Nəhayət ki, Bakıda çoxdan gözlənilən “blyuz oxuyan madmazelin” - əfsanəvi Patrisiya Kaasın konserti baş tutdu. “Kaas Piafı ifa edir” adlı son dünya turnesi çərçivəsində özünü Edit Piafa bənzədən Kaas tamaşaçılara onun həyatının və məhəbbətinin musiqili tarixçəsindən söz açdı, həmçinin ən yaxşı mahnılarını təqdim etdi. Çıxışı ərəfəsində məşhur müğənni “Nargis” jurnalına müsahibəsində şou-proqramı, peşəkar və şəxsi həyatı, dəyərləri və əlbəttə ki, ən böyük məhəbbəti haqqında danışdı... Amma ilk sualı Kaas hamımıza ünvanladı: “Sabahkı konsertə gələcəksiniz?”. Və müsbət cavab aldıqda səmimi və xoşbəxt təbəssüm etdi...
Dünya turnesi, demək olar ki, arxada qaldı, Bakıdan sonra Tbilisidə sonuncu konsert baş tutacaq. Hansı hissləri keçirirsiniz?
Arxada 142 konsert qalıb. Bu, aylarla davam etdi, təbii ki, yorğunluq və tez bir zamanda evə dönmək istəyi yaranır. Evimi çox sevirəm və əsl istirahəti yalnız orada edirəm. Amma hər şeydən əvvəl Edit Piafın xatirəsinə həsr edilən konserti keçirmək ideyasını uğurla reallaşdırdığım üçün hazırda böyük sevinc hissi yaşayıram.
Patrisiya həyəcanla bizə baxır və etiraf edir: “Mənim üçün tamaşaçı ilə kontakt və onun reaksiyası çox vacibdir”. Yenə də təbəssümlə soruşur: “Deyin, bəs burada publika necədir? Mehriban, isti və açıq? Lap yaxşı, əla!”
Mən 7 il əvvəl “Cartier” butikinin açılışı zamanı Bakıda olmuşam, o zaman royalın müşayiəti ilə kiçik çıxışım oldu. Amma bu kamera konsertinə bənzəyirdi. Onu ölkə prezidenti cənab İlham Əliyev şəxsən izlədi. İndiki çıxış fərqli xarakter daşıyır: bu, müxtəlif janrları və hətta teatr tamaşası elementlərini birləşdirən özünəməxsus şoudur.
Siz konsertlər ərəfəsində həyəcanlanırsınız?
Cavab qəribə görünə bilər, amma – yox.
Mən çoxdandır ki, səhnədəyəm və etdiklərimi çox sevirəm. Ən əsası isə - konsertlərimə məni və mahnılarımı sevən insanlar gəlirlər. Həyəcana və qorxuya burada yer qalmır.
Ötən və ya bu səfəriniz zamanı Bakını, onun görməli yerlərini gəzməyə, milli mətbəxlə tanış olmağa vaxt tapdınız?
Ötən dəfə praktiki olaraq vaxt yox idi, yalnız mərkəzə kiçik ekskursiya baş tutmuşdu. Bu dəfə Bakıya konsertə bir gün qalmış gəldik və şəhərin görməli yerləri ilə tanış olduq.
Oteldə şam etdiyimiz İtaliya restoranı var, ancaq bu gün planlarda yerli mətbəxdir.
Bu yerdə Patrisiyanın firuzəyi gözləri çılğınlıqla qıyıldı: “Deyin, sizin mətbəxiniz çox zəngindir?” sualını verdi və dərhal bizim yerli qastronomiyaya aid çoxsaylı məsləhətlərimizi və tövsiyələrimizi eşitdi...
Uğur qazanmış və tanınmış qadın kimi Sizin fikriniz: hansı daha vacibdir – karyera yoxsa ailə? Onları nə dərəcədə uzlaşdırmaq mümkündür? Günümüzdə ailə və nikah institutunun roluna münasibətiniz necədir?
