PRİNTS EDWARD

Bir dəfə o, soyuq, boz Londonda “Bakıya uçuş: Azərbaycanın müasir incəsənəti” sərgisinə baş çəkəcək. 21 rəssamın əsərləri ona elə təsir bağışlayacaq ki, o, dərhal hava limanına üz tutacaq...

Bu onun Bakıya 10-cu səfəridir. Edvard Tvoxiq – oymaçı-rəssam, incəsənət kolleksiyaçısı, Birləşmiş Krallığın ən nüfuzlu təhsil müəssisələrindən olan Malboro kollecində insənət fakültəsinin yaradıcısı və müdiri. Onun yaratdığı “İçəri şəhərin 100 mənzərəsi, Bakı” əsəri nəinki dünyanın bir çox muzeylərində nümayiş etdirilir, hətta əlahəzrət II Elizabetin şəxsi kolleksiyasına da əlavə edilib.

img_1675

İçəri Şəhər və Bakıda ilk günüm mənim üçün tapıntı oldu. Gözlədiyim gördüyümdən çox fərqlənirdi. İşıqla kölgənin oyunu, olduqca fərqli orijinal fasadlar, çox sayda bina və eyvanlar, Köhnə şəhərin gizli və son dərəcə xeyixah xarakteri – bütün bunlar sanki ovcumun içində idi. Bura necə gəlib çıxmışdım? Heydər Əliyev Fondunun Filips de Pyuri Qalereyasında təşkil etdiyi sərgidən sonra sadəcə bilet aldım və Bakıya uçdum. Bu, 2012-ci ildə idi. İndi artıq hər məzuniyyətdə cizgilər və rəsmlər üçün albomlar, oyma taxtalar və s. ilə gəlirəm. Təkcə ilk səfərimdən sonra yağlı boyalarla 40 rəsm çəkdim.

image1_3_copy

Müxtəlif nəsillərə aid 21 azərbaycanlı rəssamın ideyalar, yeni rakurslar və qeyri-adi metodika toplusu – bu idi məni cəlb edən! Bu sərgi əsas oldu. 1851-ci ildə gənc Con Ryoskin Venesiyada olan atasına yazırdı: “Mən hər şeyə toxunaraq çəkmək istərdim, hər bir daşı, özümə hər detalı hopdurmaq üçün”. Mən də özüm haqqında eyni sözləri deyə bilərdimmi? Sözsüz! Bakının Köhnə şəhərinin bir çox küçələrində hər daşı toxunaraq tanımışam. Bir dəfə hava limanında gömrükçülər uzun-uzadı albomumu nəzərdən keçirirdilər, səhifələri vərəqlədikcə də sifət cizgiləri ciddiləşirdi. Mənim Azərbaycandan qədim sənətkarların əsərlərini çıxarmağımdan şübhələnmişdilər! O zaman mən hələ yenicə İçəri Şəhərin özəlliyini əks etdirən və sonradan yerli İncəsənət muzeyində sərgilənən 100 oymadan ibarət möhtəşəm silsiləni yaratmağa başlayırdım. Onlar üzərində yorulmadan bir il çalışdım. Bu layihə məni ovsunladı və valeh etdi, mən hələ də yaratmağa davam edirəm; kompozisiyaların sayı artıq çoxdan yüzü ötüb və təqribən 250-yə çatıb.

image1_6_copy

Ənənələrin və müasirliyin vəhdəti – budur İçəri Şəhər. Təəssüratlarımı ümumiləşdirmək istədikdə, yaddaşım məni obrazlar silsiləsiylə əhatə edərək Bakı qalasına qaytarır: dar küçələrin labirintləri, qədim daş binalar, tağlar və günbəzlər, minarələr və daşla döşənmiş yollar... Ərəb, Orta Asiya, İran, yəhudi ilə bərabər rus və Qərbi Avropa təsiri mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olub: məhz bu, bəzən “geriyə gələcəyə” səyahəti xatırladan qəribə ayrılmaz qarışıq, Bakının müasir görünüşünü müəyyən edir. Mən çox yerdə olmuşam, bütün Avropanı gəzmişəm, amma qəlbimin bir hissəsi Bakının mərkəzində məskən salıb. Burada bütün sərhədlər pozulub, günün saatından – gün indi başlayır, günortadır və ya axşamdı - asılı olmayaraq atmosfer çox energetik və zəngindir. Mən İçəri Şəhərlə 3 dəfə tanış olmuşam – baharın əvvəlində, payızın sonunda və yayın əvvəlində. Və ilk dəfə detallara diqqət yetirərkən nəfəsimi dərmədən seyr etdiyimi özüm də dərhal anlamadım.

