YAŞAR NURİNİN 67 YAŞI TAMAM OLA BİLƏRDİ

"Yaşar Nuri bizim teatr, kino, televiziya, radio sahəsində çalışan aktyorların içində birincilərdəndir. Yəni ki, o cür sənətçi olmayıb, yoxdur və çətin ki, olsun. Yaşar təkrarolunmazdır" (Azər Paşa Nemətov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti, professor) 

Çətin Sovet küçəsindən olan bu oğlan Azərbaycan televiziyasının qızıl əsrinin simasına çevrildi. Yaşar Nuri 9 yaşında sənətə gəldi - və əbədi orada qaldı. Onun hesabında əllidən çox film, yüzdən çox tamaşa və ən tanınmış obrazlar var. Təkcə "Səni axtarıram" tamaşasında Elçin rolu nəyə desən dəyər! Bu obrazın taleyi tamaşaçıları elə həyəcanlandırdı ki, onlar dayanmadan tamaşanın davamını istəyərək və xoşbəxt sona ümid edərək məktublar göndərirdilər.

"Yaşar Nuri mənim qoyduğum bütün tamaşalarda oynayıb. Həm də, əsas rollarda. Ona “Hamlet” tamaşasında “məzarçı” rolunu vermişdim. O bir az təəcüblənmişdi ki, “mənnən məzarçı olar?”. Dedim: “Sən bir onun mətnini diqqətlə oxu, o adi qəbirqazan deyil, demək olar ki, filosofdu, onun danışığını sadə adam başa düşə bilməz. Yəni məzarçının filosofluğunu adi aktyor edə bilməz. Bu rolu dərin fikirli, bacarıqlı, istedadlı aktyor oynamalıdı. Hətta zarafatla əlavə etdim ki, bu rolu vaxtilə Mirzağa Əliyev oynayıb. Mirzağa səndən əskik aktyor idi?!” Gülüb dedi ki, “başa düşdüm, ağıllı olduğumdan bu rolu mənə tapşırırsan”.

Sonra əlavə etdim ki, məzarçını ölü basdıran kimi göstərmə. O, insanı bu dünyadan, o biri dünyaya köçürür. Bir-iki dəqiqəlik sükutdan, rolun əhəmiyyətli olduğunu başa düşəndən sonra rol Yaşarın çox ürəyincə olmuşdu. Özü də o qədər dərindən oynayırdı ki...", - A.P.Nemətov söylədi. 

Yaşar Nurinin arvadı Rəhimə Nuriyeva, qızları Ülviyyə və Ülkər, yaxın dostu, xalq artisti Firəngiz Mütəllimova aktyor haqqında xatirələrini bizimlə bölüşdülər. 

Yaşar Nuri səhnədə aforizmə çevrilən ifadələr səsləndirirdi. Onunla hər mövzuda danışmaq mümkün idi. O, Lui de Funes və Yuri Nikulin ilə müqayisə edilirdi. Azərbaycanın xalq artisti Yaşar Nuri 1951-ci il sentyabrın 3-də anadan olub, bu il onun 67 yaşı olacaqdı.

 

Video: Elçin Quliyev