"Mən 38 ildən çoxdur ki, insan iztirabı ilə əhatə olunmuşam. Və işləməyə davam edirəm. Çünki bütün insanlar bir-biri ilə bağlıdır: əgər biri əziyyət çəkirsə, bu əzab başqalarına toxunmaya bilməz. Münaqişə və döyüş zonalarında, qaçqın düşərgələrində insanları alçaldan yoxsulluq və əzab hökm sürür. Mən yalnız ehtiyacı olanlara kömək etmək deyil, eyni zamanda bolluq içində yaşayanlara bəşəriyyətin digər bir hissəsi faciə ardınca faciə yaşadığı zaman laqeyd qalmamalarını çatdırmaq istəyirəm. Axı bütün bunlar hər kəsin başına gələ bilər. Və hər kəs yalnız özü və ailəsi üçün deyil, bütün dünya üçün məsuliyyət daşıyır.
Bildiyimiz və əldə etdiyimiz hər şeyi bölüşməliyik".
Beləliklə, təbrizli, azərbaycan əsilli iranlı Reza Değati ən təsirli sülhməramlılardan biri oldu: onun fəryadına National Geographic və Time şərik olurlar, fotoları tematik albomlar şəklində nəşr olunur, nüfuzlu mükafatlara layiq görülür, muzey və qalereyalarda sərgilənir... Lakin günbəgün iztirab dolu onlarla göz sənə baxdıqda şöhrət təsəlli etmir.
Səs. Türkiyə, İstanbul. 1993
Şəhər divarında yazılan söz onu görməyi bacaran hər kəsə yol göstərir. Divarlar əsrarəngiz çağırış edir: "Gəl". Hər addımımda oxuyuram və elə bil mənə yol göstərən birinin səsini eşidirəm: "Gəl ... Gəl" ... Və bu gözlənilməz oyunun ardınca gedirəm. Sözün poeziyası ilə axına qarşı gedirəm. Onu axtarıram, hər tində onu gözləyirəm... Və birdən keçən günlərin səssiz sübutu olan bağçanın mamır bağlamış qapısı ənənəvi şəkildə açılır.
Biz hazırda sufi filosofu Mövlana Ruminin dərvişlər məktəbindəyik. Dövrə vuran dərviş sonsuzluğa, ilahi sehrlərin ritminə müraciət edir, sağ əlini səmaya, sol əlini isə torpağa yönəldib mistik rəqsdə dövrə vuraraq sanki Allaha canlı bir mesaj göndərir: "Biz yerlə göy arasında olan enerji dövriyyəsində bir qovşağıq".
Bir dəfə demisiniz ki, sufi şairləri Rumi, Firdovsi Sizə zülm edən reallığa qarşı durmağa kömək edir…
Mən sadəcə sufi poeziyasını oxumuram. Hamımızın əsəbləri var, mən isə vaxtımın çox hissəsini əzab çəkən insanlar arasında keçirirəm, mənim yerimdə olan hər kəs gördüklərindən sarsılardı. Mən də emosional olaraq tükənməmək üçün bir vasitə tapdım: mənim üçün bu vasitə - yaradıcı düşüncənin ən yüksək forması, insanın ixtira etdiyi ən böyük sənətlərdən biri olan poeziyadır. Poeziya mənim üçün ruhu kamilləşdirməyin üsuludur. Sufilər isə hər bir insan varlığının dəyəri haqqında yazırdılar. Humanizm onların əsas ideyalarından biridir. Sufizm - hamımızın bir olduğumuz və insanla insan arasında, imanla iman arasında heç bir fərqin olmadığı haqqındadır. Mən də buna inanıram.
Pulitserov mükafatı laureatı Kevin Karter quzğun qartalın xəlvətcə taqətdən düşmüş uşağa tərəf yanaşdığı məşhur fotosunu yayımladığında o, qeyri-insani ittihamlar atəşinə tutuldu. Sizin peşəniz hər gün mənəvi seçim qarşısında qalmağa məcbur edir: tarixə düşəcək dəyərdə bir foto çəkmək, ya da elə burada və indi kiməsə kömək etmək...