image2_2_copy

 

Bakı təcrübəsi ilə ilhamlanan bir sıra kompozisiyalarım Londondakı Britaniya muzeyi və Oksforddakı Aşmol muzeyinin kolleksiyalarında saxlanılır. Oymalarım eyni zamanda Əla Həzrətin, Albert və Viktoriya muzeyinin kolleksiyasında, Venesuelanın paytaxtı Karakasdakı Milli İncəsənət muzeyində, həmçinin burada, Azərbaycan Milli İncəsənət muzeyində yer alıb. İncəsənət nümunələri kolleksiyası sırasında Bakı və Qobustan haqqında iyirmi oymam Azərbaycanın Londondakı səfirliyində, daha 10 əsərim – Britaniya səfirliyinin ofislərində və daha 10-u – Bakıdakı Britaniya Şurasının ofislərində saxlanılır. İçəri Şəhərə həsr edilən ilk oymalarım monoxrom üslubda işlənilib – zəngin və parlaq qara rəngin ağ rənglə kontrastı. Deyə bilərsiniz ki, rəng çox azdır. Bəli, mən nadir hallarda rənglərə müraciət edirəm, o da əhvalın yaxşılaşdırılması məqsədi ilə. Amma son oyma işlərimdə bir qədər irəliyə getmişəm: Köhnə şəhərin sirlərini açaraq, rəng və xətlərin birləşməsi ilə bir-birini əvəzləyən mövsümlərin zəfərinə sevinirəm. Köhnə şəhər və Qobustanın petroqliflərindən ilhamlanan daha 35 oymamı Qız qalasının qalereyasında görmək mümkündür. Bundan əlavə, - iyuldan avqusta qədər, - Zəncirli Evdə “İçəri şəhərə qapılar” adlı sərgim keçirilir.         

image3_3_copy

İsmayıllı, Qax, Qəbələ... Sumqayıtda dənizin kənarında isti qutablar barmaqlarımı yandırıb, Bakının bütün ucqar yerlərini gəzmişəm, cizgilər etmişəm, yağlı boya ilə çəkmişəm... Altı dəfə Qobustanda olmuşam. Qobustan oymalarımın hər biri fiqurludur. Bakıda çox erkən yuxudan oyanıram, Qalada gəzintiyə çıxıram, çox zaman eskizlər etmək və ya fotolar çəkmək üçün ayaq saxlayıram. İçəri şəhəri dan söküləndə, sakitlikdə seyr etsəniz, onun tədricən canlanmasını müşahidə etmək olar: məktəblilər dərsə gedirlər, turistlərin gəlməyinə 1 saat qalmış isə Qalada ənənəvi bol olan Azərbaycan səhər yeməklərinin ətri dolaşmağa başlayır... Əsərlərimin çox hissəsi buradakı yerlərə vizual-emosional reaksiyamdır. Mən İçəri Şəhər, Qobustan və onlarla kəskin kontrast yaradan kənd yerlərinin təkrarolunmaz gözəlliyini əks etdirmək istəyirdim. Niyə? Cavab sadədir: İçəri Şəhər haqqında monoxromatik və rəngli oymalarım toplusunda burada keçirdiyim bütün hissləri əks etdirmək istəyirəm ki, bununla digərlərində də maraq oyadım.

img_1628

Şəki xanları və onların sarayının dekorativ interyeri haqqında İrlandiyadakı məktəb müəllimimdən eşitmişdim.

