Wow woman! 


Həmsöhbətimiz – gənc işgüzar qadın Zərəngiz Hüseynovadır. O, vətənində uğur qazanmaqla yanaşı, həm də Forbes jurnalının "30 yaşacan 30 lider" siyahısına, həmçinin Facebook sosial şəbəkəsinin liderliyi inkişaf etdirmə proqramının 100 ən yaxşı təqaüdçüsü sırasına daxil edilib. Bu səbəbdən, onun özündən öyrənmək maraqlı olar, görən müasir dünyada işgüzar qadının uğur formulu nədir və bu zaman, adi insan xoşbəxtliyini necə əldən qaçırmamaq olar.

Bizneslə məşğul olmağa Sizi nə vadar elədi – xarakter, vəziyyət, uğur istəyi yoxsa başqa bir şey?

Bəli, xarakterin qismən rolu var. Nənəm danışardı ki, mənim uşaqlıqda həmişə ehtiyat konfetim olardı. O məni ailədə birinci iqtisadçı adlandırardı, çünki mənə qədər bizlərdən heç kəs pul saxlaya bilmirdi. Amma ciddi desəm, həmişə maliyyə cəhətdən müstəqil olmağı istəmişəm. Dünyanın ən iri gənclər təşkilatı AIESEC-ə düşəndə, orada məni sahibkarlığa ilhamlandırırdılar. Mən də düşündüm: niyə də bizneslə məşğul olmayım? Risk etdim və geyim mağazası açdım. Məndən tez-tez valideynlərimin dəstəyini soruşurlar. Hə, onlar çox vacib bir şeyi etdilər – mane olmadılar. Dörd il ərzində WoWoman-dan səkkiz min qadın keçdi, və çoxu da onu deyirdi ki, ən böyük maneəni bizə yaxınlarımız yaradır. İctimai rəy də tez-tez təzyiq göstərir. Öz işimi Facebook-un biznes səhifəsindən başlayanda 18 yaşım, cibimdə isə iki yüzüm var idi. İlk gündən öz komandam formalaşdı və üstəlik, bacım çox kömək elədi, o vaxt cəmi 16 yaşı var idi. Bir-iki aydan sonra biz ilk ofisimizi açdıq və o gündən uğurla inkişafdayıq.

Ölkəmiz əsassız yerə mühafizəkar sayılmır – qadın üçün təqlid nümunəsi seçimi bizdə çox da geniş deyil. Siz nəinki gender stereotipini qırmağa, üstəlik seçdiyiniz sahədə uğur qazanmağa necə nail oldunuz?

Təqlid nümunələri çox lazımlıdır. İngilislərin atalar sözü var – You can’t be what you can’t see – «Görə bilmədiyin şey ola bilməzsən». Mənim nümunəm anam olub: o, öz hüquqşünas karyerasına sıfırdan başlayıb və hər şeyə öz ağlı və qətiyyəti ilə nail olub. Anam bacımla mənə intizamlı və məsuliyyətli olmağı öyrədirdi, amma eyni zamanda bizə sərbəstlik də verirdi. Stereotiplərə gəldikdə isə, belə bir fənd var: Fake it till you make it ‒ «Alınana qədər özünü bacaran kimi göstər»! Yəni, qətiyyətli ol, hətta 18 yaşın olsa belə, təzə başlamısansa və ciddi müştərilərin varsa belə. İlk beş dəqiqədə mənə şübhə ilə yanaşırdılarsa da, direktoru çağırmağı tələb edirdilərsə də, sonra anlayırdılar ki, “balqabaq” deyiləm! Səkkiz illik iş ərzində, demək olar, biznesimiz haqqındakı fikirlərin 95%-i müsbətdir, qalan beş faizi – həmişə və hamıda olduğu kimi – onlayn-heyterlərdir. Ondan başqa, əgər o illərdə biznes açmaqda çətinliklər var idisə də, indi hər şey olduqca asanlaşıb, ona görə də mən WoWoman yaratdm ki, biznesə başlayan qadınlara dəstək olum. Biz, , cəmiyyətin qadınlara necə baxmasından asılı olmayaraq, onlara öz təşəbbüslərini həyata keçirməkdə kömək etməklə artıq dörd ildir ki, fəaliyyətdəyik. İndi, məncə, qadınlar biznesdə, müxtəlif layihələrdə, sadəcə həyatda lazım bildikləri hər şeyi edə bilirlər.