İnsanlar pərdə arxasında nə baş verdiyini bilmirlər. Yaxınlıqda fotoqrafdan başqa heç kimin olmadığı və əgər əlindən fotoaparatı yerə qoymayıbsa, deməli yardım etməyib düşüncəsi yarana bilər. Əslində bütün fotojurnalistlərin bir məqsədi var – məzlumların səslərini başqalarına çatdıraraq insanlara kömək etmək. Kevin bu fotojurnalistlərdən biri idi və buna görə də o, bu fotonu çəkib. Mənə gəlincə, döyüş meydanında, müharibə ilə üz-üzə gəldikdə mənim birinci növbəli vəzifəm - həqiqəti söyləyən fotolar çəkmək üçün hazırlıqlı olmaq. Hətta baş verənlərin çoxunu öz yaddaşıma həkk edirəm.
Xatırlayıram, avtofokuslu kameralar çıxanda çox sevinmişdim: bu aparat gözlərim yaşdan heç bir şey görməyəndə özü fokus tutur. Və mən ən azından kadrlardakı insanların fiziki olaraq mənə, mənim əllərimə ehtiyacı olduqlarını görənə kimi çəkməyə davam edirəm. Bəzən məndən başqa onlara kömək edəcək heç kim olmur.
Bəs qaynar nöqtələrdə fotoaparatlı birinə necə münasibət göstərirlər?
Küçədə bir insana obyektivi tuşladıqda o, yəqin ki, soruşacaq: «Niyə məni çəkirsiniz?». İnsanları bilərək təhqir etməmək üçün onları tanımaq lazımdır. Sənin orada olma faktını, bunun sənin işin olduğunu qəbul etdiklərinə əmin olmalısan. Ancaq iş nümayişlərə, münaqişə zonasına gəldikdə hər şey başqa cür olur. Bütün bu illər ərzində mən ölkə nümayəndələrinin, şirkət rəhbərlərinin və ya siyasi qrupların kadra düşmək istəmədiklərini müşahidə etmişəm. Deməli, pis hərəkət etdiklərini bilirlər, öz əməllərinə görə utanırlar və bunun kiminsə görməyini istəmirlər. Fotojurnalistləri təqib edirlər, kameralarını qırırlar… Mən özüm də belə bir vəziyyətdə dəfələrlə olmuşam. Məni həbs ediblər, döyüblər... Bunu ayrı bir qrup insan edirdi, onların gizlətdiyi bir şey olduğu açıq-aydın idi. Yoxsa fotoqrafdan kim, niyə çəkinsin ki? Sadə insanlar bizdən qorxmurlar. Əlbəttə ki, bizim onların ölkələrinə zərər verəcək casus olduğumuzu beyinlərinə yeritməyiblərsə.
Deməli, ciddi təhlükədə olduğunuz hallar olub?
Mən həmişə risk edirəm, amma bu risk qərəzli deyil. Fotojurnalist həmişə cəbhədə, hadisələrin mərkəzində olmalıdır, lazımi anda, lazımi yerdə olmaq üçün məlumatlı olmalıdır. Əlbəttə ki, hissiyat qabiliyyəti olmadan olmaz. Təəsüf ki, mətbuat işçiləri hər kəsdən daha çox hücumlara məruz qalırlar. Mən həmişə nəyə getdiyimi dərk etmişəm. Yüz dəfə gözlərimi yumub düşünmüşəm: budur, həyatımın son dəqiqələri… Bombalar partlayırdı, atəşlər açılırdı, lakin mən möcüzəvi şəkildə sağ qalırdım.
