ZEYNƏB CAHAN: DÜNYANIN TANINMIŞ AUKSİONLARI

Yalnız muzeyləri ziyarət etməklə deyil, onların dəyərinin təyin edilməsində, yəni auskionda iştirak etməklə də incəsənətə qərq olmaq mümkündür. Hətta Sezanın “Qumarbazlar”ına görə külli miqdarda pul qoymasanız da auskion - açıq publika üçün nəzərdə tutulmuş dövlət muzeylərində olmayan ən nadir rəsm əsərlərini, sevimli ustadların heykəllərini görmək, incəsənət əsərinin “çəkicdən” adlı-sanlı kolleksiyaçılara və şəxsi muzeylərə getdiyinin şahidi olmaq üçün unikal fürsətdir.

img_5453

Belə yığıncağa düşmək isə o qədər də asan deyil.  Xoşbəxtlikdən, bu gün internet məkanı, demək olar ki, hər şeyi mümkün edir! Beləliklə, dünyanın ən yaxşı auksionlarını onlayn formatda izləmək mümkündür.

Bir neçə hərrac növü mövcuddur, ən geniş yayılmışı isə ingilislərə məxsusdur – o hələ XIII əsrdə ticarətin komission növü kimi inkişaf etməyə başlamışdı. Əvvəlcədən təyin olunmuş qiymət, bir qayda olaraq, iştirak edən alıcıların təşəbbüsü ilə artırılır. Bu gün üçün ən qədim auksion evlərindən biri «Sotheby’s» hesab edilir. Əsası 1743-cü ildə Londonda qoyulmuşdur, daha sonralar qərargahı Nyu-York olmaqla müxtəlif kontinentlərə yayılmağa başladı. Son onillikdə Sotbis müasir incəsənət əsərlərinin satışı üzrə auksion evlərinin lideri pozisiyasını möhkəmləndirdi.

img_5452

Sotbis evi tərəfindən satılmış ən məşhur “şedevr” (95 milyon ABŞ dolları) Monmartda 24 yaşlı Pikasso tərəfindən çəkilmiş “Tənbəki çubuqlu oğlan” olmuşdur. Həmçinin Renuarın “Mulen de Qaletdə bal” və Rotkonun “Ağ Mərkəz” əsərləri də onların hesabındadır.

img_5454

Auksion dünyasının digər nəhəngi 1766-cı ildə Ceyms Kristi tərəfindən əsası qoyulmuş “Christies” auksion evidir. Kristis hər il geniş ictimaiyyəti auksiondan əvvəl sərgilərlə sevindirməklə fərqlənir. Yəni tezliklə auksiondan gedəcək əsərləri  böyük kolleksiyaçının evinə qonaq gəlmiş kimi realda görmək mümkündür. Kristis də Sotbis kimi Pikassonun əsərlərinin satışı ilə məşhurdur – onlar tərəfindən satılmış “Çılpaq, yaşıl yarpaqlar və büst” indiyədək satılmış ən bahalı əsərdir! (106 milyon ABŞ dolları).

img_5455

Mədəni irs obyektlərinin satışı üzrə liderlərdən biri də britaniya auskion evi “Bonhams”dır. Əsası 1793-cü ildə çap dileri Tomas Doddun  kitab mütəxəssisi Valter Bonhams ilə əməkdaşlığı ilə qoyulmuşdur. Böyük dördlükdə yeganə də olsa alman kökləri olan avstriyalı “Doroteum” auksion evi var. Doroteumun özəlliyi 300 il unikal kolleksiyanın toplanmasından sonra şəxsi zərgərlik mağazasını yaratmasıdır!

Kristisin növbəti həvəslə gözlənilən auksionu 2018-ci ilin sentyabrında baş tutacaq və bizim Sizinlə bütün detalları aydınlaşdırmaq, bəxtimiz gətirərsə öncədən keçiriləcək sərgidə iştirak etmək üçün kifayət qədər vaxtımız var.

Zeynəb Jahan