O, Peterburqun anderqraunduna əhəmiyyətli dərəcədə təsir göstərmək, qaçqın düşərgələrində yaşamaq, Parisdəki emalatxanalarda gecələmək, Münhendə, Hamburqda, Berlində, Nitsedə, Parisdə sərgilər keçirmək və öz taleyini ard-arda sənətdə yaşamaq üçün Azərbaycanı tərk etdi. Leninqradda Timur Novikovun "yeni rəssamları" ilə birlikdə işləmişdir. Viktor Tsoyun da daxil olduğu bu yaradıcılıq qrupu Keyc və Rauşenberq kimi məşhur ustalarla gözəl layihələr həyata keçirib. O, avanqard mətnlərlə kollajlar yığır, zibildən instalyasiyalar düzəldir, avtomatik məktublar yazır... Babi Bədəlov 60 illik yubileyi ilə əlaqədar YARAT Müasir İncəsənət Mərkəzində fərdi sərgisini nümayiş etdirmək üçün Bakıya gəlib.
İllər sonra ilk dəfədir ki, Bakıya gəlmisiniz...
Bəli, on iki ildən sonra... Dekabr ayında qısa bir müddətlik məkanı görmək və burada nə edə biləcəyimi anlamaq üçün gəlmişdim.
Nə hiss etdiniz?
Mən şokda idim. Dörd il Bakıda oxumuşam və şəhərə yaxşı bələd idim, amma indi Bakını tanımadım. Sanki başqa bir şəhərə gəlmişdim.
Doğulduğu Lerikdən ayrılmağı xəyal edirdi. 15 yaşında Bakıya gəlir, sonra xaricə gedir, qaçqın statusunu alır, mərəkənin tam mərkəzində məskunlaşır. Sonralar özünü heç bir dildə ifadə edə bilmədiyini söyləyirdi. Söhbətimiz isə bəzən bir cümlə ilə kifayətlənən üç dilin şirin qarışığı ilə keçdi.
Bu, Bakıda ilk sərginizdir?
Deyərdim ki, bu ümumiyyətlə, mənim ilk sərgimdir. İllər əvvəl qrup sərgilərində iştirak etmişəm... 2002 ya da 2004-cü ildə İçərişəhərdə çox uğurlu sərgim olub, amma bu sərgi heç bir mesaj verməyib, indi qaldırdığım mövzular və problemlərin heç biri bu sərgidə olmayıb....
ZARAtustra layihəsinin ideyası necə yarandı?
Mən başa düşürəm ki, ölkəmə bir şey verməliyəm – Fransada öyrəndiklərimi, Fransanın mənə verdiklərini. Oraya yaxşı bir həyat üçün, əylənmək üçün getməmişəm. Axı mən rəssamam – mənim yaradıcı missiyam var.
Siz kapitalizmlə mübarizə aparırsınız?
Sərginin konsepsiyası budur. Bakı ilk ziyarətimdə məni şoka saldı. Tanımadığın bir şəhərə, məsələn, Cakartaya gəldiyində bir otelə yerləşirsən və ilk vaxtlar azarsan deyə, oradan uzaqlaşmağa qorxursan. Odur ki, Bakıya gələndə piyada az gəzirəm... çünki şəhəri tanımıram. Bayılda sadəcə avtobus dayanacağındakı hündürmərtəbəli binanı tanıdım, qalan hər şey kəskin şəkildə dəyişib. Bütün bunlar gözəldir, amma eyni zamanda, kapitalizmin şəhəri işğal etdiyini görürəm: hər yerdə brend mağazalar, bütün binalar modaya uyub, daim nəsə tikilir... Başa düşmürəm ki, bu qədər yeni tikililər nəyə lazımdır, niyə tarix məhv edilir? Mən modernizmi sevirəm, çünki zaman – moderndir, o irəliləyir, amma mədəniyyət çox incə bir şeydir və çox vacibdir. Mədəniyyət bizim əksimizdir, bizim vəzifəmiz onu gələcək nəsillər üçün qorumaqdır. Mədəniyyətimizi itirsək, bu, bütün bəşəriyyət üçün böyük itki olacaq. Fransızlar üçün mən həmişə azərbaycanlıyam, çünki fransız dilini sərbəst bilsəm də, aksent ilə danışıram. Fərqli düşünürəm, özümü başqa cür təqdim edirəm, fərqli görünürəm, hətta çox fərqlənməsəm də, fərqli düşünürəm... Onlar üçün mən fransız mədəniyyətini azərbaycan mədəniyyəti ilə zənginləşdirən adamam. Fransa uzun müddətdir hər şeyin mərkəzi idi, burada impressionizmdən postmodernizmə qədər hər şey var idi, hər kəs ora getmək istəyirdi, o da hamını qəbul edirdi və buna görə orada hər şey qaynayırdı. Bu ölkə mədəniyyətini zənginləşdirən hər bir kəsə minnətdardır. Bəziləri hələ də Azərbaycanın nə olduğunu və harada yerləşdiyini bilmir, məsələn, deyirlər: “Abidcan? Bu Kot d'İvuarın paytaxtıdır?". Mən özüm artıq Fransız tarixində bir səhifəyəm, Parisdə, düz Pompidu Mərkəzinin arxasında öz qalereyam var. Mən orada çox sevilirəm, əsərlərim bir çox fondların, muzeylərin kolleksiyalarında yer alır...