Bir-birini kor-koranə bombalayan savaşan tərəflər arasında qaldığım anlar olub. Mən Sarayevoya, şəhərə jurnalistləri buraxmaq istəməyən serbiyalı qruplaşmaların məni qaçıracaqlarını bilərək getdim. Bir neçə dəfə rusiyalı hərbiçilər Əfqanıstanda məni həbs etmək üçün adamlar göndərib. Səni aldatmaları üçün bir dəqiqə belə gözləmək olmazdı. Əlbəttə fotojurnalist yaxşı texnikaya, iti gözə və rəng hissinə malik olmalıdır, lakin həmçinin informasiya tapmalı, baş verənlərin səbəbini araşdırmalıdır. Məlumatın düzgün olub-olmamasını, səni yanlış yönəltmədiklərini yoxlamaq lazımdır... Və bu azdır. Fotoqraf gördüyü işə bütün qəlbini qoymalıdır: ancaq ətrafda nə baş verdiyini bu cür anlamaq olar. Əgər bu aktiv savaş zonasıdırsa, o zaman panikaya düşmək qəti olmaz – panika zamanı özünü idarə edə bilmirsən və o anda nəinki işləmək, həm də zərər çəkmək olar. Daim özünə xatırlatmalısan və maksimum dərəcədə neytral qalmağa çalışmalısan…
Vəziyyət şəxsən Sizə toxunduğu zaman tərəfsizliyi qorumaq mümkün olurmu?
Qarşılaşdığım hər bir insan, işıqlandırdığım hər bir hekayə - mənim üçün şəxsidir. Mən övladları üçün ağlayan afrikalı, əfqan və ya azərbaycanlı analar arasında fərq qoymuram. Əlbəttə ki, müəyyən regiona məxsus olmağım orada nəyin baş verdiyini daha yaxşı anlamaq imkanı verir. Lakin, bu fotojurnalistə məsələyə birtərəfli baxmaq hüququnu vermir: onun borcu – hadisələrə iştirakçı olaraq deyil, bütün insanlığın nümayəndəsi kimi baxmaqdır. Münaqişə edən tərəfləri, deməli, özünü anlamağa çalışmalısan, çünki baş verənləri anlamadan özünüifadə etmək mümkün deyil. Anlamadığın bir şeyi çəkmək olmaz. Qarabağda, müharibə zamanı mən həmişə özümə xatırladırdım: «Mən burada ilk növbədə fotojurnalistəm!». Bizim peşəmizin öz etikası var.
Məsələ mənim doğma ölkəmlə bağlıdırsa, qərəzli olduğumu ittiham etməmələri üçün faktların çatdırılmasında daha da diqqətli oluram.
Fəryad. Azərbaycan, 1992
Xocalı şəhəri 1992-ci ilin fevral ayında erməni ordusunun törətdiyi kütləvi qırğın yeri oldu. Yalnız əhalinin bir hissəsi bu qırğından xilas ola bilib. Sağ qalanlar isə günbəgün Ağdam şəhərinin morquna gedib, ağ plastik torbalara bükülmüş onlarla cəsəd arasından keçərək itkin düşən yaxınlarını axtarırdılar.
Onlar, erməni əsgərlərinin vəhşiliklərinin nəticəsi olan bir cəsədə yavaş-yavaş, diqqətlə baxırdılar...
Şəkildəki bu qadın yenicə oğlunun və yoldaşının cəsədini tapmışdı. Axtarışda bu qadına kömək edən həkimin sözlərinə görə onların gözləri diri-diri çıxarılmışdı.
Qulaqlarımda hələ də bədbəxt ananın dözülməz fəryadı, ah-naləsi eşidilir...
Bir fotoşəkil şərtsiz obyektivliyi iddia edə bilər?