Bir neçə dəfə Sarayı ziyarət etmişəm. Onu sehrli, daim bahar təravətli interyerini layiqincə vəsf etmək üçün söz tapmıram! Hesab edirəm ki, Urbinodakı Hersoq sarayı və Venesiyadakı Ka d’Oro sarayı ilə yanaşı Şəki xanlarının lirik Sarayı dünyada ən zərif və dərin təsir bağışlayan xarici görünüş və interyerə malikdir. Türkiyəli şair, nasir və dramaturq bir dəfə belə deyib: “Əgər Azərbaycanda heç bir digər qədim tikili olmasaydı, dünyaya Şəki xanlarının sarayını göstərmək kifayət edərdi”. Yüksək və əsaslı tərifdir! Bura ikinci və üçüncü ziyarətimdən sonra və “İçəri Şəhərin 100 mənzərəsi” silsiləsinin yaradılmasından öncə, Şəkiyə səfərlərimdən əldə etdiyim təəssüratlara əsaslanaraq 55 rəngli oyma və monotip hazırladım. Bu əsasən peyzajlardı – Göyçay və Kür çaylarını əhatə edən dağlar. Onlar yarımabstrakt üslubda təqdim edilib: düşündüm ki, məhz bu yolla Azərbaycan təbiətinin füsünkar gözəlliyini tam şəkildə çatdırmaq mümkündür.

image6_copy

Mənim üçün ən vacib nədir? Təbiət. Mənim qəhrəmanım, rəssam-yazıçı Con Ryoskin deyib: “Siz incəsənətin əks etdirdiyini daha çox sevməyənə qədər onu lazım olan dərəcədə heç zaman sevməyəcəksiniz”. O, dünyanı təbiət vasitəsi ilə qavramağın tərəfdarı olaraq elə təbiəti nəzərdə tuturdu. Mənim əksər kompozisiyalarım məhz peyzaj landşaftlarıdır.

Düzünü desəm, yerli rəssamların mənə təsir göstərəcəyindən qətiyyən ehtiyatlanmırdım. Əksinə, bu təsiri hiss etmək zövq verir: o mükəmməl və münbitdir. Bunu yaradıcılıq çayımı qidalandıran müəyyən qolların təsiri kimi qiymətləndirirəm, onların sayəsində o yalnız daha zəngin və daha mənalı olur. Bəxtim çox gətirib: mən bir çox yerli yaradıcı insanlarla, o cümlədən Fuad Hüseynovla, Anar Yolçuyevlə, Əliyar Əlimirzəyevlə, Kira Vekşina ilə dostlaşdım, Liana Latipovaya isə göstərdiyi misilsiz yardıma görə, ümumiyyətlə, oymalar həsr etdim...

img_1698

 

Sadalamağa davam edim? Əlbəttə ki, bu gözəl insanlarla ünsiyyət sayəsində Azərbaycan mədəniyyəti haqqında təsəvvürüm əhəmiyyətli dərəcədə zənginləşdi və inkişaf etdi. Mən Kamran Əsədov və Rövşən Hacızadənin heykəllərinin cizgiləri və ritmələrini sevirəm və Əli Şəmsi və Anar Yoçuyevin emalatxanalarını ziyarət zamanı onlarla söhbət əsnasında vaxtımı gözəl keçirmişəm. Bir dəfə mənə Hüseyn Əliyevin şəkillərinin reproduksiyaları olan gözəl cild hədiyyə etdilər... Qəribədir, onun tətbiq etdiyi üsullar və rəsmin ruhu necə də mənim düşüncəmlə üst-üstə düşür! Bəs musiqisiz keçinmək olarmı? Məcmuəmi yaradarkən, Fikrət Əmirovun klassik əsərləri ilə yanaşı Şahin Növrəsli ilə Renara Axundovanın yazılarını da dinləyirdim. Bu musiqiçilər Azərbaycanın fırça ustaları kimi məhəbbət, çoşqu, yaddaş, zəriflik, ümid ötürürlər.

Soyuqqanlı britaniyalılara təmkinlik xasdır. Lakin burada, Qalada, eyni ilə uzaq və ucqar yerli kənddəki dəstək və mehribanlıq avropalıya gözlənilməz, hətta hədsiz görünə bilər. Bir dəfə İçəri Şəhərdə həddən artıq yüksəklikdə yerləşən detalları sezə bilmirdim. Özümü itirmişdim. Birdən yaxınlıqdakı evdən oğlu və qızı ilə qadın göründü. Bir neçə dəqiqə içində onlar məni çaya qonaq etdilər, daha sonra isə mənə lazım olanları görmək üçün qadın evdən nərdivan gətirdi. Bunun sayəsində rəsmimi tamamlaya bildim, sərginin açılışına bir neçə gün qalmış isə mən şəxsən onlara dəvətnamələri təqdim etdim.