Pol Valerinin dediyi kimi, "Bizim varlığımız – təsadüfi faktların, duyğuların, çağırışların, yersiz sözlərin, natamam ifadələrin nizamsız yığındır". Elə bu xaosdan Babi Bədəlovun poeziyası yaranır.
Parisdə mən Montmartrdan yalnız bir metro stansiyası aralığında yaşayıram və orada çox sayda Seneqallı, Malili, Əlcəzairli var. Hər gün o qədər fərqli milli geyimlər görürəm ki! Onların qadınları heç vaxt başqa cür geyinmirlər. Tünd sarı, tünd yaşıl – onlar öz fərdiliklərini qoruyub saxlayırlar, bu da mənim xoşuma gəlir, bu çox gözəldir. Mən başa düşdüm ki, kapitalizm fenomeninə qarşı durmalıyam. ZARA – onun simalarından biridir. Mən ona qarşı deyiləm, ona "yox" demirəm, amma o həddindən artıq çoxdur. “Zara” – bir növ narkotik olub. Mənim fikrimcə, paltar sadəcə təmiz olmalıdır. Bəzi qadınlar mənimlə razılaşmaya bilər, amma mən feministəm və kişi ilə qadını ayırmıram. Bakıda kapitalizm çoxdur. Neftçilər prospekti – hələ Azərbaycan deyil. Bəli, bu binalarda Azərbaycan mədəniyyətinin bir çox atributları var, mən barokko üslubunu bəyənirəm, bu simasız həndəsi modernizmdən daha gözəldir. Mən qarşı deyiləm, bu tendensiya çox aqressivdir...
“ZARAtustra” adlı instalyasiya – tavandan asılmış köhnə döşəkağı, pəncərə pərdəsindən fraqmentlər, üzərinə sözlər, sətrlər yazılan, rəsmlər təsvir olunan parça kəsikləri – toplam 250 parça kəsikləri istifadə olunub – və qalereya divarlarının tam uzunluğunda əl yazısı ilə yazılan şüarlar və mətnlərdən ibarət qurğudur. Rəssam hiyləgər nüanslar və sosial kalamburlarla dolu üçölçülü postmodern əsər yaratmaq üçün dilin ifadəliliyindən və vizual obrazlardan istifadə edib.
Ölkəmiz VII əsrdə ərəblər tərəfindən işğal edilib, bundan əvvəl bizdə xristian dini, daha əvvəl isə – zərdüştlük mövcud idi. Bu bizim özəlliyimizdir, bizim arxitekturamız, kitablarımız, Suraxanımız, Qız qalamız, od çərşənbəsi kimi ənənəmiz var. Bizi müsəlman etdilər, hökmdarlarımız islamı qəbul etdi və tədricən ibtidai tariximizi itirdik. ZARAtustrada “Zara”nın ziddiyyətində qovuşduk – indiki kapitalizm kimi və bizim keçmişimiz Zaratustra kimi.
Əgər bir ədəbiyyatşünas poetik silsilənin sıxlığını müzakirə edirsə, Babi Bədəlovun vizual poeziyası Böyük Partlayışdan əvvəl baş verən tənhalığın üstün nöqtəsinə yaxındır. Velimir Xlebnikov yazırdı: “Söz yaradıcılığı dil sükutunun, dilin lal-kar təbəqələrinin partlayışıdır.” Babi sənəti – üsulların birləşməsi deyil, dünyaya baxış tərzi, ətraf və daxili reallıqla münasibət tərzidir. O, dilin tükənməz mədəni qaynaqlarından yaranır.