Obyektivliyə gedən yol, nöqteyi-nəzər seçimindən başlayır. Çox şey hansı fotoaparatdan, hansı linzalardan istifadə olunduğundan, hansı bucaqdan çəkildiyindən asılıdır. Hansı bucaqdan çəkməyə qərar verdikdən sonra avtomatik olaraq şərhçi olursan. Nə çəkəcəyini seçərək nöqteyi-nəzərini seçirsən... Bu mənada obyektivlik haqqında danışmağa ehtiyac qalmır. Fotoaparat kopyalama maşını deyil, heç o da orijinalı tam olaraq təkrarlamır. Bizim peşəmizdə obyektiv olmaq "təsəvvür yaransın" deyə mümkün qədər çox göstərmək deməkdir, bununla yanaşı vəziyyəti necə gördüyünü düzgün bildirməyə çalışmalısan.
Fəthedilməz. Əfqanıstan, Pancşir vilayəti. 1985
1989 və sonrakı dövrlərə qədər ruslara qarşı duran əfqan müqaviməti "Talibanın" lideri, komandir Məsud
Əvvəlcə 1985-ci ildə qarşılıqlı toqquşma baş verdi, sonra qarşılıqlı tanınma ümidi yarandı: Pancşir vadisində şahmat oyunu, əl sıxışma, qucaqlaşma, mübahisələr və yenidən görüşmək vədi... Bu on yeddi illik hücumlar, müşahidə, qızğın mübahisələr və sübhə qədər poetik şifahi atışmalar idi. Bu, azad edilmiş və hələ də taliban rejiminin nəzarətində qalan yeganə anklavı olan Kabul şəhərinə giriş idi. Bu, dinc xəyalların xatirəsi, azadlıq həsrəti və nə olursa olsun müqavimət göstərmək idi. Bu, onun yox olmasının boşluğu idi... Və hər şeydən əvvəl bir dosta verilmiş söz idi.
Bəs indi, Avropadakı Şərq ölkələrindən olan qaçqınlarla bağlı hansı təsəvvürünüz var? Yaxın gələcəkdə onları nə gözləyir?
Heç kim öz istəyi ilə qaçqın olmur, lakin doğma ölkələri zərb edilibsə və ya orada yaşamaq təhlükəlidirsə, məcbur qalırlar. Səbəblər müxtəlif ola bilər: müharibə, diktatura, bəzi fikirlərin rədd edilməsi... Bir çox qaçqından soruşsanız, onlar qaçmaqlarının əsas səbəbinin təhsil almaq və təhlükəsiz həyat sürmək olduğunu bildirəcəklər. Düşünürəm ki, çoxları vətənlərinə qayıtmaqdan xoşbəxt olardı. Bəli, bəzi qaçqınlar xristianlığı qəbul edirlər, çünki xristian cəmiyyətində onları yaxşı qarşılayırlar: demək olar ki, sənədləşmə işlərində çətinliklər görmürlər, onların sağlamlığına dövlət səviyyəsində qayğı göstərilir. Ancaq bu əsas səbəb deyil. Şərq ölkələrini həm də, guya İslam naminə bəşəriyyətə, humanizmə, İslamın özünə belə ziyan vurduqları üçün tərk edirlər.
Bu necə oldu? Axı İslam sülh dinidir...
"İslam" sözünün mənası "sülh" deməkdir. "Salam" - sülh arzulamaqdır. Ancaq bütün dini kitabların bir ortaq xüsusiyyəti var: onları müxtəlif formada oxumaq olar. İslam fundamentalizmi isə artıq din deyil, bir ideologiyadır. Bir çox fundamentalistlər, xüsusən də Orta Şərqdə dini yaxşı tanımırlar. İdeologiyanın insanların beyinlərini doldurduğu və öz tərəflərinə çəkmək üçün dindən sui-istifadə edildiyi çətin bir dövrdə yaşayırıq. Bundan əlavə, müxtəlif fundamentalist qruplar dini təbliğatdan istifadə edərək bir-birlərinə qarşı savaşırlar. Fərqli dini cərəyanların fundamentalistlərini görmüşəm, onlarla söhbət etmişəm... Hamısı bir dünya adı altında gizlənib: bu insanlar düzgün iş gördüklərinə və dini öz məqsədləri üçün istifadə etmək olar düşüncəsinə əmindirlər.
