İtaliyan aktrisa Anita Kravos komediyalarda nadir hallarda oynayır, lakin sevdiyi Monika Vitti kimi hər kəsi gülməyə məcbur edə bilir. Bakıda qonaq olan Anita bizə Rusiyadakı yaşayışı, oskara layiq "Böyük gözəllik" filmindəki rolu, kökləri və İtalyan kinosunun gələcəyi barədə danışdı.
Anita, siz yalnız müvəffəqiyyətli bir aktrisa deyilsiniz, eyni zamanda bir poliqlotsunuz…
Mən İtaliyanın Korizia şəhərindənəm. Həm sloveniyalı, həm də italyan olaraq böyümüşəm, çünki bizim yerlərdə Azərbaycanda gördüyüm kimi dillərin və mədəniyyətlərin qarışığı adi haldır. Həmçinin Venesiyada universitetdə alman və rus dillərini öyrənmişəm, eyni zamanda Commedia dell'arte məktəbinə getmişəm...
Bildiyim qədər bu ənənəvi İtalyan məktəbidir…
Bəli. Venesiyada həm də sizi arlekin olmağı öyrədə biləcək məktəb də var, Avaqoriada olduğum kimi…
Rusiya Teatr Sənəti Universitetinə (RTSU) necə daxil oldunuz?
Avoqariya məktəbini bitirdikdən sonra École des Maîtres adlı beynəlxalq Avropa məktəbi var idi. Bu, bütün Avropadan gələn ən yaxşı tələbələr üçün olan layihə idi və həmin il bu layihədə Rusiyadan üç tələbə, RTSU-da dərs deyən professor Vasiliy İvanoviç Skorikin köməkçiləri iştirak edirdilər. Onlardan ikisi Taqanka Teatrında oynayarkən mənə diqqət yetirməyi tövsiyə etdi – bu da mənim üçün bir növ yoxlama oldu. Skorik məni qəbul etməyə razılaşdı, mən də buraxılış işimi rus dilində yazmağa qərar verdim. Bu, çeçen terrorçularının Dubrovkada teatrı girov götürdükləri vaxt idi. Anam mənə görə narahatlıqdan dəli olmuşdu, amma mən həqiqətən unikal bir şey üzərində çalışırdım və bu məktəbə getməyimi ilahi bir hədiyyə olduğunu hiss edirdim.
İtaliyadan olduqca fərqli bir ölkədə yaşamaq necə hiss idi?
Bilirsiniz, o zamanlar Moskvada aktrisalar ayda 42 dollar alırdılar. Belə əmək haqqı ilə yaşamaq olduqca çətin idi və mən ətrafımdakı tələbələr kimi kartof, südlü sıyıq və qaynar su ilə keçinirdim. Xəstə olduğumda həkimlər mənə avropalı olduğum üçün krandan gələn qaynar suyun zərərli olduğunu bildirdilər. Lakin butulka suyu o zamanlar 1 dollar idi və onu almaq mənim üçün imkansız idi. Həyat tamamilə dözülməz idi... Və mən İtaliyaya qayıtmaq qərarına gəldim.
İtaliyaya qayıtdıqda nə ilə məşğul olmaq qərarına gəldiniz?
Mən teatr aktrisası olmaq istəyirdim. Romanı seçdim, orada isə RTSU-nun nə olduğunu bilmirdilər. Ona görə də Campo dei Fiori meydanında dondurma satıcısı kimi işləmək məcburiyyətində qaldım... Bir italyan rejissora aktyor seçimində köməkçilik edən iş yoldaşım məndən Rusiyadan və Sloveniyadan gələn uşaqları yoxlamaqda ona yardım etməyimi xahiş etdi. O vaxt mən kiçik ukraynalı qız rolunu aldım və yoxlamalarda Slavyan ölkələrindən olan qadınları təmsil etməyə başladım. Bir dəfə internetdə bir elana cavab verdim - rejissor Marina Spada ukraynalı qız rolu üçün ifaçı axtarır... Nəticədə o mənə "Sanki kölgə kimi" filmində İtalyan qadını baş rolunu verdi.