Sərgim üç hissəyə bölünüb. Birincisi – kapitalizm, ticarət mərkəzləri, moda. İkincisini şərqçiliyə həsr etmək qərarına gəldik, bu eyni zamanda ornamentalizmdir: bəzək – naxış... Biz şərq ölkəsiyik, mədəniyyətimizin əsasını ornament, o cümlədən xalça təşkil edir. Fransada mədəni kimliyim bəzəklərimlə tanınır. Bu sərgiyə Edvard Səidin adını daxil etmişəm – onun haqqında, yəqin ki, eşitmisiniz. O, şərqçilik nəzəriyyəsini ilk dəfə təsvir edən fələstinli akademikdir. Edvard Səid onu təsvir edirdi, mən isə bir rəssam olaraq onu vizuallaşdırmaq qərarına gəldim. Yazılanları görəndə sizin üçün hərflərin forması o qədər də əhəmiyyət daşımır, başa düşülən məzmun daha vacibdir, amma mən eyni zamanda həm yazıram, həm də çəkirəm. Bu kalliqrafiyaya (xəttatlığa) yaxındır, amma mən bunu vizual yazı adlandırıram. Mən mətn rəssamıyam. Bir rəsm görürsünüz və onu oxuyursunuz. Bəzi kətanlar ikitərəflidir və tərəflərdən biri mütləq ornamentlidir, çünki “tərs üzdən” mətni oxumaq mümkün deyil. Mən güzgü effektindən istifadə etmişəm. Burada Paris mühacirliyim və iki dildə – kiril və latınca şriftində həyatım əks olunub...
O, imkanlar aləmini dillər vasitəsilə öyrənir, buna görə də əsərləri özü tərəfindən müəyyən olunur və yaradıcısı olmadan onlar ağlasığmazdırlar. Paroles, paroles, paroles... O, hər bir hərfdə və hər bir sözdədir, onların axıcılığı, müvəqqətiliyi insan ölümünə oxşardır. Əvvəlcə Heraklitin Loqosu, hind Atman, həmçinin “mən”, “özüm”, “şəxsiyyətim” mənasını verən sözlər vardı. Babi Bədəlov üçün yaradıcı işarə və məğzi yaradan işarə bir şeydir. O, gözlə görülənin səssizliyini tamamlayır, məna verərək və bununla da həyatı mənimsəyərək öz transsendent layihəsini gerçəkləşdirdi. Onun demiurq əlləri ilə yoxluqdan varlığa keçid olunurdu. Bu, Platonun fikrincə elə yaradıcılıqdır: heç bir söz, bir qafiyə yox idi – indi isə var. Yazılıb, oxunub, mövcuddur.
Bu çox fərdi sərgidir, elə deyilmi?
Mənim işim – bir dialoqdur. Sənəti mifolojiləşdirmək çox vacibdir. Mənim üçün sənət gerçəkdir, o hamıya açıqdır. Nəyi və necə gördüyüm barədə bəhs edirəm... Üçüncü hissədə avtomatizm misteriyasına həsr etmək qərarına gəldik, çünki yaradıcılığımın böyük hissəsi avtomatik yazı üzərində qurulub. Dadaistlərin ХХ əsrdə icad etdikləri avtomatik yazı üzərində.
Söz yaradıcılığı – budur, Babi Bədəlovun sənəti. Sözün öz-özünə yaranması, onun autopoezisi görünən, demək olar ki, fiziki cəhətdən hiss olunan olur. Yəqin ki, dadaistlərin avtomatik yazısı sənətdə autopoezisin ilk şüurlu təcəssümü idi. Bəlkə də, Lui Araqon “məna sizə rəğmən formalaşır: sözlər birləşərək nəticədə bir məna kəsb edir” deyərkən məhz onu poeziyanın “daxili musiqisi” adlandırıb.
Portuqaliyada bir sərgi keçirdim və elektron dadaizm manifesti yaratdım. Bu ayrı mövzudur. Mən bir neçə ildən sonra yeni bir sərgi, avtomatik yazı və elektron poeziyanın mahiyyəti ilə bağlı kiçik bir layihəmlə Bakıya gəlməkdən çox məmnunam. Dadaistlər avtomatik yazını düşüncədən üstün tuturdular, mən də telefonumdan istifadə edirəm. Mənim poeziyam təsadüfi yazılmış sözlərə əsaslanır.