Bəs əslində müharibə kimə lazımdır?
Gəlin düşünək, bu kimə sərfəlidir. Bunlar silah istehsalı və tədarükü ilə məşğul olan, dağıdılmış şəhərlərin bərpası üçün investisiya müqavilələrini əldə edən trans-beynəlxalq şirkətlərdir... Bunlar ən çox pula və gücə sahib olan dünya əhalisinin yüzdə bir faizinə aid insanlardır. İslam dövlətinin mövcud olduğu iki il ərzində bəzi böyük güclərin zənginləşməsinə diqqət yetirin! Bir çox ordular faktiki olaraq böyük şirkətlər üçün işləyir. Suriyaya, Əfqanıstana, İraqa baxın - şəraitdən faydalanan böyük şirkətləri görəcəksiniz. Statistik araşdırmalar sayəsində bunu indi aydın şəkildə görmək mümkündür. Normal insanların müharibəyə ehtiyacı yoxdur. Heç kim onun evinin bombalanmasını, ailəsinin öldürülməsini görmək istəmir...
Üç İbrahimin axtarışında uzun yol
Bizə çox yaxın xristianların, müsəlmanların və yəhudilərin evi olan torpaq var. Parçaladıqları və israillilər və fələstinlilərin bölə bilmədiyi torpaq. Oradakı uşaqları çox vaxt torpaq naminə bir-birlərinə nifrət hissi ilə tərbiyə edirlər. Qədim rəvayətlərə görə İbrahim üç dinin peyğəmbəri, indi bir-birini öldürməyə hazır olan uşaqların atası olub. Mən İbrahim haqqında, onun tarixi, səyahətləri və vəsiyyəti barəsində hekayə hazırlamışdım.
Sükh simvolu olaraq üç dindən üç uşaq tapmaq istədim: Xristianlar arasında Abraham, müsəlmanlar arasında İbrahim və yəhudilər arasında Avraam. Bir ay boyunca belə adları olan oğlanları bir araya gətirmək üçün çox çətinliklə tapmağa çalışdım. Görüşlər həmişə təxirə salınırdı: gah dini bayramlara görə, gah yolların bağlanmasına görə, gah ev sahibinin fələstinli uşağı terrasına buraxmaqdan imtina etməsinə görə ... Bəli, həyata keçirmək istədiyim bu sülhməramlı, idealistik ideya reallığa çevrilmədən əvvəl bir çox maneə ilə mübarizə aparmalı oldum. Bir gün eyni xatirələri, eyni vətəni və eyni ataları olan, lakin bir0birindən ayrı düşən bu üç uşaq yenidən qovuşub görüşə bilərdi. İbrahim, Avraam və Abraham; birgə fotolarını çəkməyin vaxtı gəldi, Atamızın dünya haqqında itirilmiş nəsihətini canlandırdıq. İbrahimin peyğəmbərin üç övladı - yəhudi, müsəlman və xristian - Qübbətüs-Səhra məscidinin və Ağlama divarının qarşısında görüşdü. Sülh arzusunu həyata keçirmək istəyirsənsə, həmişə israrlı olmalısan.
Əfqanıstan, Tora Bora kəndi, 2004
National Geographic-in verdiyi ən təhlükəli tapşırıqlardan biri idi. Pakistan sərhədi boyunca dağlarda, taliban və amerikaт xüsusi təyinatlıları arasında cəbhə kəndlərini gəzərək bir neçə ay keçirdim. Bir gün yolda bir neçə saat keçirdikdən sonra Tora Bora kəndinə çatdım. O orada idi, digər uşaqlarla oynayırdı. Birdən üzünü mənə tərəf çevirdi. Bir neçə şəkil çəkməyi bacardım. O, ölkəsinin ən qəddar bombardmanının gurultusu altında doğulub və böyüyüb. Əfqan müharibəsinin bütün tarixini bu günahsız qızın gözünün dərinliyində görmək mümkündür.
