ZEYQƏM ƏZİZOVUN “MİQRASOFİYA”SI

FƏLSƏFƏ, SOSİOLOGİYA, KULTUROLOGİYA, MÜASİR İNCƏSƏNƏT NƏZƏRİYYƏSİ SAHƏLƏRİNDƏ GENİŞ BİLİYƏ MALİK BİR İNTELLEKTUAL. BÖYÜK BRİTANİYANIN ƏN HÖRMƏTLİ MÜASİR RƏSSAMLARINDAN BİRİ. SƏMİMİ, CANLI, ÖYRƏNMƏYƏ HƏVƏSLİ VƏ BALACA OĞLAN KİMİ SPONTAN...

HƏMYERLİMİZ ZEYQƏM ƏZİZOV AZƏRBAYCANIN ƏYALƏTİNDƏ ANADAN OLMUŞ VƏ KARYERASINI DÜNYA MƏDƏNİYYƏTİ VƏ SİVİLİZASİYASININ ƏN NÜFUZLU MƏRKƏZLƏRİNDƏN BİRİNDƏ QURMUŞDUR.

Zeyqəm, digər Azərbaycanlı rəssamlarla müqayisədə sənin olduqca qeyri-adi yaradıcı bioqrafiyan var – o öz-özlüyündə artıq özünəməxsus bir sənət əsəridir. Qət etdiyin bu yol haqqında qısaca danışa bilərsən?

Mən Salyan şəhəri yaxınlığında yerləşən kiçik bir Azərbaycan kəndində, filoloq-şərqşünas ailəsində anadan olmuşam. Tez-tez atamla Bakıya gəlirdim. Uşaqlıqdan rəsm çəkirdim, ssenarilər, pyeslər yazırdım, bəzən onları çap elətdirirdim, məktəbin divar qəzetinin tərtibatçısıydım. Kinonu çox sevirdim, həmçinin Azərbaycan filmlərini. Mənim "Sehrli xalat" filmi çox xoşuma gəlirdi... Amma mənim indiyənədək ən sevdiyim məşğuliyyət oxumaq olaraq qalır. Uşaq vaxtı atam mənə fəlsəfə haqqında danışardı və mən onunla erkən maraqlanmağa başladım. Sonra məktəbi bitirdim, orduda xidmət etdim, əsgərlikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə köçdüm və orada on il yaşadım, daha sonra isə İngiltərəyə, hal-hazırda yaşadığım Londona köçdüm. Orada məşhur Goldsmiths kollecində oxudum, sonra Stafford Universitetində fəlsəfə üzrə təhsil aldım. 90-cı illərin ortalarında Fransada, Grenoble şəhərində müasir sənət üzrə magistr, sonra Almaniyada, həmçinin Avstriyada fəlsəfə üzrə doktorluq təhsilini aldım. 90-cı illərin ortalarından etibarən bu zamana qədər vaxtımın çoxunu keçirdiyim ölkədə - Avstriyada sənət kontekstində müasir fəlsəfə üzrə dərs verirəm... Bundan əlavə, sərgilər və mühazirələr ilə bütün dünyaya səyahət etməli oluram. Çox səyahət edirəm, amma uçmağı dəhşətli dərəcədə sevmirəm - qatarla səyahət etməyi xoşlayıram, xüsusilə yaxşı bir kitabla. Həmin o "sehrli xalata" bənzər zaman maşınını xəyal edirəm.

Azərbaycandan, daha sonra SSRİ-dən sürətlə gedişinin səbəbi nə idi? Sanki gizli bir daxili təkan səni "xarici aləmlərə", bu yerlərdən uzaqlara itələdi...

Birincisi, mən Azərbaycandan Leninqrada getdikdə, bura bir ölkə idi - Sovet İttifaqı! Mən həmişə Leninqradda baş verən hadisələrlə həyəcanla maraqlanırdım. Mənim üçün Yuri Lotmanın mühazirəsində iştirak etmək unudulmaz hadisə idi (bu hələ də belədir) və Sergey Kuryoxin kimi insanlarla yaxın ünsiyyət isə həyatımda çox şeyi dəyişdi. Sonra İttifaq dağıldı, dünya "qloballaşdı" və mən də təhsilimi davam etdirmək üçün başqa bir postkolonial imperiyanın paytaxtı - Londona yollandım. Amma mən oğlum Filippin böyüdüyü Peterburqda daha çox vaxt keçirmək istərdim; həmçinin Nyu-Yorkda işləməyə də dəvət almışam. Baxarıq...

