ERDİ TAMAŞIN XEYRİYYƏ KONSERTİ

Macarıstanın Azərbaycandakı səfirliyi və “Nargis” Fondunun birgə təşkilatçılığı ilə beynəlxalq müsabiqələr laureatı Erdi Tamaş (Macarıstan) və Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi altında baş dirijoru olduğu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin xeyriyyə konserti baş tutacaq. Konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

Uşaq ikən görmə qabiliyyətini itirməsinə baxmayaraq, bu özəlliyi Tamaş üçün sevdiyi sənətlə məşqul olmaq və olduqca uğurlu karyera qurmağa əngəl yaratmadı. O, tez-tez dünyanın fərqli qitələrində konsertlərlə çıxış edir və tamaşaçılar tərəfindən alqışlarla qarşılanır. Bu cümə axşamı konsert çərçivəsində macarıstanlı musiqiçi azərbaycanlı həmkarı və dostu, dünyaca məşhur dirijor, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevlə səhnəni paylaşacaq.

Bu,  Erdi Tamaşın Bakıya ilk səfəridir, ancaq o, yalnız klassik musiqi həvəskarlarını sevindirmək üçün gəlmir. Bu möhtəşəm konsert sırf xeyriyyə məqsədi daşıyır: bilet satışından əldə olunan bütün gəlir Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin ehtiyaclarının qarşılanması və Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbinin şagirdləri üçün Brayl lövhələrinin alınmasına yönlənəcək. Konsertin xeyriyyə məqsədinə dəstək olaraq tədbirin bədii hissəsindən sonra Dövlət Filarmoniyasının foyesində Macarıstan səfirliyi tərəfindən kiçik xeyriyyə yarmarkası təşkil olunacaq. Yarmarkada tədbirə özəl gətirilmiş qış sezonunun başlanğıcını simvolizə edən Macarıstan təamları və şirniyyatları satışa çıxarılacaq.

Bu Macarıstanın ölkəmizdəki səfirliyi və “Nargis” jurnalı və Fondu ilə birgə təşkil etdiyi ikinci xeyriyyə konsertidir. İlk dəfə bu, böyük uğurla 2018-ci ildə dekabrda baş tutmuşdu: tədbirdən əldə olunmuş bütün vəsait 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində oxuyan sağlamlıq imkanları məhdud uşaqlar üçün Brayl çap maşının əldə olunmasına sərf edilmişdi.