Qadın həyat yoldaşına uzun zamandır xəyanət edir və nəhayət onu tərk etməyə qərar verir. Xəyanət etdiyini öyrənsə də, əri ona qalmağı üçün yalvarır, lakin qadın soyuqqanlıcasına evi tərk edir və qarşıdakı otelə yerləşir... LXXII Beynəlxalq Kann film festivalında nümayiş olunmuş, rejissor Kristof Onorenin «212-ci otaq» (ingilis dilindən tərcümədə «Sehrli bir gecədə») filmi belə başlayır. Baş qəhrəmanı Kyara Mastroyanni ifa edir. İfa etdiyi rola görə o, «Xüsusi baxış» kateqoriyasında ən yaxşı aktrisa titulunu qazanıb. Söhbət Kyara Mastroyannidən açılanda jurnalistlər ilk növbədə onun məşhur valideynlərini xatırlayırlar. Axı Kyara əfsanəvi, dünyaca məşhur aktyorların qızıdır: anası – Fransanın simvolu Katrin Denevdan qamətli bədən quruluşunu, düzgün burnunu və heyranedici təbəssümünü alıb, atası – italyan kino ulduzu Marçello Mastroyannidən şıltaq qonur gözlərini alıb. Amma məşhur valideynlərindən fərqli olaraq Kyara gördüyü işləri kultlaşdırmır və ətrafında qalmaqal yaratmır, hərçənd asan keçməyən uşaqlığını həvəslə xatırlayır… O, Parisdə, anasına yaxın yaşayır və Katrin kimi tək başına iki uşaq böyüdür. Onun filmoqrafiyasında yetərincə fransız-italyan filmləri yer alır, amma qazandığı mükafat sayı çox azdır. 1994-cü ildə «Sezar» mükafatı və yarım əsrdən sonra, bu il Kann festivalının «Palma budağı» mükafatı ilə təltif edilib. Yəqin ki, onun kinokaryerası inkişaf etməyə başlayıb!
Siz Kristof Onorenin ssenarisi üzrə dörd filmdə çəkilmisiniz – «Sevgi haqqında bütün mahnılar» filmindən tutmuş «Sevənlər» filminə qədər. Amma indi o, etiraf edib ki, bu rolu xüsusi olaraq sizin üçün yazıb…
Mənim üçün də bunu eşitmək qəribədir və mən təsəvvür etməzdim ki, Kristof məni belə bir ampluada görür! Kinoda həyat yoldaşlarını aldadan və onlara xəyanət edən kişiləri göstərməyi sevirlər. Bu dəfə Kristof özünü kişi kimi aparan qadın obrazı yaratdı… Mənim canlandırdığım Mariya eqoist, özünü sevən oğlana bənzəyir. O, evlidir, amma yoldaşı ilə artıq çoxdandır ki, «dost» münasibəti içindədir. O, hüquq dərsi verir və hər ay əylənmək üçün özünə bir-iki tələbə seçir. Mariyanın xarakterində həmişə kişilərə tənə vurduğumuz – həyat yoldaşına xəyanət edən xüsusiyyətlər əks olunub – razılaşın ki, təbiətdə monoqamiyanın mövcud olmadığından, demək olar ki, əminik!
Bu rolda Sizin üçün ən çətin nə idi?
Çılpaq səhnələr. Artıq ilk səhnədə Mariya gənc məşuqlarından birini zəhlə tökən rəfiqəsindən qurtarmağa çalışır. Mən kamera qarşısına inamla və eleqant şəkildə, lakin çılpaq çıxmalı idim və çox utanırdım. Təbiətcə çox utancağam, amma burada peşəkar aktrisa olduğumu xatırlamalı oldum. Çəkiliş müddətində obraza girmək üçün durmadan özümə təkrarlayırdım: «sən fahişəsən». Bunun sayəsində Mariyanın bütün məşuqlarının bir otaqda toplandığı və onların qarşısına çılpaq şəkildə çıxmalı olduğu ən son səhnəyə qədər dözə bildim. Bu ən çətin səhnələrdən biri idi!.. Və yenə də, məndən təbii oyun tələb olunurdu, mən isə ağırlıq və qorxu hissi keçirirdim. Eyni zamanda yenilik və ekzotika hiss edirdim. Mən heç vaxt rola girməkdən, qəribə, yöndəmsiz, gülməli, zəif görünməkdən qorxmamışam… İfa etdiyim rol məni nə qədər özümdən alırsa, o qədər yaxşıdır. Və Kristof həmişə bunu ən yaxşı şəkildə həll etməyi bacarır.
Qəhrəmanınız hesab edir ki, evliliyi qorumaq üçün məşuq olmalıdır. Bəs Siz necə düşünürsünüz?