Yəni sənin Qərbə gedişinin dissidentliklə heç bir əlaqəsi yoxdur?

Qətiyyən! Mən guya kimsə incitdiyi üçün köçənlərə inanmıram. Əminəm ki, bütün cəmiyyətlərdə xoşbəxtlik payı olduğu kimi aqressiya payı da mövcuddur. Platonun həb təsirini xatırlayırsan: zəhərli, amma həm də faydalı. Əlbəttə ki, qaçqın problemi də var, amma bu başqa məsələdir! Bu zəmanəmizin faciəsidir. Və mən insanların gözünü sadə həqiqətə açmaq üçün əlimdən gələni edirəm: irqçilik - pisdir, ksenofobiya isə - vəhşilikdir.

hard_spell_installation_at_kunstraum_lakeside_2007_copy

Deməli, İngiltərədə ksenofobiya ilə qarşılaşdın?! Belə alınır ki, Qərbin elan etdiyi multikulturalizm - sadəcə riyakarlıqdır?

Tamamilə doğrudur! Məhz Qərbdə irqçiliyin nə olduğunu hiss etdim və anladım: bu, bir insanın özünü başqa birindən daha yüksək tutmasıdır. Orada isə elə tam olaraq bu müşahidə olunur - "ağ adamın" təkəbbürü; incə təkəbbürü, amma bu daha da qorxuncdur. Avropalılar qeyri-avropalıların zehniyyətini daha dərindən anlamaları üçün ağıllarını və ürəklərini açmalıdırlar, əks halda irqçilik və etnik vəziyyət daha da pisləşəcək...

Mən tez-tez düşünürəm: budur, bəşəriyyət İkar və Dedal dövründən bəri arzularını gerçəkləşdirməyə çox yaxındır, burada isə bürokratiya tikanlı tel ilə sərhədlər çəkməklə hədələyir. Doğrudanmı, müasir insanın taleyinin evsizlik olduğuna dair xəbərdarlıq edən Heidegger haqlı idi?!

Amma dünyanın bədii həyatını müşahidə edərək bir çox mühacir-rəssamların bəxtinin gətirdiyinə dair təəssürat yaranır - onlar karyera qura bilirlər...

Bütün məsələ bundadır ki, müasir sənətdə olan mainstream qeyri-qərb rəssamları ilə ekzotik heyvanlar kimi maraqlanır və onları gəlmə əhali kimi irəli çəkirlər. Və bir çox mühacir-rəssamlar bundan məharətlə istifadə edir. Qeyri-qərb rəssamı bildirəndə ki: "Mən ornament rəssamıyam" və ya "Milli ənənələri davam etdirirəm", o zaman bütün qalereya sahibləri - müasir ideologiyanın qapılarında dayanan qapıçılar belə bir rəssamın arxasınca qaçırlar. Və bu həmin o haldır ki, Fransız filosofu Althusserin sözlərinə görə "subyektlər özləri məmnuniyyətlə siyasətçilərin əvəzinə iş görürlər".

Beləliklə, sənin “Miqrasofiya” layihənə gəlib çatdıq.

Bu barədə danış.

“Miqrasofiya”, yəni "miqrasiya üstəgəl fəlsəfə" - mənim uzunmüddətli fənnlərarası layihələrimdən biridir. O sənət deyilən məfhumun iki anlayışını birləşdirir: birincisi - sənət araşdırma kimi. Mənim vəziyyətimdə isə - sənət təcrübəsi fəlsəfə kimi; və ikincisi, dəyişən qlobal dünya və insanların hərəkəti ilə münasibətdə sənət predmetinin özü, miqrasiya yaradıcı düşüncəyə impuls kimi. Dünyanın bəzi bilikləri hərəkət etmək üçün imkanlar yaradır, hərçənd bu bilik fəlsəfi olmaya bilər; buna baxmayaraq, həmin bu yeni biliklər doğuran yeni təcrübəyə gətirib çıxarır. Layihənin özü filmlərdən, fotolardan, rəsmlərdən, obyektlərdən, həmçinin iki və ya üç kombinasiyadan yaranan (məsələn "miqrasofiya" termini kimi) söz birləşməsi əsasında mətn işindən ya da mətbəə xətası və səhvlərin transformasiyasından (bu məsələdə layihə əhəmiyyətin və mənanın itdiyi və ya təhrifi anında baş verən transformasiyaya həsr olunub) ibarətdir.