Öz fəaliyyətinizdə maneələrlə toqquşmusuzmu və onları necə dəf edə bilmisiz? Və, yeri gəlmişkən, Sizi daha çox motivləndirən nədir – uğur yoxsa uğursuzluq?

Mənim üçün maliyyə məsələsi ikinci plandadır. Daha çox motivləndirən – sayəmizdə qadınların, istər işdə olsun, istər təhsilin davamında, yaxud hətta şəxsi xoşbəxtlik qazanmaqlarında – həyatlarının necə dəyişdiyi haqda olan müsbət fikirlərdir. Yəni, çoxdankı istəklər, arzular, səylər realizə olunur. O ki qaldı maneələrə, ən böyük maneə – öz gücünə olan daxili, psixoloji inamsızlıqdır. Və burada hər şeydən əvvəl gərək özünü – öz istəklərini, qorxularını, motivasiyalarını, demotivasiyalarını dərk edəsən... Biznes – hərdən adamların düşündükləri kimi, bir yüngül gəzinti deyil. Əlbəttə, o, zövq verməlidir, amma iş prosesi, xüsusilə də əvvəldə, böyük əmək tələb edir. Və burada dəstəkverici sistemi cərgələrə bölmək lazımdır ki, yanmayasan, ‒ ailə, dostlar, yaxınlar. Dəstəkverici sistemi yaratmaq üçün isə, gərək özünü biləsən, biləsən ki, mənə nə kömək edir: ətrafım, musiqi, asudə vaxt... Beləliklə, bu dərketmən və ətrafındır. Mən inanıram ki, sənin sabah harada və nə edəcəyini bugünkü ətrafın təyin edir.

Biznes dünyasında Zərəngiz Hüseynovanın yüksəlişi necə oldu? Forbes və Facebook kimi nəhənglər tərəfindən tanınmağa necə nail oldunuz?

Belə böyük korporasiyalar tərəfindən tanınmaq, adətən vətəndə də tanınmağa səbəb olur. Forbes və Facebook-un reytinqləri dərc edildikdən dərhal sonra, üzərimə müsahibə verməyim üçün kütləvi informasiya vasitələrinin müraciətləri, sözün həqiqi mənasında, yağdı. Bir tərəfdən, bu əladır, layihələrin irəliləməsinə kömək edir, digər tərəfdən isə işləmək şəxsən mənim üçün çətin idi. Brend olmaq, tanınmaq da işdir, həm də çox vaxt və səylər tələb edir. Axı, hələ görüləsi əsas iş də var. Amma mən qızların rəylərindən ilham alıram, mənim elədiklərimin onlara necə kömək etdiyini yazırlar və bu, məni motivləndirir. Facebook-un özünə gəlincə, mən müraciətlər etmişdim və ötən ilin yanvarından avqustuna qədər onların baş müdriyyətinin çoxlu müsahibələrindən keçmişdim. Forbes-da isə, gərək ki, məni One Young World adlı gənc liderlər sammitində görmüşdülər, orada mənim çıxış etməyimi istəmişdilər, halbuki, əvvəldən fikrim sadəcə, orada iştirak etmək idi. Bu, belə bir auditoriya ilə öz ideyalarımı bölüşmək üçün əla bir imkan idi. Fikrimcə, sonra "qartopu effekti" yarandı; ideya artıq öz həyatını yaşayır və öz qanunlarına uyğun inkişaf edir.