Ailə hər bir insanın həyatında əsas və başlıca yaradıcı amil olub və qalmaqdadır. Mən çox erkən oxumağa başladım və peşəkar səhnəyə çıxdım. Musiqi ilə məşğul olmağımın və oxumağımın təşəbbüskarı anam idi, etdiklərim onun çox xoşuna gəlirdi və uğurlarım onu çox sevindirirdi! Sonralar, o sağalmaz xəstəliyə tutulduqda, mən işə mübtəla olmuşdum, təki onu sevindirim, təki o mənimlə fəxr etsin. Dünya şöhrətim beləcə başladı.
Şəxsən mənə gəlincə isə... Kənardan artist həyatı gözəl və cəlbedicidir, ancaq bu hamısı bərbəzəkdir. Əslində uğur və populyarlığın arxasında praktiki olaraq bütün vaxtını alan nəhəng əmək dayanır... Bəli, mən ərə getmədim, övladlarım yoxdur, - əgər bu barədə soruşmaq istəyirsinizsə, - amma mən heç zaman bunu ürəkdən istəməmişəm də. Mənim şüurlu seçimim – özümü bir çoxlarının arzusunda olduğu zirvələri fəth etdiyim sevimli işimə tam həsr etmək. Bizim böyük ailəmiz var və imkan dairəsində görüşürük. Təəssüf ki, bizi daha çox bir araya gətirən valideynlərim artıq yoxdur...
Şöhrət Sizə nə bəxş etdi, nədən məhrum etdi?
O mənə müğənniliyə ehtirasla yaşamaq və öz musiqimi yaratmaq, daha sonra isə onunla bütün dünyanı dolaşmaq imkanı bəxş etdi.
Nədən məhrum etdiyinə gəldikdə isə... Mən ehtirasım naminə yaşayıram, amma düşünmürəm ki, bu normal həyat sayılsın.
Nadir asudə vaxtınızda daha nə edirsiniz?
Mən Parisdəki evimi sevirəm və yalnız orada dincəlirəm. Ev dekoru ilə maraqlanıram və mənzilim üçün özüm dekor tərtib etmişəm. Parisdə heç yerə çıxmıram, kübar həyat tərzi sürmürəm.
Çox dostunuz var? Kimə həqiqətən etibar edirsiniz?
Təbii ki, dostlarım var, amma onların sayı çox deyil. Biz çoxdan tanışıq: onlar tanıdıqlarım və bir neçə onillik çalışdığım insanlardır. Mən daim çoxsaylı insanların əhatəsindəyəm. Onların əksəriyyəti mənimlə ünsiyyət axtarırlar. Amma mən kifayət qədər qapalı insanam. Qarşındakının kim olduğunu anlamaq üçün zaman tələb olunur, bu isə məndə praktiki olaraq yoxdur...
Kimə etibar edirəm? Menecerim Sirilə. Biz onunla artıq 27 ildir birgə çalışırıq və nə isə yaxşı və ya o qədər də yaxşı olmayan bir şey baş verdikdə mən ilk olaraq ona zəng vururam.
Siz praktiki olaraq bütün dünyanı gəzmisiniz, çox sayda ölkədə olmusunuz. Hara qayıtmaq istərdiniz?
“Gəzmisiniz”dən daha çox “ötmüşəm”, çünki çıxışlardan savayı çox az şeyə vaxt qalır. Tokio və Sankt-Peterburq məndə dərin təsir buraxdı və ora turist kimi dönmək istərdim. Fransanın cənubunu çox sevirəm, amma Sen-Trope və Kannı yox; o yerləri ki, səxavətli cənub günəşini və parlaq boyaları özünə hopduraraq tam sərbəst olmaq və ruhən dincəlmək mümkündür. Və əlbəttə ki, vətənimi, - böyüdüyüm, şəxsiyyət kimi formalaşdığım və xarakterimin möhkəmləndiyi Lotaringiyanı sevirəm.
Bu yerdə söhbətimiz axarla qarşıdakı konsert mövzusuna qayıtdı. Bu da tam izaholunandır: əsl peşəkar kimi Patrisiya Kaası hər şeydən əvvəl işi maraqlandırır. Biz isə onun yaradıcılığına şərik olduğumuz üçün yalnız sevinc hissi keçiririk...
Müsahibə Səbinə Mirzəyevə Foto Mehmet Turgut, Robert Wolanski