GİZLİ DÜNYANIN ASTANASINDA. CAVAD MİRCAVADOV

“Sovet Bakısının divarlarında mənim həyatımın izləri yoxdur! – rəssam bildirir, – amma mənim Bakımın da divarlarında həyatımın izləri yoxdur və bu, pis haldır!” – “dərkedən” –rəssam Cavad acınacaqlı dillənir... Sərt reallığın boşluğuna atılan sözlər...

Əvvəlki Bakı çoxdan yoxdur... “Sovet” sifəti yuyulub, pozulub, yandırılıb və biz artıq dahi avanqardçı haqqında pıçıltıya keçid almayaraq, təbii səsimizi azaltmayaraq söz aça bilərik.  Onun həyat və yaradıcılığının izləri isə ömür-gün yoldaşı Lyubov Mircavadovanın iradəsi və əlləri ilə ərsəyə gətirilən qeyri-adi mənzil-muzeyinin hər qarışına hopub.

Bu mənzil cütlüyün birgə həyatı haqqında xatirələrə malik deyil. O, burada yaratmayıb, burada sevməyib və arzulara dalmayıb, unla mürəbbənin qarışığını çayla içərək və sonsuz söhbətlər etdikləri bal aylarında onlar burada xoşbəxt olmayıblar. Əvəzində məhz burada rəsmləri – onları balaca daxmanın küncündə acınacaqlı vəziyyətdə üst-üstə yığılaraq tozlanmaq aqibətindən qurtararaq – divarlara asmaq imkanı yaranıb. Dəhlizdə şüşə altında Cavadın şəxsi əşyaları var – əyilmiş ayaqqabı, paltar. Lakin ilk növbədə nəzərləri divardakı qapı cəlb edir. Açarın başı görünən qıfıllı, dəmir barmaqlıqlar mismarlanmış əsl eyvan qapısı. Qonşuların uşaqlarından xilas kimi quraşdırılan bu qapı, müəyyən mənada rəmzə çevrildi – Mircavadov cütlüyünün ümidsiz sovet gerçəkliyi qarşısında mənfur itaətkarlıqdan ayrılmasının təcəssümü. Qapını döyün və onu üzünüzə açacaqlar.

Onun üzünə çox qapı çırpılıb, bəziləri sadəcə öz isti rifahını azadsevərlik küləyi ilə soyuğa verməkdən ehtiyatlanaraq rəssam qarşısında qapını aralamağa cürət tapmadılar. Lakin zaman istənilən perfeksionistdən daha səliqəlidir – hər şeyi yerinə qoymağı sevir. Və bu gün qarşımızda yeni qapılar açılır – “Sirlər aləminə qapı” – buşmenlər buna “aytokua” deyirlər. Lyubov Nikolayevna (yaradıcılıq təxəllüsü Rübabə xanım) bu ecazkar nəğməni “Səyahətçilər klubu”nun buraxılışlarının birində eşitdikdən sonra boyalarla kirlənmiş qapı üzərində yarımdairə şəklində yazı yazacaq. Daha sonra o, eyniadlı kitab yazacaq və qarşımızda pərdəni qaldıraraq, Cavad Mircavadov dünyasına səyahətə dəvət edəcək (“incəsənətin cəngavər qadını” ədəbiyyat və təsviri incəsənətə verdiyi töhfələrə görə Fransanın “Şevalye” ordeni ilə təltif olunub).

Divar boyu onun həyat xronologiyasını canlandıran ailə arxivindən avtoportretlər asılıb. Bir zamanlar öz evinin divarlarında və hasarlar üzərində şəkil çəkən oğlan uşağı, Vaqnerin musiqisinə vurulan və sağlam düşüncəyə zidd olaraq Böyük Vətən Müharibəsi illərində “Loenqrin”i radiodan dinləmək həvəsinə düşən gənc... budur, fotoşəkildə artıq yetkin kişidir – ramolunmaz qüvvəyə malik maqnetik baxış fotonun sarsılmaz statikasını aşaraq ruha siraət edir, qaynar qeyzer tək düz ürəyə sancılır. Qızğın xasiyyət, barışmaz temperament on dəfələrlə boyaların coşqunluq, əks olunan varlıqlar mifik təbiəti ilə qüvvətlənərək bütün ehtirası ilə rəssamın əsərində təcəssüm edib.

1988 il, Mərkəzi Rəssamlar Evi, Moskva

Onun rəsmlərinin çox gözəl və qorxunc fantastik ahəngindən yaradılan personajları şərq üslubunda emosional və parlaqdırlar. Şeytani tanrılar və ilahi şeytanlar bir-birinə qarşı dayanmayıblar, çünki vahid ağuşdan yaranıblar və ümumi ilk mənbəyə aiddirlər. Bu gün onlar hamısı burada, bir tavan altında toplanıblar: “Somnambula”, “Ana və uşaq”, beş “Ehtiras” rəsmlərindən biri, “Feyeriya” – sanki həqiqətən rəssamın ölüm saçan sovet bədheybətinin caynağı çatmayan dənizin dərinliklərindən çıxardığı mirvarilərdir...

