Noyabrın 6-da Bakıda, Heydər Əliyev Mərkəzində müasir Çin rəssamlarının əsərlərindən ibarət “Ulduzlar toplusu” sərgisinin açılışı olub. Bu layihə Çinin müasir sənətini ölkəmizdə işıqlandırmaq üçün nəzərdə tutulmuşdur.
Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin kolleksiyaçı John Dodelande və layihənin kuratoru Fransada və digər ölkələrdə bir sıra sərgilərin təşkilatçısı olmuş Ami Barak iştirak ediblər.
Tədbir Çindən gəlmiş milli rəqs qrupunun rəqsləri ilə başlayıb.
“Sərgidə yer alan əsərlərin hər biri nadirliyi ilə fərqlənir. Biz uzun müddətdir ki, Heydər Əliyev Mərkəzində qonaqlarımızı Çin incəsənəti ilə tanış etməyi arzu edirdik. Nəhayət, bu imkan yarandı”, - Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib.
“Bizim arzumuz idi ki, bu sərgini məhz Bakıya gətirək. Nəhayət, bu gün arzumuz reallaşdı. Bu, səyyar sərgidir və o deməkdir ki, biz bu yolla irəliləyərək bu istiqamətdə addımlarımızı davam etdirəcəyik.” Ami Barak qeyd edib.
“Ulduzlar toplusu” sərgisi Bakıdan əvvəl böyük uğurla Tbilisidə nümayiş olunmuşdu. Ekspozisiyada 20 rəssamın və heykəltəraşın 40-dək əsəri təqdim olunub. Ekspozisiya Heydər Əliyev Mərkəzində 2018-ci il fevralın 1-dək davam edəcək.
Источник: Азертадж