Çoxları hesab edir ki, dünya bütün dövrlərdə, elə indinin özündə də, kişilərin dünyası olaraq qalır. Bu fikirlə razısızmı? Və bu dünyada qadın, özü olaraq qalmaqla, necə uğur qazansın?

Yaxşı sualdır. Umid edirəm, tezliklə dünyanı qadınlar və kişilər arasında bölüşdürməyə son qoyacağıq. Amma yenə də qadınların üstünlükləri haqqında danışmalı olsaq, bugün korporotiv dünyada tez-tez belə deyirlər: «Gələcək qadınlara məxsusdur». İndiki vaxtda dəyişikliklərə tez uyğunlaşmaq bacarığı vacibdir, bu isə qadınlarda daha yaxşı alınır. Qadınlarda şəfqət daha güclü inkişaf edib və onların emosionallığı qabaqlar özlərinə qarşı istifadə edilirdisə, indi bu, müsbət bir üstünlüyə çevrilib. Qadın öz həmkarlarını, müştərilərini, partnyorlarını daha yaxşı başa düşür. Hesab edirəm, müxtəliflik həmişə qalib gəlir. Komandamızda qızlar çoxluq təşkil edir, amma biz oğlanları da dəvət edirik ki, müxtəlif rəyləri, yanaşmaları təmin edək, çünki bu, ən yaxşı iş üsuludur. Qadın ola-ola necə uğur qazanmaq olar? Biz tez-tez yarlıq yapışdırırıq. Qadın olmaq, axı, nə deməkdir? Bunu hər kəs özü bildiyi kimi başa düşür. Məsələn, bu yaxınlarda mənə belə sual verildi: düşünmürəmmi ki, qadın çox qazansa, kişiyə ağalıq edəcək? Düşünürəm, mükəmməl kişilər uğur qazanan qadınlardan qorxmurlar. Məsələn, ərim mənə dəstək olur, amma onun öz işi də var və o, orada uğur qazanır. Hər şey çox fərdidir və işin mərhələsindən də asılıdır. Yeni layihənin startında ona maksimum vaxt ayırmaq tələb olunur, sonra özün və ailən üçün də vaxt yaranır. Bundan başqa, bir an gəlir, uşaqlar haqqında düşünməyə başlayırsan. İndi, özümün tam 27 olmayan yaşımda özümü uşaq dünyaya gətirmək üçün hazır hiss edirəm. Əlbəttə, hər şeyi planlaşdırmaq mümkün deyil, amma hər şeyi ərinlə müzakirə etmək və birgə qərara gəlmək lazımdır. Bir qadın kimi mənə ərim tərəfindən psixoloji dəstək çox vacibdir, bu özüm olaraq qalmaqda mənə kömək edir.

Necə düşünürsüz, sahibkar-qadın üçün Azərbaycanda ən çox hansı keyfiyyət vacibdir?

Düşünürəm ki, burada heç bir azərbaycanlı özəlliyi yoxdur. Başqa yerlərdə olduğu kimi, inam, nizam-intizam və fəal düşüncə tərzi lazımdır. Sahibkar problemlərə deyil, həll yollarına köklənir. Məndən tez-tez işimin çətinliyini soruşurlar. Çətinlik odur ki, hər gün bir çox kiçik və böyük qərarlar qəbul etməli oluram, yəni bütün məsuliyyət sahibkarın üzərinə düşür. Çoxları bizneslə məşğul olmaq istəyir, çünki doqquzdan altıya qədər ofisdə işləmək bezdirib. Amma bununla yanaşı, başa düşmürlər ki, sahibkar 24/7 rejimində işləyir, hələ üstəlik, işçilərinə, iqtisadi böhrandan və ya başqa bir şeydən asılı olmayaraq, maaşların vaxtında ödənilməsinin də məsuliyyətini daşıyır... Digər tərəfdən, qoyulan səylər öz bəhrəsini verir. Ancaq ümumilikdə, hər şeydən əvvəl işinizi sevməlisiniz ki, onunla uğurla məşğul olasız.