Bu film nədən bəhs edir?
Bu film Anna Axmatovanın sətrlərindən ilhamlanıb:
Как хочет тень от тела отделиться,
Как хочет плоть с душою разлучиться,
Так я хочу теперь – забытой быть.
Mənim qəhrəmanım Milanda yaşayan otuz yaşlı qadındır. O, rus dili kursuna gedir və rus dili müəllimi ilə qarşılaşır. 2006 Venesiya Film Festivalında müəllif kinosu müsabiqəsində təqdim edildi. Beləliklə həyatımız dəyişdi: oskar almış filmdə kiçik rol aldım, Marina Spadanın filmi Roma Film Festivalında təqdim edildi, filmin prodüseri isə İtaliyada bir çox yaxşı filmlər buraxdı və hazırda o çox əhəmiyyətli bir insandır...
Sizcə Rus və İtalyan kinematoqrafiya məktəbləri arasında nə kimi fərq var?
Deyə bilərəm ki, italyanlarda oyunun onda doqquzu "suyun üzərində", onda biri "suyun altında" olur, ruslarda isə əksinə. RTSU-da təhsil aldığım illərdə baş verənləri, rolun strukturunu, hər şeyin dərk edilmiş süjetə dönüşdüyünü analiz etmək, daha sonra isə bunu səhnədə təsvir etmə yolunu tapmaq vacib idi. Beləliklə digər italyan aktyorlarından tamamilə fərqli olaraq aktyorluq oyununa yanaşmam bu cür formalaşdı. Mənə çətin bir rolu gücləndirmək üçün müraciət edirlər, məsələn, "Başını qaldır" filmində transseksual rolu kimi. Sercio Kastellitonun ifa etdiyi bu hekayə oğlunu boksçu etmək istəyən bir kişi haqqındadır. Lakin uşaq ölür və onun ürəyini başqa bir kişiyə nəql edirlər. Və bu kişi də artıq yoxdur: mənim ifa etdiyim qadına dönüb. Rejissor Alessandro Andjelini o vaxt məni bir çox bu əməliyyatı keçirən insanlarla tanış etdi. Bu mənim üçün asan iş deyildi...
Sizin "Böyük gözəllik" filmindəki rolunuz da çox çətin rol idi...
Mən baş rolu ifa edən kişi aktyoruna uyğunlaşmağa çalışırdım. Onun filmdə çox az mətni vardı, adətən kadr arxasında danışırdı. Onun uzun dialoqu terrasda bir xanımla və mənim ifa etdiyim müasir rəssamla idi. Baş qəhrəman Cep Qambardella məni sənət haqqında sorğu-sual edir: bu nə üçündür, gözəllik nədir və niyə bizim ona ehtiyacımız var... Mənim öz nöqteyi-nəzərim var, onun isə özünün... Biz demək olar ki, mənasız şeylər haqqında danışırıq, amma filmin məğzi də elə bundadır.
Filmdəki rolunuz isə hər saatda beş dəqiqə çəkirdi...
Bəli, amma bu çəkiliş tam bir günümü aldı: beş saat başımı divara vurmaq və dörd saat dialoq. Bu çətin idi, çünki məlumatlar bazasında mənim boyumla bağlı yanlış bilgi verilmişdi və yastığı çox yüksəkdən quraşdırmışdılar. Mən başımı yastığa vurmaq üçün yuxarıya tullanmaq məcburiyyətində qalırdım və bu çox gülməli alınırdı: mənim rəssamımın kiçik performansı bir qədər axmaq (qəribə) kimi görünürdü, hərçənd elə də olmalı idi.
Özünüzü bu rolda necə hiss edirdiniz? Və sənətə qarşı münasibətiniz necədir?