Zərrə qədər hiylə, “xilas naminə” yalan, kompromis olmayan təmiz, saf bulaq, çünki “Günəş döyüşçüsünün” seçdiyi – “fədakarlıq yolu”, “Mütləqə aparan vektor” yoludur. Nəhəng əsərlər, monumental obrazlar – fantastik varlıqların heyvancasına dişlərini ağartması arxasında gizlənən sıxıcı nigaranlıq, heç bir maneəsi olmayan dalğalanan həyat enerjisi, insan, bəşəriyyətin taleyinə mərhəmət və şəfqət... Natamamlıq və səfanın, günahın və ali müqəddəsliyin simbiozunun yaranması rəsmlərində “parlaq serpantin” kimi səpələnərək, onlar “öz”ümüzün dərinliklərində, kainatın dərinliklərində aradığımız suallara cavab təklif edirlər.    

Lyubov Mircavadovanın emalatxanasında “Sufi Həmidin ziyafəti”, “Döyüş” (üslubuna görə Şəki xan sarayının frizlərindən qaynaqlanan) – uzaq 1918-ci il hadisələrinə aid döyüş səhnəsini canlandıran rəsm əsəri... ardınca “Çeşmə”, “Qanadlar”. 1986-cı ilə aid “Qabon” – Albert Şveytserə (özünü bəşəriyyətə xidmətə bəxş edən və həyatının neçə illərini Afrikanın Qabon ölkəsində xəstəxananın inşasına həsr edən Nobel mükafatı laureatı, “həyat qarşısında ehtiram” (almanca “Ehrfurcht vor dem Leben”) fəlsəfi prinsipinin müəllifi) həsr edilən 6 hissədən ibarət panoram.

“Tanrı” barelyefi. Armatur, sement, qum və bitum

Lyubov xanımın sözlərinə görə, Şveytser və Nəsimi – rəssam tərəfindən az qala ilahiləşdirilən iki “kumir”, iki parlaq ulduzdur... “Oğlaq bürcü”ndə Mircavadov ona yaxın olan mövzuya toxunur: atəşpərəstlərin təqviminə görə, dekabrın 22-də Oğlaq bürcünün dərinliyindən Günəş çıxır. Rəsm əsərində işığın bolluğu günün uzanmasının rəmzidir. Yataq otağındakı çarpayının başında – “Qaçqın”, üzbəüzdə Hüseyn Cavidə ithaf – “Səyyah”.

Kosmik dərinliklərin parlaq şəfəqi eynilə sevgilisinin yuxusuna gələn Sezan haqqında yuxuya bənzəyir, Mircavadovu qaçılmaz hadisələrdən möcüzəvi halda qoruyaraq, onun yolunu işıqlandırır. Çətinliklər addımbaşıdır, lakin o, qarlı dağlarla çoxmənalı baxışaraq, “onların dəyişkən boyalarının şirinliyindən” həzz alaraq, torpağın şirəsi ilə qidalanır və qüvvəsini bərpa edir. Onun incəsənətə mübtəlalığı ətrafdakıları da hipnoz edirdi – Cavadın “Ermitaj”ın “yetirməsi” olacağını və Stalin dövründə insan ayağı dəyməyən, bunun praktiki mümkün olmadığı, ağıla belə gəlməyən zamanda muzeyin saxlanclarının “müqəddəs məkanlarına” yol tapacağını başqa cür izah etmək mümkün deyil.   

Pikasso və Sezanın yaradıcılığına valeh olaraq, o, özünün unikal sintezini yaratdı və bura Azərbaycan xalçalarının naxışlarını hördü, folklor, Mirqasım babanın hekayələrini və Abşeron torpağının təbiətini əlavə etdi. Həmin Abşeron ki onun üzərində dünyaya göz açmışdı, ona ilham bəxş edirdi və təəssüf etmədən rəssama əziz olan əsərləri udmuşdu. O zamanlar, hələ Abşeron “p” hərfi ilə yazılan vaxtlar səfalı yarımada tamamilə başqa idi – rəssam onu, həyat yoldaşı və təsviri incəsənətlə bir sırada qoyaraq, Tanrının bəxş etdiyi dünyanın 3 möcüzəsindən biri adlandıracaq.

Bəli, biz onun incəsənət yaratdığı evə bizi ağuşuna alan hissləri ifadə edə biləcək böyük qızıl gül dəstəsi ilə gəlmədik, çatdırmadıq... Lakin bu gün biz burada, görkəmli rəssamın nəfəsinin heç zaman qızdırmadığı, ancaq az qala “onun mövcudluğu fantomunu” hiss etdiyimiz məbəddəyik... 

 

Mətn: Nigar Məhərrəmova

Foto: Sənan Ələsgərov

Material 9-cu sayda nəşr olunub