Marsel Düşan rəssamın son ideoloji zalım ideyasını uydurmadan, lakin nəvaziş və qayğı ilə yaradıcılıq prosesini gözlənilməz bir təcəssümə apararaq əsərin daxili dəyərini aşkara çıxarmasına böyük bir məruzə həsr edib. Növbəti addım – izləyicinin mesajın şifrəsini açmasıdır. Postmodernizm üçün təkcə yaradıcılıq prosesi deyil, həm də əsərin yaşadığı yer vacibdir, çünki tamaşaçı qavrayışı yaradılış prosesinin bir hissəsidir. Çoxüzlü müasir sənət adlarla, terminlərlə məhdudlaşmaq istəmir – hər birimiz özümüzdən bir şey görürük, hər birimizə xüsusi bir tərəfini çevirir. Və bu sonsuz sirli proses sənət əsərini ölməz edir.
Intervention adlandırılan bu divar xüsusi olaraq Azərbaycan üçün düşünülmüşdür. Bütün dünya ilə dialoq qurmaq istəyirsinizsə, ingilis dilindən istifadə edirsiniz, ancaq bu divar azərbaycanlılar üçündür, çünki buradakı sözləri vətənindən uzaqda yaşayan insan anlamayacaq. Ürəyimin bu hissəsi Bakı üçündür, Fransada bunu edə bilməzdim. Atam azərbaycanlıdır, anam talış, amma azərbaycan mənim doğma, ilk ana dilimdir. Bu dilin səslənməsini sevirəm. Dilə olan sevgi poetik ilham gətirir. Biri var idi, biri yox idi – ikisi var idi, ikisi yox idi... milli naxış – milli baxış... bunlar hamısı konseptualdır. Qarabağ “qara bax” – bu söz oyunudur. Söz oyunu dilimizin potensialını, melodiyasını, ritmini, gözəlliyini və ritm modulyasiyasını ortaya qoyur. Çox şadam ki, bu layihə burada həyata keçirildi, bu mənim həyatımın sənədidir.
Yaradıcı proses sizi xoşbəxt edir?
Çox! Mən çox asketikəm və tək qalmağı sevirəm, amma sənətdə böyük bir fəalam. Sənət mənim üçün – gücdür, o həm xoşbəxtlik, həm də rahatlıq gətirə bilər. Mən yalnız xoşbəxt olduqda yaradıram.
Siz söz arası növbəti sualıma cavab verdiniz. XX əsrin rus mədəni emiqrasiya nümunəsində bir çox mühacirlərin bildikləri əsas xüsusiyyətlərini qoruduqlarını gördük. Vaxt onlar üçün dayanmışdı. Azərbaycan mədəniyyətindən nəyi ürəyinizdə həkk edib özünüzlə apardığınızı soruşmaq istəyirdim. Sonra siz Qarabağ haqqında danışmağa başladınız və mənə elə gəldi, cavabınızı eşitdim: Özünüzlə azərbaycan poeziyasının musiqisini aparmısınız, çünki mədəniyyətimiz çox musiqilidir...
Bəli, bu belədir.
Döymələriniz barədə danışın. Bunları etmək üçün nə qədər vaxt lazım oldu?
İki il. Bu yeniçərilərdir, onların qılıncını alıb çiçəklərlə əvəz etdim: müharibəyə – yox! Zərdüşt hərfləri, anamın portreti, Urartu, Sufi, Rumi, Dostoyevski... Başım tarixi bir kitab kimidir. Rəssamlıq mənim beynimin sümüyünə qədər nüfuz edib, sənəti sevirəm. Pulum olmur, olanda isə – onlarla nə edəcəyimi bilmirəm.
Özünüzü azad hiss edirsiniz?
Fransada – çox! Burada yox.
Müsahibələrinizin birində demişdiniz ki, nə qədər nizam və qanun varsa, azadlıq o qədər az olur. Sizin üçün vacib olan nədir?
Azadlıq mənim üçün çox vacibdir. Xüsusilə fiziki azadlıq. Bakıya gəlməyimlə bağlı şantajla üzləşdim, təhdid olundum. Təhlükəsizliyimlə bağlı YARAT-a təşəkkür edirəm. Amma mən olduğum kimiyəm. Mən gerçəyəm və xüsusi olaraq kimsə tərəfindən bəyənilməyə çalışmıram.
Müsahibə: Sona Nəsibova
Foto: Pərviz Qasımzadə