Aktrisa olmaq rəssam olmaq üçün olduqca spesifik yoldur: sən həmişə sənətinin necə yarandığını görürsən. Əgər müqayisə etsək, rəssamın əsərini bitdikdən sonra görmək olur. Aktyor işi isə "prosess" zamanı ortaya çıxır… Odur ki, biz – mən və mənim qəhrəmanım – ikimiz də rəssamıq, fərq ondadır ki, o tənhadır, hisslərini göstərməyi sevmir, təkəbbürlüdür, onun öz ideyaları var… Mən isə həmişə kolleqalarımın və tənqidçilərin fikirlərini yüksək qiymətləndirirəm. Əslində mən anlaşılmayan rolları ifa edən aktyorları bəyənirəm.
Fellininin "Şirin həyat" filmində olduğu kimi, Sorrentino da "Böyük gözəllik" filmində asiyalı turist kimi uğrunda ölünəcək Romanın əbədi gözəlliyi fonunda müasir incəsənəti, italyan kübar cəmiyyəti ələ salır. Bu haqda nə düşünürsünüz? Əslində bu Avropanın gün batımının işıltısıdırmı?
Film bitmiş böyük epoxadan bəhs edir. Siyasətçilər deyir ki, biz sənət və mədəniyyətin hesabına dolana bilmərik və buna pul da ayırmırlar. Düzdür, bu daha çox İtaliyaya aiddir, nəinki bütün Avropaya. Hesab edirəm ki, amerika kino akademikləri məhz buna görə filmlə bu qədər maraqlanıblar: çünki o bizim, gözəlliyə olan münasibətimiz haqqındadır. Onlar sanki bizə deyirlər: "Uşaqlar, sizin Romanız, Neapolunuz, Florensiyanız, Venesiyanız var. Başınızı dik tutun!"
Filmi çox vaxt dahi Fellinin "Şirin həyat" və "Səkkiz yarım" filmləri ilə müqayisə edirlər. Fellinin hansı rolunu oynayardınız?
Anita Ekberq: "Marçello, gəl bura!" Bilirsiniz, Anita Ekberq olduqca hündürboy, yekəpər, böyük sinəli qadın idi, onu "Anitona" – "böyük Anita" adlandırırdılar – ona görə indi məni belə çağırırlar. Onunla müəyyən əlaqəm olduğunu hiss edirəm, baxmayaraq ki, biz çox fərqliyik...
Bəs hansı personaj sizə yaxındır?
Bilirsiniz, mən Antonioninin filmində Monika Vittinin rolunu ifa edərdim. Həmişə ona heyranlıq duymuşam, axı o eyni zamanda həm komik, həm də faciəvi rolları ifa edə bilir. Alberto Sordi ilə dəniz sahilində bir-birini kötəklədikləri səhnəni xatırlayırsınız? Bu çox gülməlidir! Faciə anında isə səni gülməyə məcbur edir. Onu çox sevirəm, çünki onunla faciə zamanı həmişə gülümsəyə bilirsən, komediyada isə onun bütün dediklərini ciddiyə alırsan.
Adətən hansı filmlərdə oynayırsınız: komediya yoxsa dram?
Adətən dramatik rollar ifa edirəm, axı mən Marina Spadanın "Sanki kölgə kimi" filmi ilə başlamışam. Amma mən həmçinin Aleksey Quskovla birlikdə Matteo Pelleqrinin "İtalyan filmləri" kinokomediyasında da oynamışam: yeddi nəfər baş qəhrəman kinostudiyada təmizlik işləri görürük, sonra öz filmlərimizi çəkirik, daha sonra isə öz biznesimizi qururuq… Ümumiyyətlə, komediyaları sevirəm.
Son olaraq: italyan kinosunun gələcəyi haqqında nə düşünürsünüz?
Biz artıq gələcəyə baxmırıq, gələcək bizim üçün artıq başlayıb! Biz Kinoakademiya mükafatı almışıq, biz dünyanın ən yaxşılarıyıq! Biz bunu uzun illərin nəticəsi olaraq görürük və bu italyan kinosu üçün böyük andır!
Интервью: Лейла Иманова / Фото: Руслан Набиев