migrasophic_transformnation_with_stuart_hall__utopia_station_venice_biennale_2003_copy

Zeyqəm, sən həmişə müxtəlif vasitələrdən istifadə edərək, fənnlərarası yaradıcılıq formasına üstünlük vermisən. Ancaq son zamanlarda "hərəkətli təsvirlərə" müraciət etməyə başlamısan. Kino sənin üçün nədir?

Film çəkmək barədə həmişə düşünmüşəm. Qısaca desək: fənnlərarası sənət elə kino deməkdir. Axı o səs, görüntü və sözdən ibarərdir - hamısı birlikdə. Və qalereyalarda nümayişi məhdudlaşmır: filmlərin göstərilməsi üçün bir çox yerlər var. Hesab edirəm ki, kino ideal sənətdir, baxmayaraq ki, çox mürəkkəbdir!

Maraqlı bir tendensiya yaranıb: müasir rəssamlar kino sahəsinə keçirlər və tam metrajlı filmlər çəkirlər. Məsələn: Steve McQueen, Shirin Neshat, Julian Schnabel və başqaları. Gücünü böyük kinoda sınamaq istəmirsən?

Bəli, mütləq. Amma sadaladığın bütün o gözəl rəssamlardan fərqli olaraq mən həm də kinoya müasir incəsənət təcrübəsindən bir şey qatmaq istərdim.

Məsələn?

Bu yaradıcı sirdir! Zarafat bir yana, məsələn Harun Farocki və ya Chris Markerin təcrübələrini asanlıqla film sənayesinə keçirmək olar. Bunlar yalnız nümunələrdir, amma mən böyük filmimi çəkəndə, hər şey orada bəlli olacaq ...

i

Bu mövzu ilə bağlı sonuncu sual: ssenarin artıq var? Ya da üzərində işlədiyin ssenari ideyan?

Bəli, var! İdeyam var və mən onun üzərində işləyirəm.

Bu yolda uğurlar arzulayıram! Zeyqəm, son olaraq səndən bir şey soruşmaq istəyirəm... Uzun müddət Azərbaycan mədəniyyətindən kənarda çox uğurla çalışmısan, ancaq son bir neçə ildə nəhayət səni kəşf etdilər və yerli art-layihələrinə dəvət etməyə başladılar:  2011-ci ilin Venesiya Biennalesində milli pavilyonun iştirakçısı oldun, sənin filmin YARAT! Mərkəzində nümayiş olunur və s. Müasir Azərbaycan mədəniyyətinə aid olmaq sənin üçün nə qədər vacibdir?

Təşəkkür edirəm, Teymur! Mən bu suala uzun-uzadı cavab verə bilərdim, amma hələ ki, qısaca olaraq deyim: bu mənim üçün çox şey deməkdir və müasir incəsənətin Azərbaycanda daha geniş yayılmasını arzulayıram. Mən Azərbaycandan getdiyim zaman belə bir şey yox idi, Rusiyada da heç bir müasir incəsənət yox idi. Günümüzdə hər şey dəyişib və dəyişməyə davam edir, mən isə inanıram ki, istənilən iş dəyişikliyə aparır. Rəssam və intellektual üçün bu radikal ictimai-mədəni dəyişikliklərin bir hissəsi olmaq çox vacibdir. Buna görə də, Azərbaycanın bədii həyatında iştirakımın səbəbi şəxsi maraq və kultroloji amildən başqa - bu gün ölkəmizin mədəniyyət sahəsində baş verən transformasiya prosesləri ilə əlaqəli olmaq istəyimdən irəli gəlir.

 

MÜSAHİBƏ TEYMUR DAİMİ FOTO ARXİV MATERİALLARI