Biznes və sosial məsuliyyət arasında hansı əlaqəni görürsüz? Niyə sahibkarlıqla məşğul ola-ola, WoWoman sosial layihəsinə başlamaq qərarına gəldiniz?

Yəqin ki, bu, uşaqlıqdakı tərbiyənin, dünyanı daha yaxşı eləmək istəyinin nəticəsidir. Sadəcə don satmaq mənim üçün kifayət deyildi, daha mənalı bir şeylə məşğul olmaq istədim, buna görə də WoWoman sosial platformasını yaratdım. Demək lazımdır ki, "qeyri-kommersiya təşkilatı" və "sosial biznes" anlayışlarını çox vaxt qarışdırırlar. Sosial biznes də bir biznesdir, amma cəmiyyətdə dəyişikliklər etməyə yönəlmişdir. Ancaq o da gəlir əldə etməlidir ki, öz fəaliyyətini saxlasın və inkişaf etdirsin. Lap əvvəldə qrant almaq üçün müraciət etdik, amma hər yerdən bizə rədd cavabı verildi. Bir təşkilatda olarkən, bunun səbəbinin nə olduğunu soruşanda, mövzumuzun aktual olmadığını dedilər: qadınların Azərbaycanda heç bir problemi yox imiş. Məlum oldu ki, bu qərarı... on kişi qəbul edib! Onda da mən,  kənar maliyyə dəstəyindən asılı olmayan sosial biznes qurmaq qərarına gəldim. Zamanla sponsorlar ortaya çıxdı. Kontakt Home, SOCAR AQS, P&G, PAŞA Sığorta, PAŞA Holdinq, AzərTürk Bankı və digər şirkətlər bizə maraq göstərdilər. Təlimlərimizdn xəbərdar olduqlarına görə, bizə müraciətlər edirlər. Üstəlik, bir çoxları yalnız investisiya qoymaq deyil, həm də fəaliyyətimizin bir hissəsi olmaq istəyirlər. Ancaq bizim əməkdaşlığımız həmişə "ikitərəfli hərəkəti olan bir küçə"dir: biz, sosial platforma olaraq, əməkdaşlıq etdiyimiz şirkət və təşkilatlara fayda veririk.

Yəni bir növ reklam edir, biznesi irəlilədirsiz?

Əlbəttə, axı onlar PR və brendinqdə maraqlıdırlar, bizim iştirakçılar üçün isə bu faydalı əməkdaşlıqdır. Platforma iştirakçıları üzrə bizim böyük məlumat bazamız var – 25000 nəfər və biz onu daim inkişaf etdiririk. İştirakçılarımızı PR edəndə, biz onların cəmiyyət üçün sosial əhəmiyyətli yatırımlarına uyğun edirik. Məsələn, bank treninq keçirə və ya maliyyə savadı haqqında mətn yaza bilər, biz isə onu, bankın adını göstərməklə, saytımızda yerləşdirərik. Odur ki, nəticədə bu əməkdaşlıq hər iki tərəf üçün sərfəli və faydalıdır.

Bu yaxınlarda siz yeni W_Space layihəsinə başlamısız. O, fəaliyyətdə olan WoWoman platformasından nə ilə fərqlənir, biznes-cəmiyyətə və bütövlükdə ictimaiyyətə yeni nə verə bilər?

