə bizim mədəniyyətin özünəməxsus bir Renessans dövrüdür, davama malikdir ki, onun bəzi nümunələri mədəniyyətdə bu gün də tanınandır: Şəki xanları sarayı, milli kostyumlarda, tətbiqi-dekorativ incəsənətdə keçmişin əks-sədaları... Mənim fikrimcə, bu estetikanı cəsarətlə “Leyli və Məcnun” tamaşasının həllində istifadə etmək olar. Unikal Qacar portretləri dünyanın bir çox muzeylərinin kolleksiyalarında saxlanılır. Lakin biz, hər zaman olduğu kimi, o dövrlərin incəsənətinin böyük bir hissəsinə, eləcə də XVIII-XIX əsrlərdə ilişib qalmış xalça sənəti kimi möhtəşəm bir sərvətə lazım olan dəyəri verə bilməmişik.
Uşaqlıqdan gələn müəmmalı canlı, sirlər, mistika və misteriya ayinləri obyekti, rəssamların ən qiymətli əsəri – Qorçunun nəfis, dəbdəbəli geyimlərdə, incə təsirli ifadəli üz, saplara bağlanmış taxta aktyorların “şəcərəsindən” bəzi ştrixlər bunlardır.
Sizin teatrda aktyor – mahiyyətcə kukla və insanın tandemidir...
Kukla – mürəkkəb təzahürdür. Meşşan təsəvvüründə – “stasionar suvenirdir”. Mənim üçün incəsənət əsəri və hərəkət etməli olan opera personajıdır. Kukla yalnız hərəkətdə olarkən özünü ifadə edir.
Kimsə deyib ki, kuklalar bizim həyatımızdan getmirlər, sadəcə onlarla oynamağı tərgidirlər. Kukla teatrında belə götürəndə aktyor yoxdur – sənin tərəfindən yaradılmış olan personaj-kuklalar vardır, aktyorlar isə sadəcə onunla oynayırlar.
Açıq idarəetmədə tamaşaçıların gözlərinin qarşısında “kuklalarla oynamağın” üstünlüyü əllərin sehrli plastikası ilə “oyuncaqları” canlandıranın böyük aludəçiliyini istisna etmir. Bitərəf qara rəngli geyinərək parlaq personaj-rəmzin kölgəsində qalır və ya kuklanın əvvəlcədən verilmiş olan obrazına əlavə rənglər və nüanslar qatır.
Açıq idarəetmə hər hansı bir məna yükünü daşıyır?
Həm bədii, həm mənalı: o vurğulayır ki, qəhrəmanlar sevəndə, əziyyət çəkəndə, öləndə ali qüvvə tərəfindən idarə olunurlar. Bu qüvvədə heç bir mərhəmətsizlik yoxdur, bu əbədi qadın başlanğıcının: yumşaqlığın, çevikliyin, ana qayğısının rəmzidir. Təsadüfi deyil ki, bizim aktyorların demək olarkı çoxu qadındır.
Fransız yazıçısı Ş.Nodyenin fikrincə, birinci kukla “birinci qız” ana instinktinin məhsuludur, “ixtira ilə oynama” isə kukla teatrı sənətinin prototipi olmuşdur.
Növbəti sualı verərkən mən cavabdan şübhələnmirdim:
Siz diktatorsunuz yoxsa liberal?
Prinsipcə, sözsüz ki, diktator. Axı rejissora təkcə özünün bədii dünyasını düşünüb tapmaqdan başqa, həm də onu həyata keçirmək lazımdır.
Siz yeni tamaşada xəyal etdiyniz dünyanı yarada bildiniz?
Bu sona qədər heç vaxt baş vermir. Bizim vəziyyətdə isə təcrübəmiz olmadan, həm aktyorlar, həm işıq və səs quruluşçuları iş prosesində öyrənirdilər. Biz əlimizdə olan texniki imkanlara söykənirdik, bu isə bütövlükdə vizual konsepsiyaya toxunmadı.
Öz övladınızdan ayrılarkən nə hiss edirsiniz, – axı premyeradan sonra tamaşa özünün paralel həyatı ilə yaşamağa başlayır?
Rejissorluq ümumiyyətlə nankor bir sənətdir. Hər şey həyatda da olduğu kimi “burada və indi” baş verir ki, bir anı belə saxlamaq mümkün deyil. Rejissor eyni tamaşanı müxtəlif ölkələrdə – Fransa, Amerika, Azərbaycanda – səhnələşdirə bilər və hər dəfə də onlar fərqli tamaşalar olacaqlar. Rejissorluqda düşüncələrin həyata keçirilməsi – qəti olmayan meditasiya kimi bir şeydir: bu texnikanı öyrənmək olar, lakin sonrakı təcrübə artıq sənin müəlliminin meditasiyası yox, sənin özünün şəxsi təcrübən olacaq. Rejissor isə özündən sonra heç nə saxlamadan çıxıb gedir.
MÜSAHİBƏ Arzu Məmmədova
FOTO Sergey Xrustalyov