What's Cooking: Tomat şorbası

icon

İlin soyuq mövsümündə tez-tez isti və ətirli bir şorba istəyirik. Xəyalımız bizi isinmək üçün dərhal sümüklü bulyonda bişirilmiş yağlı şorba düşüncələrinə aparır. Əlbəttə, biz piti və küftəni çox sevirik, bəs qış şorbalarının vegetarian versiyası necə? Mənim üçün bu - parmesan və qızardılmış çörək tikələri ilə tomat şorbasıdır.

Reseptlər olduqca çoxdur. Mən sizə onlardan birini təklif edirəm. Pomidorların qabığını soyuruq. Öz şirəsində hazır pomidor da almaq olar. Yayda bağda bağlamısınızsa - daha da yaxşı.

image3

4 nəfərlik porsiya:

  • 8 böyük pomidor;
  • 1 orta soğan;
  • 1 orta yerkökü;
  • 1 saplaq kərəviz;
  • Tomat pastası;
  • Duz, istiot, şəkər tozu;
  • Rəndələnmiş parmesan;
  • Bir-iki yarpaq reyhan (təzə və ya qurudulmuş);
  • Zeytun yağı;
  • Qaymaq.

Pomidorun qabığını soymaq üçün, mən onu saplağından çərtirəm və qazanda qaynadılmış isti suya salıram. Bir dəqiqədən sonra pomidoru çıxarıb buzlu soyuq suya salıram. Qabığı dərhal problemsiz çıxır.

image1

image5

image4

Pomidorları doğrayıram (italyan nonna kimi əlinizlə də əzə bilərsiniz) və bir az duzlayıb kənara qoyuram. Balaca bir sirr açım - bizə bir qədər şəkər tozu da lazım olacaq. Həyatınız boyunca yadda saxlayın: pomidor şəkərlə dostdur.

Ayrıca qazançada zeytun yağında soğan, yerkökü və kərəviz qızardıram. Müqəddəs üçlük həm də mirepoix adlanır. Bir az tomat pastası və ya tomatlı bibər pastası əlavə edirəm. Bu, şorbaya daha zəngin bir dad verir.

image2

Daha əvvəl doğranmış pomidorları qazana tökürəm və bir qədər pörtlədirəm. Üzərinə bulyon və ya su əlavə edirəm. Qaynamağa başlayan kimi, zəif odda 20 dəqiqə bişirirəm. Hər şeyi blenderlə çırpıram, doğranmış reyhan əlavə edirəm. Altını söndürürəm və qaymaq vururam, amma bu zövqə görədir.

b4122691c24514108e6fdea1bc8ca79f

Şorba hazırdır. Üzərinə rəndələnmiş parmesan pendiri səpin, qızardılmış çörək tikələri və bir damcı yaxşı bir zeytun yağı əlavə edin.

Bon appetite!

Mətn: Həcər Əliyeva