Bu, WoWoman komandası tərəfindən yaradılmış, amma ondan asılı olmayan bir layihədir. Hərçənd, WoWoman tədbirlərinin çoxu W_Space məkanında keçiriləcək, yeni layihənin öz hekayəti və öz iştirakçıları olacaq. Bu – tədris mərkəzi və kafedir və burada müxtəlif treninq-kurslar keçirilir: ingilis dili, yoqa, rəqəmsal marketinq, layihələrin idarə edilməsi üzrə. Bütövlükdə bu infrastruktur professionallar üçündür və yalnız iş fəaliyəti ilə bağlı deyil. Məsələn, bizdə uşaqlar üçün otaq, laktasiya otağı var, Bakıda bu nadir haldır; bundan başqa, biz treninqlər üçün otaqlar və müxtəlif tədbirlər üçün böyük bir zal icarəyə veririk, şərab və pendir boşqabları olan musiqi axşamları planlaşdırırıq. Yəni, bu, vaxtını faydalı və xoş şəraitdə keçirmək istəyən peşəkarlar üçün çoxfunksiyalı bir məkandır. Biz iki min ziyarətçimiz arasında sorğu keçirmişik, onların istək və maraqlarına uyğun olaraq Silikon vadisi planlarına bənzər layihələr üzrə, şəbəkə işi və işgüzar partnyorluq yerləri kimi məkan təşkil etmişik.

Bu qədər qısa vaxt ərzində əldə edilmiş heyrətamiz uğurlardan sonra, belə bir sual yaranırmı – bəs sonra nə? Sizi hansı fəaliyyət sahələri cəlb edir, gələcəkdə nə ilə məşğul olmaq niyyətindəsiz?

Başqa ölkələrdə öz mərkəzlərimizi açmağı planlaşdırıram, ilk növbədə postsovet məkanında. Dəqiq planlarım yoxdur, nə etmək istədiyimin ümumi görüntüsü var. Qarşıdakı iki-üç ildə müəyyən ideyalar ətrafında cəmiyyətlər yaratmağa hazırlaşıram ki, ümumi məqsədləri  gerçəkləşdirmək üçün həmfikirləri birləşdirim. Belə mühitdə müxtəlif işgüzar təşəbbüs və konsepsiyalar ortaya çıxacaq. Yaxın yarım ildə isə özüm üçün vaxt ayrmağı planlaşdırıram. Elə şeylər var ki, xırda təfərrüatlarına qədər planlaşdırmaq mümkün deyil. Ona görə də, adətən, məndə olduğu kimi – işləməyə başlayaq, qalanına baxarıq!

Sahibkar Zara Hüseynova haqqında az yazılmayıb. Bəs işdən kənarda həyatınız necədir, nə ilə maraqlanırsız, nəyə üstünlük verirsiz?

Bütün boş vaxtımı ərimlə keçirirəm. Çoxlu səyahət edirik, müxtəlif ustad dərslərinə gedirik, qısası, asudə vaxtımızı aktiv keçiririk. Hərdən evdə qalıb filmlərə baxırıq. İndi Bakı və Kiyev arasında müntəzəm işləyirik. Öz dost çevrəmiz var, bizim kimi, gənc cütlüklərdir, arabir bir yerdə cəmləşirik, deyək ki, şərab süfrəsi ətrafında kitabları müzakirə edirik.

Həyatınızdan razısızmı? Sizə görə xoşbəxtlik formulu nədən ibarətdir?

Hə, deyə bilərəm ki, xoşbəxtəm. Adətən seçim qoyurlar: ailə yoxsa iş. Mənim üçün burada alternativ yoxdur – o da vacibdir, bu da. Ailəsiz özümü tam xoşbəxt hiss edə bilməzdim. Valideynlərim, bacım, sevən ərim və sevdiyim iş var... Tez-tez işdə elə çətinliklərlə üzləşirsən ki, özün-özündən soruşursan: mənə bu lazım idi? Amma bu tez də keçib gedir. Əlqərəz, insanlara insanlar lazımdır. Maraqlı bir TED-Talk var: mütəxəssislər təyin ediblər ki, insanın əhəmiyyətli münasibətləri nə qədər çoxdursa, istər ailə olsun, istərsə də dostlar, onun sosial çevrəsi nə qədər geniş və keyfiyyətlidirsə, bir o qədər o, xoşbəxtdir!

Müsahibə Cavidan Quliyev

Foto Pərviz Qasımzadə, şəxsi arxiv

Material 62-ci buraxılışda dərc olunub