Bu cəfəngiyyatdır! Mariya dürüst biri deyil və özünə dəhşətli dərəcədə heyrandır. O, özünü güclü, sərbəst, azad qadın hesab edir, zövq və seks yaşamağı sevən biridir. Həyat yoldaşı ona istədiyini verə bilmir, buna görə də, Mariya tələblərini ən yaxşı şəkildə qane edən öz reallığını yaradır. O, hərəkətlərində pis bir şey olmadığına özünü inandırır, ona görə də, yoldaşının reaksiyası onu təəccübləndirir və onu sakitləşdirməyə çalışır: «Məni düz başa düş! Bunu şəxsi məsələ olaraq görmə!» Dünyada onun kimi qadınların – həqiqəti dəyişdirilmiş şəkildə qəbul edən, öz həyatlarını yaşamaq istəyən, ətrafdakıların düşüncəsi və hisslərini vecinə almayan insanların sayı çoxdur. Mariya sadəcə ətrafındakıları deyil, özünü də aldadır. Problem ondadır ki, o, dürüst olmaq istəmir, ona belə yaşamaq daha asandır.
Sizin həyat yoldaşınızı keçmiş əriniz Benjamin Bioley ifa edir. Bu işinizi çətinləşdirmədi ki?
Yox, əlbətdə. Biz onunla hələ də yaxın dostuq. Bizim birlikdə bir çox layihələrimiz var, eyni zamanda qastrola çıxdığımız musiqili layihələrimiz də var. Düzdür, filmdə o, öz antipodunu oynayır, buna görə də, bu rol üçün çox şey öyrənməli olmuşdu. Məsələn, paltaryuyan maşınını yandırıb söndürməyi öyrəndi – mənim üçün bu məzəli oyun kim idi!
Elə görünür ki, əlli-altmış il bundan əvvəl fransız filmlərini zəbt edən, Alen Delon və Jan-Pol Belmandonun da eyni ustalıqla ifa etdiyi maço kişi obrazı keçmişdə qalıb. Əvəzinə yumşaq, özlərinə güvənməyən inteligentlər gəlib…
Əlli-altmış il bundan əvvəl mən dünyaya gəlməmişdim. Amma düşünmürəm ki, kişiləri «maço» və «zəif» növlərə bölmək olar. Hər şey daha da mürəkkəbdir. İnsanlar çox sayda damğalarla yaşayır və rahatlıqla bu damğaları başqalarının üstünə atırlar: «bax, bu kişi kimidir», «əsl xanım belə etməməlidir» ya da «bu olduqca fransızcadır»... Əslində gözü açıq yaşamaq lazımdır, o zaman suallarımızın cavablarını tapa bilərik.
Özünüzü başqa peşədə düşünə bilirsinizmi?
Hər uşaq kimi mən də, uşaqlıqda yanğınsöndürən olmağı arzulayırdım. Mənim normal həyat və peşə üçün doğulmadığımı dərk etmək üçün çox vaxt lazım oldu... hərçənd «normal peşə» anlayışı ümumiyyətlə varmı? Seçdiyim yoldan şübhə etdiyim anlar olub. Xüsusilə uzun müddət işsiz qaldığımda. Xoşbəxtlikdən Kristof Onore kimi rejissorlar var: o, həmişə şübhə etdiyim anlarda mənə zəng edir. O zaman öz ideyaları ilə məni başdan çıxarır, həyata qaytarır və özü də bilmədən bu peşəni niyə seçdim sualına cavab verir.
Kinoda ilk rolunuzu xatırlayırsınız?
Çox gözəl xatırlayıram. Altı yaşım vardı, anam Klod Leluşun filmində çəkilirdi, mən isə sıx-sıx onu ziyarət edirdim. O zaman anamın nə işlə məşğul olduğunu tam anlamırdım. Bir dəfə çəkilişdə çox darıxırdım və komandadan kimsə «gəlin, onu bir şeylə məşğul edək, filmdə kiçik bir rol verək» dedi. Bunu gözəl şlyapa formasında, ortasında al qırmızı straz daşı parlayan saç sancağı olan bir qadın dedi. O, gülümsədi və söz verdi ki: «Filmdə oynasan bu sancağı sənə hədiyyə edəcəm». Sancaq çox gözəl idi və onu əldə etməyi çox istəyirdim. Amma ilk aktyorluq təcrübəm məni məyus etmişdi. Mənə Vudi Allenin «Seks haqqında bilmək istəyirsiniz, amma soruşmağa qorxursunuz» filmində spermatozoid rolunu ifa etdiyi zaman geyindiyi qəribə kostyuma bənzər kostyum geyindirmişdilər. Bu məni uzun müddət filmdə oynamaq və ümumiyyətlə kamera qarşısında poza vermək həvəsimi öldürmüşdü.
Bəs kino karyerası haqqında nə vaxt arzulamağa başladınız?
Bu atamla bağlı bir hadisə sayəsində baş verdi. Deyim ki, atamı çox nadir hallarda görürdüm. Adətən məni onun yanına tətildə göndərirdilər, amma biz heç yerə getmirdik, çünki onun heç vaxt tətili olmurdu. İşləmədiyi zaman özünü bitmiş və çarəsiz hiss edirdi, yeni layihə zamanı isə tamamilə işə qərq olurdu. Yəqin ki, həyatının qaranlıq tərəflərini bu cür qapatmaq istəyirdi... Birlikdə tətil keçirmək yerinə atam mənə ona çəkilişlərdə müşayiət etməyə izn verirdi. Bir dəfə Federiko Fellininin «Qadınlar şəhərində» filmində çəkilirdi. Səkkiz yaşında idim və mən inanılmaz dekorasiyalar və effektiv kostyumlardan o qədər təsirlənmişdim ki, kino adlanan bu füsunkar dünyaya daxil olmaq istədim! Düzdür, ilk başlarda aktrisa deyil, nəsə başqa bir şey, məsələn işıqçı və ya rejissor assistenti olmaq istəyirdim…
Valideynlərinizin populyar olmağı Sizin həyatınıza necə təsir edib?