Xaos. Əfqanıstan, Badahstan. 1990
Şimali Əfqanıstanda 2000 ildən çoxdur ki "Buzkaşi" oyununu oynayırlar. Mərasimlər ustası, "Buzkaşi Raiz" oyunun hakimidir. Keçi, qoç və ya buzov bu oyunda top rolunu oynanırlar. Oyundan bir gün əvvəl, heyvanın boğazı kəsilir, başsız cəmdək sahənin ortasında “müqəddəs dairəyə” qoyulur. Oyunu qazanmaq üçün heyvanın cəmdəyini ayağından yapışıb, əlində tutaraq bütün sahəni atla çapmalı, sonra yenidən dairənin mərkəzinə qoyulmalıdır.
Mənim təsəvvürümdə bu insanlar və heyvanlar çox vaxt ilk dəfə Pikassonun "Gernika" əsərini gördüyüm zaman keçirdiyim heyrətləndirici duyğu ilə eynidir. Mən o zamanlar memarlıq oxuyurdum və sənət tarixi müəllimim bizə müharibənin dəhşətlərinə qarşı etiraz rəmzinə çevrilən bu parlaq əsəri göstərmişdi.
Ruanda, 1994
Alfonsina özü mənə öz hekayəsini danışdı: "Atası ilə yaşadığımız sevginin xatirəsi olaraq oğlumun adını Plasid qoydum. Atası ilə qarşılaşdığımda 17 yaşım vardı. Bu hadisə, 1994-cü il soyqırımından öncə, bu torpaqlar hələ qanla boyanmamışdan əvvəl baş vermişdi. O, Hutu idi, mən isə Tutsi. Hutu ekstremistləri - tutsiləri öldürməyə başlayanda, tutsilər isə hutuları öldürməklə özlərini müdafiə etdikdə mən onunla qalmağa qərar verdim və biz birlikdə hutuya qaçdıq. İrəlidə bizi nəyin gözlədiyini bilmədən gecə-gündüz yol getdim. Hutular məni rədd etdilər, amma mən onun yanında olduğum üçün xoşbəxt idim. Körpəmiz dünyaya gəldi. Bundan sonra atası yoxa çıxdı.
Mən artıq Hutu qaçqınlarına aid deyildim; öz qoruyucumu itirmişdim. O zaman Plasidi qucağıma alıb evə qayıtdım. Ancaq doğma kəndimdə də bizi rədd etdilər, sanki oğlumun atasına olan məhəbbətimin yaddaşlardan silmək istəyirdilər: axı indi tutsi ilə hutunun bir yerdə olması qadağandır. Qardaşım keçmişimi inkar edir və öz şərəfini qorumaq üçün mənim hekayəmi oğurlamaq istəyir. O, insanlara deyir ki, hutular məni əsir aldıqdan sonra təcavüz ediblər və hamilə buraxıblar. Ancaq əslində belə şey olmayıb. Yalnız ölkəmizdə baş verən dəhşətlərə görə özünə qapanan və susqun qalan babam bizi sevir və qeyd-şərtsiz dəstəkləyir».
Susqunluq. Ruanda, Kibue. 1996.
Qoca başını tutaraq nəvəsinin hekayəsini dinləyir. Yalnız gözlərindəki ümidsizlik inciləri onun həyacanını biruzə verirdi
Siz bir pasifist olaraq hər hansı bir münaqişənin sülh yolu ilə həll olunacağına inanırsınız?
Bəli, inanıram. İnanıram ki, əgər referendum, konfrans keçirilsə, hətta müharibə şəraitində olan ölkələrdəki insanlar sülhə səs verəcəklər. Çünki məhz onların uşaqlarını cəbhəyə göndəriləcəklərini bilirlər. Generallar və böyük şirkətlərin rəhbərləri övladlarını müharibəyə göndərməyəcəklər, ancaq xalqı vətənpərvərliklə ruhlandıraraq müharibəni təbliğ edəcəklər. Münaqişələrin sülh yolu ilə həlli - daha yaxşı bir dünya üçün yeganə çıxış yoludur. Mahatma Qandi, Martin Lüter Kinq, Nelson Mandela kimi insanlar bunun mümkün olduğunu sübut etdilər.