Ümumilikdə İçəri Şəhərin sakinləri çox mehriban və son dərəcə xeyirxahdılar. Bunu çox zaman hiss etmişəm: çox zaman mənə iş zamanı yastıqca ilə stul gətirirdilər, sinidə çay isə - ümumiyyətlə klassik ssenaridi, demək olar ki, ənənədir... Bütün bunlar İçəri Şəhər haqqında təəssüratlar mozaikamı tamamlayır. Bəlkə Azərbaycan mədəniyyətini elə bu səbəbdən sevmişəm? Ola bilər! Həm də o mənə uşaqlığımı və İrlandiyada aldığım tərbiyəni çox xatırladır... Əminəm: müsəlman və kelt mədəniyyətləri sıx əlaqəlidirlər və dərin ümumi köklərə malikdirlər.

image7_copy

Tələbələrimə təlqin etməyə çalışdığım yeganə şey özünəinamdır. Tədrisdə iki prinsipi əsas götürürəm: “Ustalıq daha çox azadlıq bəxş edir” və “Gənclərə tərif deyin – və onlar uğur qazanacaq”. Krallığın 3 ən yaxşı kollecində fakültələrə 18 ildən çox rəhbərlik etmişəm. Mən heç zaman eksentrik nəzərləri cilovlamamışam - əksinə, mən fərdiliyi yetişdirirəm və tərbiyələndirirəm! Təhsil və praktika vacibdir, ancaq ideyalar qədər yox. Mən İrlandiya Rəsm kollecinin Britaniya Şurasının oyma sənətini öyrənmək üçün ayırdığı stipendiyanı alan ilk tələbəsiyəm və o zamandan da ən ehtiraslı oymaçı rəssam olmuşam. Uşaqlıqdan cizgilərin gözəlliyi, onların misilsiz qüvvəsi məni cəlb edirdi. İş prosesi zamanı ən gözəl hissləri keçirirəm: bəli, burada şokoladdan alınan zövqdən daha artığı var! Amma mənim rəsmə olan sədaqətimi və məhəbbətimi qidalandıran amil əsərlərimin bütün dünyada sərgilənməsi anlayışıdır. 2016-cı ildə rəssam-oymaçıların London Kral Cəmiyyətinin üzvü seçildim, bu ilin martında isə onun həmişəlik üzvü oldum. Və fəxr edirəm ki, Kral Cəmiyyətində təqdim olunan işlərimin yarısı burada, Azərbaycanda yaratdığım əsərlərdir.

Azərbaycan rəssamlarının əsərləri mənə bol emosiya bəxş edir. Mən, məsələn, Əliyar Əlimirzəyevin işlərində olduğu kimi, cizgilərin, rənglərin və emosiyaların dialoqu prosesində meydana gələn böyük hisslərin cəmləşdiyi kompozisiyalar yaratmaq əzmindəyəm. Azərbaycan şirniyyatları ilə analogiya aparsaq, o zaman Tahir Salahovla Mikayıl Abdullayevin əsərlərini ədvası bol olan paxlavaya bənzədərdim; Əliəkbər Rzaquluyevin kompozisiyalarını şəkərbura, sevimlim Maral Rəhmanzadənin işlərini isə böyük şor-qoğala bənzətmək olar. Onun 1972-ci ilə aid “Neft daşları” silsiləsindən 3 oyma əsəri mənim qonaq otağımda vüqarla yer alıb...

 Azərbaycanlı həmkarlarımdan nə mənimsədim, nəyi öyrəndim? Üç şeyi qeyd edərdim. Birincisi – rəssam qorxmaz, cəsarətli olmalıdır. İkincisi – kiminsə qəlbini açmağa çalışmalıdır. Üçüncüsü – yorulmadan işləməli, yaradıclıq prosesinə tam aludə olmalıdır. Bakı oymaları yaradıcılıq yolumun kulminasiyasıdır.     

 

Müsahibə Arzu Caid

Foto Pərviz Qasımzadə, Arxiv