Yeniyetmə yaşlarında onu dərk etmirdim. Uşaqların xarici aqressiv təsirdən qorunduğu Montessori məktəbində oxuyurdum. Anamın bir moda jurnalında Miss Piggi ilə poz verdiyini gördüyümdə ilk dəfə onun məşhur olduğunu hiss etdim. Anamın Miss Piggi ilə tanış olduğu düşüncəsi mənə inanılmaz fərəh hissi vermişdi – o zaman ilk dəfə onun əhəmiyyətini anlamışdım! Ən çətin dövr mənim üçün orta məktəbdə oxuduğum illər idi. Yeniyetmə idim və sinif yoldaşlarım valideynlərimin şəxsi həyatları haqqında məndən daha çox şey bilirdilər. İndi isə düşünürəm: nə yaxşı ki, valideynlərim aktyor olub! Daha pis ola bilərdi, məsələn siyasətçi ola bilərdilər…
Bu düzdürmü, ananız sizin aktrisa olmağınızı istəmirdi, atanız isə əksinə, sizin seçiminizi dəstəkləyirdi?
Hər bir ana kimi, o mənim üçün narahat olurdu. Çünki onun aktrisalıq yolu çox unikal olub və o, dərk edirdi ki, hər kəsin bəxti onun kimi gətirməyə bilər – o, həmişə məşhur rejissorların filmlərində oynayıb və daima işi olub. Ona elə gəlirdi ki, mən bu sənəti nağıl kimi görürəm. Atam isə hər uğuruma sevinirdi. Axı atam mənim tərbiyəm ilə məşğul olmayıb və ya uzun müddət mənimlə birlikdə yaşamayıb – bütün bu çətin problemlər anamın çiyinlərinə düşüb. Anam universitetə getməyimi və «ciddi» peşə seçməyimi istəyirdi, buna görə də, mən Sorbonna universitetinə daxil oldum və «KİV və kommunikasiya» kimi lazımsız bir ixtisas oxudum, lakin oradan qaçdım. Məktəbdə bir dostum vardı, o, çox erkən yaşlarda filmlərə çəkilməyə başlamışdı və həmişə belə məşhur aktyorların qızı olaraq başqa bir peşəyə - məsələn italyan dili müəllimi olmaq istəyimə təəccüblənirdi. O, bunu heç cürə anlaya bilmirdi: «Filmə çəkilmək mümkündürsə, niyə italyan dili müəllimi olasan». Mən isə inadla bildirirdim ki, italyan dilini bilirəm, buna görə də çox oxumağa gərək qalmayacaq». Tərslikdən bizi italyan klassik ədəbiyyatı oxumağa məcbur etməyə başladılar – bu məni o qədər çaşdırdı ki, bəzən elə gəlirdi ki, öz ana dilimi bilmirəm. Dostum isə inad etməyə davam edirdi: «Əvvəlcə aktrisalığı sına, alınmasa oxumağa hələ vaxtın var». Məhz o, məni inandırdı ki, əgər arzularından imtina etsən, həyat çox darıxdırıcı olar, bu isə depressiyaya çevrilə bilər.
Sizi gerçək ananız Katrin Denevın qızı rolunda görmək mümkündürmü? Onunla həyatda və iş şəraitində ünsiyyətiniz necədir?
İşdə yaxınlığımızı nümayiş etdirməməyə çalışırıq. Orada biz sadəcə aktrisayıq, iş şəraitinə qohumluq əlaqələrimiz heç cürə təsir etmir. Amma həyatda isə olduqca yaxınıq. Birlikdə şam yeməyi yeyirik, filmləri müzakirə edirik… Məni hələ də, əbədi «övlad» obrazım – Katrin Denevin və Marçello Mastroyanninin qızı olmaq utandırır. Etiraf edim ki, bu obrazdan bezmişəm! Nəhayətində mənim 47 yaşım var və mən özüm artıq iki uşaq anasıyam! Arzum odur ki, nə vaxtsa anamın anası rolunu oynayım, məsələn elmi fantastika filmində!
Uşaqlarınıza nə arzu edərdiniz?
Ən banal şeyi – xoşbəxtlik! İstədikləri işlə məşğul olsunlar. Qızım ixtisas seçimində hələ qərar verməyib, oğlum isə ailə ənənəsini davam etdirmək və rejissor olmaq istəyir. Zənnimcə bu pis fikir deyil. Bəlkə məni də öz filmlərinə dəvət edər?..
Müsahibə: Tatyana Rozenştayn Foto: mətbuat materialları
Material altmış ikinci buraxılışda dərc olunmuşdur.