Gələcəyin qadınlara məxsus olduğunu demisiniz. Nəyi nəzərdə tutursunuz?
Sivilizasiyanın başlanğıcında bir çox insan cəmiyyətləri matriarxat kimi tanınan bir sistemdə yaşayırdı. Sonra isə əksər cəmiyyətlərdə hökm sürən patriarxata keçdilər. Nəzərə alsaq ki, pul və güc kişiləri daha çox cəlb edir, müharibələrin çoxu isə pul və güc uğrunda aparılır. Birincisi, düşünürəm ki, qadınlar bunun uğrunda savaşmazlar - ən azından ona görə ki, təbiət özü onlara can almağı deyil, can verməyi əmr edib. İkincisi, hətta patriarxal cəmiyyətdə belə kişiləri analar tərbiyə edir. Cəmiyyətin əsas tərbiyəçisi - qadındır! Son 15 ili Əfqanıstanda keçirdiyim səbəblərdən biri əfqan qızlarına jurnalist bacarıqları öyrətmək, onlara radiostansiya, qadın jurnalı yaratmağa kömək etməkdir... Heç şübhəm yoxdur: qadınların qərarı nə qədər çox olarsa, dünyada şiddət o qədər az olar. Döyüşmək kişi işidir, hətta heyvanlar aləmində də əksər döyüşlər kişilər tərəfindən başladılır: dişini cəlb etmək, ərazini işğal etmək, kiminsə əlindən yeməyini almaq... Var-dövlət və ya güc uğrunda mübarizə aparan insanlarda heyvani hisslər var. Əbəs yerə hərbi hökumətlərin əksəriyyətində, hətta ən demokratik, ən qabaqcıl parlamentlərdə də qadınlar hələ də kişilərlə bərabər hüquqa malik deyillər. Sakit gələcəyin ən yaxşı təminatlarından biri qadınlara daha çox hüquq verməkdir.
Gələcək dünyanı necə görürsünüz?
Statistikada 2016-cı ildə planetin yalnız 10 ölkəsinin müharibə ilə əlaqəsi olmadığı bildirilsə də, Yer kürəsində insanların dinc yaşadığı yerlər hələ də var. Bəlkə də təxminən beş yüz və ya min ildən sonra insanlığın ətrafına baxıb düşünəcəyi bir an gələcək: əcdadlarımız özlərini məhv etmək üçün bu qədər enerji və vasitələr sərf edəcək qədər vəhşi olub, insanları faydalı peşələrə yiyələnməyə, məktəblər, xəstəxanalar tikməyə kömək etmək əvəzinə müharibəyə getməyə inandırıb məcbur edib!.. Heç kim ölkəsinin sərvətinin bir hissəsini ələ keçirməyə çalışmasa, dünya cənnətə çevrilər.
Parlaq gələcəyin açarı təhsildir. Qaçqın düşərgələrinə gedəndə əsas vəzifəm onlara təhsil almağa kömək etmək olur: fotoqraf, jurnalist, rejissor olmağa yol göstərmək.
Və hekayələr danışmaq. Şəxsən mən inanıram ki, bu dünyanı düzgün istiqamətləndirə bilər. Bunu istəyən milyonlarla insanın arasında mən tək deyiləm. İnanıram ki, hamı dünyaya görə məsuliyyət daşıyır. Buna görə hər kəs geriyə baxmalı və onun rifahının artması ilə başqa bir yerdə azalmayacağına əmin olmalıdır.
Müsahibə Sona Nəsibova
Foto – Reza Değatinin arxivi
Material iyirmi yeddinci nömrədə dərc olunub.